Əhl Beyt -ABNA– xəbər agentliyi xəbər verir: Azərbaycan İslam Partİyasının sədri Mövsüm Səmədov Türkiyədə səfərdə olub. Partiyanın mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, səfər beş gün davam edib. Səfərdə ilk görüş İstanbulda 1978-ci ildən fəaliyyət göstərən “Zeynəbiyyə” məscidinin icması və “Zeynəbiyyə İnanc və Mədəniyyət Mərkəzi”nin üzvləri ilə keçirilib.

AİP sədri həmçinin tanınmış İslam alimi Hacı Abdullah Turan və Səlahəddin Özgündüzlə, “Əhlül Beyt” dərnəyinin rəhbərliyi və “Kövsər” icmasının rəhbərləri Kadir Akaras və Musa Günəşlə işgüzar müzakirələr aparıb.

Mövsüm Səmədovla Mədəniyyət Siyasəti Hərakatının lideri Numan Kurtulmuş arasında rəsmi görüş oktyabrın 6-da, Səadət Partiyasının İstanbul ofisində baş tutub. Numan Kurtulmuş ilk öncə bu səmimi ziyarətə görə Mövsüm Səmədova öz təşəkkürünü bildirib. Görüşdə N.Kurtulmuş qardaş Türkiyədə baş verən ictimai-siyasi proseslərdən, Türkiyə xalqının rifahı, müstəqilliyi, milli-mənəvi dəyərlərin qorunması və gələcək səadəti uğrunda siyasi fəaliyyətindən söhbət açıb. Həmçinin Mövsüm Səmədov ölkəmiz, onun yaxın keçmişi və bu günü, türk xalqı ilə xalqımızın birliyi və vəhdəti barədə fikirlər mübadilələri aparıb. Qarabağ probleminin həllində türk xalqının Azərbaycana dəstəyi iki qardaş xalqın böyük nailiyyəti kimi qiymətləndirilib. Görüşdə həmçinin milli-mənəvi dəyərlərin qorunması, dünyada İslamafobiyanın ölkələrimizdəki təsirlərindən danışılıb.

Səmimi şəkildə keçən görüşün sonunda Mövsüm Səmədov, Numan Kurtulmuşu Azərbaycana dəvət edib

 
Diqqət : Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır .