17 noyabr 2010 - 20:30

Tarixi əsər qaçaqmalçılığında təqsirləndirilən Britaniya şirkətinin Azərbaycandakı təmsilçisinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Prosesdə məhkəmə baxışı noyabrın 22-nə təyin olunub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Bakı Apellyasiya Məhkəməsində tarixi əsər qaçaqmalçılığında təqsirləndirilən Böyük Britaniya şirkətinin Azərbaycandakı təmsilçisi Xait Mixail Borisoviçin apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib. Prosesdə məhkəmə baxışı noyabrın 22-nə təyin olunub.

Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Xait Bakıdan Moskvaya getmək istəyərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman onun üzərindən qiymətli tarixi əşyalar və suvenirlər aşkar olunaraq götürülüb. İstintaq zamanı müəyyən olunub ki, M.Xait Böyük Britaniyanın “Electrik Shipping Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “Elektrik Shipping Azərbaycan” MMC-nin təmsilçisidir. O, strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycanın sərhədindən gömrük nəzarətindən gizli keçirilməsində və qaçaqmalçılıqda ittiham olunur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır