Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün NATO Lissabon zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları Şimali Atlantika Şurasının işində iştirak ediblər. İclasın yekunlarına dair Lissabon Sammiti Bəyanatı qəbul edilib.
Bəyanatın 35-ci maddəsində Alyans Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini tanıdığını bir daha təsdiq edib.
Bəyanatda Avro-atlantik Alyans Cənubi Qafqaz və Moldovadakı uzun müddət davam edən regional münaqişələrin hələ də davam etməsindən olduqca narahat olduğunu bildirir və bütün tərəfləri bu məsələlərdə konstruktivlik və siyasi iradə nümayiş etdirərək, bu münaqişələri sülh yolu ilə həll etməyə və hal hazırda gedən danışıqlara hörmətlə yanaşmağa və bütün tərəflərdən regional stabilliyi və təhlükəsizliyi poza biləcək addımlardan çəkinməyə çağırır. Sənəddə eyni zamanda, Alyans Gürcüstan, Azərbaycan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərini bir daha tanıdığını vurğulayaraq, hər bir münaqişənin prinsipini nəzərə almaqla, bu regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyəcəyini bəyan edir.
Xatırladaq ki, NATO-nun 1994, 2006, 2008 və 2009-cu illərdəki zirvə toplantılarında da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunmuşdu. Təşkilatın sonuncu Strasburq-Kehl sammitindən sonra NATO ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin verilməməsi üçün Ermənistan ciddi diplomatik səylər göstərib və bu ilin may ayında Ermənistanın prezidenti Serj Sarkisyan bu məqsədlə Brüsselə - NATO-nun qərargahına səfər etmişdi. O, təşkilatın baş katibi Anders Foq Rasmussenlə birgə keçirdiyi mətbuat konfransında açıq şəkildə NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməməsini istəmişdi. Bundan əlavə, S. Sarkisyan Azərbaycan tərəfindən mümkün hərbi əməliyyatların başlayacağı təqdirdə, NATO-nu hərbi müdaxilə etməyə çağırmışdı. Lakin Ermənistanın bu istiqamətdə uzun müddət davam edən səylərinə baxmayaraq, NATO ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bu gün bir daha bəyan edib.
Alyans ölkələri bu dəstəyi hələ 1994-cü ildə ifadə etmiş, həmin il qəbul olunan Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinin prinsiplərinə uyğun olaraq, fəal tərəfdaşlardan hesab olunan Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə dəstək vermişdilər.
Ermənistan prezidentinin Lissabon zirvə toplantısında iştirakdan imtina etməsi üzv ölkələr tərəfindən çox mənfi qarşılanıb.
Qeyd edək ki, NATO Azərbaycanın ərazi bütövlüyünü tanıdı lakin görəsən bunun Azərbaycanın əldən verdiyi torpaqları geri qaytarmasında nəkimi rolu olacaq. Görəsən NATO Azərbaycana dəstək olaraq Ermənistana bsqın edib Azərbaycan torpaqlarını erməni işğalçılarından alıb azərbaycanlılara verəcəkmi? Yoxsa Ermənistanla səmimi əlaqələrinə son qoyacaqmı? Bəlkə Ermənistana siyasi və iqtisadi embarqolar tətbiq edəcək? Və.s
Bu kimi işlər təkcə düşmən Ermənistan dövlətinin xeyrinə çalışmaqdan başqa bir şey deyil. Belə bəyanatlar heç bir dərdə dəymir. Əksinə birazda düşmənlərin Azərbaycanın işğal altındakı torpağında rahatca yaşamaların təmin edir. Necəki işğalçı sionistlərin işğal etdikləri Fələstin torpaqlarında rahat yaşadıqları kimi. 60 ildən çoxdur ki, sionistlər Fələstini işğal ediblər bu illər ərzində dəfələrlə BMT-də və sair təşkilatlarda İsrail işğalçı kimi tanınıb və münaqişənin sülh yolu ilə həllini tələb ediblər amma yenədə köhnə hamam köhnə tas İsrail öz istədiyini edir və günü gündən də ərazisini Fələstinin yeni torpaqlarını işğal etməklə artırır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır