Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən Faktxeber.com-a daxil olan məlumatda bildirilir:
"Son dövrlərdə ölkəmizdə nəşr olunan bir sıra mətbu orqanlarda dinimizə qarşı təhqiramiz yazılar dərc olunur. Əhalisinin 95 faizindən çoxunun İslam dininə etiqad etdiyi bir cəmiyyətdə bu kimi yolverilməz addımların nəyə ölçüldüyünü yəqin ki, Sizlər də yaxşı bilirsiniz. İslam düşmənlərinin dünyanın bir sıra yerlərində törətdikləri fitnə-fasadlar- Quranın yandırılması, əziz Peyğəmbərimizin təhqir olunması, digər İslam atributlarına və müqəddəslərinə qarşı cəsarətlərə yol verilməsi halları ilə təəssüflər olsun ki, rəhbərlik etdiyiniz qurumun tabeliyindəki bəzi qəzetlərdə də cəmiyyətimiz qarşılaşır.
“Alma” qəzetinin 24 oktyabr 2010-cu il tarixli nömrəsində Tural Qurbanlı və Fəxrəddin Hacıbəyli adlarında müəlliflərin dərc etdikləri yazılarda əziz İslam peyğəmbəri Həzrət Məhəmməd(s) və Həzrət Əli(ə) haqqında məsuliyyətsiz fikirlər, təhqirlər cəmiyyətdə ciddi narahatçılıqlar yaratmışdır. Qəzetdəki çıxışlar bütövlükdə İslam dininin təhqirinə yönəlmiş, İslam dünyasının, bütün dünya müsəlmanlarının inancı aşağılanmışddır.
Müqəddəs dinimizə qarşı bu həqarətlərin bir sıra mətbu orqanlarına yol tapması xarici qüvvələrin-Azərbaycan xalqının düşmənlərinin fitnəsindən irəli gəlməsinə şübhə yoxdur. Belə nəşrlər İslamın düşmənlərinin əlində müsəlmanlara, onların inancına qarşı süni alətə çevrilmişdir.
Nəzərinizə çatdırırıq ki, bizə daxil olan çoxsaylı müraciətlərdən də görünür qəzetlərdə dinimizin təhqir olunması insanları ciddi hiddətləndirmişdir və onlar sərt və qanunauyuun tədbirlər görmək üçün rəsmi orqanlar qarşısında məsələ qaldırmağı tələb edirlər. Sössüz ki, belə yazarlar istər Mətbuat haqqında, istərsə də Dini Etiqad Azadlığı haqqında qanunun kobudcasına pozulmasına yol verir, eyni zamanda inanclı insanların heysiyyatına toxunmaqla onların Konstitusion hüquqlarını pozurlar.
Belə insanların cəzasız qalması və “Alma” kimi nəşrlərin davamlı fəaliyyəti düşünürük ki, cəmiyyətimizdə gələcəkdə daha böyük fitnə-fasadlara yol aça bilər, insanları müxtəlif təxribatlara və qarşıdurmalara təhrik edə bilər. Azərbaycan İslam Partiyası belə nəşrlərin cəmiyyət üçün pozuculuq və təxribat mənbəyi rolunu daşıdığına görə nəşrinin dayandırılmasını məqsədəuyğun hesab edərək bəyan edir: Milli-mənəvi dəyərlərimizi aşındıran, səhifələrində müqəddəs dinimizə və əziz Peyğəmbərimizə qarşı təhqiamiz çıxışlar dərc edən və bununla da ölkəmizi müsəlman dünyasında ləkələyən hər hansı nəşrin fəaliyyəti dərhal müzakirə olunaraq dayandırılmalı, tərəfinizdən belə yazı müəlliflərinin hüquq-mühafizə orqanları qarşısında cavabdehliyi tələb olunmalıdır."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır