Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün həbsdə olan 5 dindarın apelyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib. Azərbaycan Respublikasının cinayət məcəlləsinin 221.3 və 315.2 maddələri ilə qanunsuz həbs edildiyini iddia edən 5 dindar, Yasamal rayon Məhkəməsinin çıxardığı hökümdən apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi onların şikayətini təmin etməyib. Qeyd edək ki, Sahibxan Mirzəyevin sədrliyi ilə keçən proses, bir çox qəribəlik və qanunsuzluqlarla yadda qalıb. Məhkəmə zamanı prosesdə dövlət ittihamçısı olan Səlim Süleymanovun təqaüdə çıxması bildirilib və onun əvəzinə yeni dövlət ittihamçısının təyin edildiyi açıqlanıb. Çingiz adlı yeni dövlət ittihamçısı isə proseslə 3 gündür tanış olmasına baxmayaraq tələm-tələsik çıxış edərək, Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Seynur Hüseynov və Ağaəli Yəhyayevin həbsdə qalmasını istəyib. Bundan sonra hakim Sahibxan Mirzəyev 10 dəqiqəlik müşavirə otağına gedib və qayıdandan sonra Yasamal rayon Məhkəməsinin verdiyi qərarın qüvvədə saxlanıldığını elan edib.
Hakimin çıxışından sonra məhkəməyə etiraz edən həbs olunanların vəkilləri Məzahir Şahmarov, Fəxrəddin Mehdiyev və Ülvi İsmayılov Apelyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasını əsassız adlandırıb. "Bu, tamamilə qanunsuz qərardır və əgər belə idisə onda niyə Apelyasiya məhkəsi keçirildi"-deyə vəkillərdən biri söyləyib.
Məlumat üçün bildirək ki, bu il avqust ayının 3-də Yasamal Rayon Məhkəməsində Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə, Elçin Abbasov və Seynur Hüseynov 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədov 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədov fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşərək həbs olunublar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır