26 noyabr 2010 - 20:30

Azərbaycanın Kanadadakı səfiri Ontario Mütərəqqi Müsəlmanlar təşkilatı tərəfindən təşkil edilmiş tədbirdə çıxış edib. O, Qərb ölkələrində islamafobiyanın formalaşmasından təəssüf edib. Azərbaycanda isə Misir Mərdanov və bu tipli Azərbaycan rəsmiləri tərəfindən islamafobiya günü gündən formalaşmaqdadır!

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 2010-cu ilin 26 noyabr tarixində Kanadanın Toronto şəhərində Ontario Mütərəqqi Müsəlmanlar təşkilatı tərəfindən Ontario parlamentində ziyafət keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev əsas çıxışçı qismində nitq söyləyib.

Çıxış zamanı İslam və Qərb dünyası ilə əlaqələrə toxunan səfir F.Şəfiyev bir sıra Qərb ölkələrində islamafobiyanın formalaşmasını təəssüflə qeyd edib. Azərbaycanın dünyəvi dövlət və əhalisinin 90%-dən çoxunun müsəlman olduğunu söyləyən səfir F.Şəfiyev Azərbaycanda bir neçə sinaqoq və kilsənin fəaliyyət göstərdiyini və bunun ictimaiyyət tərəfindən normal qarşılandığını bildirib. Səfir F.Şəfiyev təcavüzə məruz qalmasına və işğal olunmuş ərazilərdə məscidlərin dağıdılmasına baxmayaraq, Azərbaycanda xristian və digər dinlərə qarşı tolerant münasibətin olduğunu qeyd edib.

Eyni zamanda, səfir F.Şəfiyev Torontonun yerli radiosu “John Tory Show” proqramına müsahibə verib. Müsahibə zamanı səfir F.Şəfiyev ölkəmizdə dini tolerantlıqla bağlı dinləyicilərə ətraflı məlumat verib.

Qeyd edək ki, Azərbaycan rəsmilərinin xaricdə belə siyasət yürütmələri daxildə isə Hicaba qadağa qoyub Məscidləri sökmələri paradoksun aşkar nümunəsidir!

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır