İsrailin Qəzzaya yardım aparan türk gəmisinə basqını Azərbaycanın enerji resurslarının yəhudi dövlətinə nəqlini nəzərdə tutan strateji layihələri əngəllədi. Türkiyənin enerji naziri Taner Yıldız bəyan edib ki, onun hökuməti İsraillə ortaq bütün enerji layihələrini təxirə salmağı qərara alıb. Nazirin sözlərinə görə, münasibətlər düzəlməyincə, “Mavi axın” kəmərinin İsrailə uzanması da daxil olmaqla, əvvəllər planlaşdırılan layihələrin heç biri həyata keçirilməyəcək.

Digər məlumata görə, Türkiyə İsraili sıxmaq üçün Azərbaycan neftindən faydalanmaq barədə müzakirələr aparır və məsələ gələn həftənin əvvəlində baş nazir Ərdoğanla prezident İlham Əliyev arasında danışıqlarda gündəmə gələ bilər. İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir. Hər il yəhudi dövləti Azərbaycandan milyardlarla dollarlıq neft alır. Bu neft əsasən, Bakı-Tiflis-Ceyhan kəməri ilə nəql olunaraq Türkiyənin Ceyhan limanından tankerlərə vurulur. Türkiyə BTC-də payçı olduğu üçün Azərbaycan neftinin İsrailə satılmasından dolayısı da olsa gəlir əldə edir.

BTC-nin çəkilməsindən ən çox qazananlardan biri də şübhəsiz ki, İsraildir. Bu kəmər vasitəsilə İsrail dost münasibətlərdə olmadığı ərəb ölkələrinin neftindən asılılığını azaldıb. Yəhudi dövlətinin yanacağa olan tələbatının 30 faizi Azərbaycan nefti hesabına ödənilir. BTC kəməri isə neftin İsrailə daşınması üçün məsafəni 600 kilometr qısaldıb. Ankara ilə Təl-Əviv arasında münasibətlərin yaxşı olduğu vaxtlarda tərəflər Azərbaycanla birlikdə bəzi strateji enerji layihələri hazırlamışdılar. Söhbət Türkiyənin Aralıq dənizi sahillərindən İsrailədək uzanan neft-qaz kəmərlərindən gedirdi. Planlaşdırılırdı ki, gələcəkdə BTC İsrailə qədər uzansın, oradan isə Şərqi Asiya regionuna Azərbaycan neftinin ixracı imkanları açılsın. Beləliklə, İsrail təkcə Azərbaycan neftinin əsas alıcılarından biri yox, onun nəqli üçün tranzit marşrutuna çevrilsin. Həmçinin, Rusiya ilə Türkiyəni birləşdirən “Mavi axın” qaz kəmərinin Aralıq dənizindən İsrailə qədər uzanmasını nəzərdə tutan layihə üzrə danışıqlar gedib. İsrailin Bakıda səfərdə olan hökumət nümayəndələri isə bəyan ediblər ki, onlar Azərbaycan qazının da gələcəkdə Aralıq dənizi sahillərindən nəqlinə dair layihələr təklif edirlər. Lakin İsraillə Türkiyə arasında “One minute” qarşıdurmasından başlayan və gəmi basqını ilə az qala müharibə həddinə çatan gərginlik olduqca geniş coğrafi bölgədə oyun qaydalarına yenidən baxılmasına səbəb olacaq. Azərbaycan artıq əvvəllər mövcud olan Türkiyə-İsrail strateji müttəfiqliyinin önəmli qolu olmaqdan çıxır və asan olmayan seçim qarşısındadır: bir tərəfdən İsraillə son vaxtlar güclənən münasibətləri saxlamaq lazımdır, o biri tərəfdən ən yaxın müttəfiq olan Türkiyənin xarici siyasətindəki dəyişikliklər nəzərə alınmalıdır.

Bu cür dilemmanın hökm sürdüyü bir vaxtda İsraili enerji kartı ilə vurmağa hazırlaşan Türkiyənin Azərbaycana yəhudi dövlətinə neft satışını məhdudlaşdırmaq təklifi edəcəyi gözlənilir. Ekspertlər qeyd edir ki, indi bu İsrailə qarşı ən təsirli iqtisadi sanksiyalardan biri ola bilərdi. Türkiyənin qərarı nəticəsində Azərbaycanla İsrail arasında təkcə iqtisadi baxımdan deyil, siyasi baxımdan da strateji hesab edilən, ABŞ-dakı güclü çevrələr tərəfindən dəstəklənən enerji layihələri onsuz da gündəmdən çıxmış sayıla bilər. Lakin buna əlavə olaraq İsrailə Ceyhan limanından neft satışının məhdudlaşdırılması birbaşa təsirə malik addım olardı. Statistikaya görə, İsrail təkcə 2008-ci ildə Azərbaycandan 3.5 milyard dollarlıq neft alıb. Bu il üçün də rəqəmin milyardlarla ölçüləcəyinə şübhə yoxdur. Bu baxımdan, Azərbaycanın Türkiyənin İsraili birlikdə sıxmaq barədə mümkün təklifinə soyuq yanaşacağını indidən demək olar.

Son gəmi bu gün çatacaq, İsrail yenə müdaxiləyə hazırlaşır

Gəmi basqını ilə başlayan qarşıdurma ilə bağlı son məlumatlar isə belədir ki, İsrailə qarşı dünyanın hər yerində geniş etirazlar davam etməkdədir. Buna baxmayaraq, İsrail hökuməti Qəzzaya yardım aparan donanmanın xarab olduğuna görə yolda ləngiyən və dünən ünvana çatması gözlənilən sonuncu gəmisini də əngəlləməyə hazırlaşır. “Rachel Corrie” adlı İrlandiya gəmisinin bu gün Qəzza sahillərinə çatacağı gözlənilir. İsrail komandanlığı xəbərdarlıq edir ki, gəmiyə daha sərt müdaxilə edilə bilər. İrlandiya hökuməti isə göyərtəsində insan haqları fəallarının və könüllülərin olduğu gəmiyə müdaxilə etməmək üçün İsraili xəbərdar edib. Dünən gəmi ilə rabitə əlaqəsi kəsilib və dərhal İsrail müdaxiləsi haqda xəbərlər yayılıb. Lakin sonradan rabitə bərpa olunub. “Wall Street Journal” qəzeti isə yazıb ki, “Mavi Mərmərə” gəmisinə basqından sonra Türkiyə ilə İsrail arasında yaşanan böhranın nəzarətdən çıxmasını ABŞ administrasiyası əngəlləyib. Hadisə baş verərkən ABŞ-da gecə saatları olsa da, prezident Barak Obama məsələyə müdaxilə edib, bir tərəfdən İsrail rəhbərliyi, o biri tərəfdən Türkiyə ilə təmas quraraq onları təmkinli davranmağa çağırıb. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri general Ceyms Cons da tərəflərlə gərgin danışıqlar aparıb; İsrail baş nazirinin təhlükəsizlik müşaviri Uzi Arad gecə saatlarında Vaşinqtona çağırılıb və onunla uzun-uzadı danışıqlar olub. Ceyms Cons həmin gecə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə də danışıqlar aparıb, bu gərgin təmaslar nəticəsində İsrail tərəfi gəmidə saxlanan Türkiyə vətəndaşlarını azad etməyə razılaşıb. Bildirilir ki, yaranmış durumdan ABŞ olduqca narahatdır, çünki İsraillə yanaşı Türkiyə ilə münasibətlər də bu ölkə üçün mühümdür. Eyni zamanda ABŞ-dakı türk diplomatlar da yaranmış vəziyyətdən Ankaranın narahat olduğunu dilə gətirirlər..

Azərbaycanlılar Ben-Qurion aeroportunda saxlanılır

Digər xəbərə görə, “Azadlıq donanması”nda saxlanılmış iki Azərbaycan vətəndaşının İsraildən vətənə iyunun 6-da dönməsi gözlənilir. Hələ ki, işçilər Təl-Əvivin Ben-Qurion aeroportunda xüsusi olaraq onlar üçün ayrılmış yerdədirlər.

Bu barədə İsrail Daxili İşlər Nazirliyinin immiqrasiya məsələləri üzrə şöbəsindən “Trend”ə məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşları hazırda İsraildədir, çünki onların reysi bazar günü baş tutacaq. Həmyerlilərimiz Ben-Qurion adına aeroportda, ölkəni tərk etmək istəyən və ya tərk etməli olan, lakin bunu edə bilməyən şəxslər üçün xüsusi ayrılmış yerdədirlər. Qeyd edək ki, İsraildə saxlanılan “Azadlıq donanması ”nda olan iki azərbaycanlının şəxsiyyəti artıq müəyyənləşib. Bunlar Məhərrəm Orucov və Qaraoğlan Quliyevdir.

Onların valideynləri ölkə KİV-lərinə danışıblar. Girovdakılardan birinin anası isə millət vəkili Pənah Hüseynin evinə telefon açaraq, kimsənin onların övladları ilə maraqlanmadığını deyib, oğlunun qaytarılması üçün deputatdan kömək istəyib.