ABNA-/HaqqYolu – Bəli, dünyanı ağrıdan böhranlardan biri də deputat böhranıdır. Deputatların ədəbsizliyi, əlbəyaxa davaları, söyüşmələri artıq heç kimi təəccübləndirmir. Amma bizdə, əlhəmdülillah…
“Milli Məclisin III çağırış dövründə deputatlarımız nizam-intizamı yüksək səviyyədədir”. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, deputatların bəzilərinin sessiyalarda iştirak etməməsi obyektiv və digə səbələrdən irəli gəlir.
Onun sözlərinə görə, deputatların iclaslarda müntəzəm iştirak etməməsinin əsas səbəbi onların bir çoxlarının beynəlxalq təşkilatlarda çox yüksək səviyyədə və tez- tez iştirak etmələridir: “Milli Məclisdə dostluq qrupları da var ki, onların il ərzində bir neçə səfərləri olur, müxtəlif görüşlər keçirir, müzakirələr aparırlar. Mən Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüyəm. Dünyada keçirilən olimpiya oyunlarında iştirak etdiyimə görə, 1 həftə 10 gün ölkədən kənarda olurum. Bu səbədən də iclaslarda müntəzəm iştirak edə bilmirəm”
Deputatlarımız arasında beynəlxalq təşkilatlarının üzvlərinin də olduğunu xatırladan A.Abıyev bunu sevindirici hal kimi qiymətləndirib. O deyib ki, bu sevindirici bir haldır ki, Azərbaycan parlamentinin üzvləri bir çox beynəlxalq təşkilatlarının aparıcı üzvlərindən biridir və orada iş aparır, ölkəmizin adını şərəfini qoruyurlar: “ Bu səbəblərə görə, onların, 2,3 və ya 5 iclasda iştirak etməmələri ilə bir şey olmaz. Bütün səfərlər və səhhəti ilə bağlı iclaslarda iştirak etməyən deputatlar komissiya tərəfindən qeydiyyata alınır. Mən hesab edirəm ki, bu çağırışda bizim deputatlarımızın nizam intizamı yüksək səviyyədədir. Hətta onlar bu intizamları ilə başqa ölkələrin parlament nümayəndələrinə də nümunə ola bilərlər”.