Qəzzaya yardım missiyasının fəalları qəddar rəftara məruz qalıb; rəsmi Bakı isə vətəndaşlarımızla normal davranıldığını bildirir

Mayın 30-da Fələstinin Qəzza bölgəsinə humanitar yardım apararkən İsrail ordusunun hücumuna məruz qalan gəmilərdən birində iki Azərbaycan vətəndaşı da olub. İsrail Xarici İşlər Nazirliyinin açıqladığı siyahıya görə, saxlanılanlar 32 ölkənin vətəndaşlarıdır. İsrail ordusu tərəfindən basqın edilən “Mavi Mərmərə” gəmidə və karvanda yer alan digər gəmilərdə olanların bir hissəsi deportasiya edilib. Lakin dünənki xəbərlərdə deyilir ki, hələ də yüzlərlə adam İsrail həbsxanalarında saxlanılır.

Missiyada yer alanların əksəriyyəti Türkiyə vətəndaşlarıdır, onların sayı 380 nəfərdir. Bundan başqa, missiyada ABŞ, İtaliya, İrlandiya, Yeni Zelandiya, Norveç, Fransa, İsveç də daxil olmaqla, onlarla ölkənin vətəndaşları yer alır. Türkiyə parlamentində çıxışı zamanı baş nazirin müavini Bülənt Arınc məlumat verib ki, Azərbaycan vətəndaşları basqına məruz qalan gəmidə yox, “Dəfnə” adlı gəmidə olublar. Azərbaycanlıların həmin gəminin heyət üzvləri olduqları bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi də İsrailin saxladığı şəxslər arasında iki vətəndaşımızın olduğunu təsdiqləyib. Nazirlik bildirib ki, mayın 30-da Fələstinin Qəzza bölgəsinə humanitar yardım apararkən İsrail ordusunun hücumuna məruz qalan gəmilərdən birində olmuş iki Azərbaycan vətəndaşının şəxsiyyətini müəyyənləşdirməyə çalışır. “Media forum” saytına açıqlamasında nazirliyin mətbuat katibi Elxan Poluxov Azərbaycan vətəndaşlarının İsrail ordusunun hücumu zamanı hər hansı xəsarət almadığını bildirib: “Bizdə olan məlumata görə, səhhətlərində problem yoxdur, hücum vaxtı heç bir xəsarət almayıblar. Vətəndaşların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların vətənə qaytarılması istiqamətində işlərimiz davam etdirilir”. Dünən belə məlumat yayılıb ki, azərbaycanlılar da daxil olmaqla, 120-dən çox Fələstin tərəfdarı İordaniyaya deportasiya edilib. Lakin daha sonra məlum olub ki, deportasiya edilənlər arasında azərbaycanlılar yoxdur və onlar hələ də İsraildə saxlanır. XİN rəsmisi Elxan Poluxov bildirib ki, həmin şəxslər indi İsrail ərazisindədirlər və hüquq-mühafizə orqanlarının nəzarətindədir: “Bizə verilən məlumata görə, həmin şəxslərə heç bir təzyiq yoxdur və səhhətləri normaldır”. XİN rəsmisinin sözlərinə görə,  Azərbaycan vətəndaşları hazırda miqrantlar üçün nəzərdə tutulmuş xüsusi yerdə saxlanılır. E. Poluxov bildirib ki, Azərbaycan tərəfi həmin şəxslərin birbaşa Bakıya gətirilməsinə çalışır.

Qəzza missiyasının azad edilən və Türkiyəyə dönən üzvlərinin mətbuata danışdıqlarından isə məlum olur ki, İsrail tərəfi saxlanılanlara qarşı qəddar davranıb. Onlara yemək və su verilməyib, daimi əsgərlərin nəzarətində, silah altında olublar,  hətta ayaqyoluna getmələri də məhdudlaşdırılıb. Azad edilənlərə bir daha Qəzzaya gəlməmək barədə yazılı iltizama zorla imza atdırıblar. Bir çoxları isə ivrit dilində yazılmış və məzmununu bilmədikləri kağıza imza atmalı olublar. Şahidlərin dediklərinə görə, İsrail qüvvələri yardım aparan gəmi karvanına qəfil basqın edərək əvvəlcə “Mavi Mərmərə” gəmisinə hücum ediblər. Hər tərəfdən gəmiyə hücum edən İsrail əsgərlərinin yaralılardan bir neçəsini dənizə atdığı bildirilir. Onların taleyi məlum deyil və missiya üzvləri arasında itkin düşənlərin olduğu bildirilir. İsrail tərəfi isə bu günə qədər ölənlərin və yaralananların dəqiq sayını açıqlamaqdan imtina edir.

Qeyd edək ki, İsrail tərəfi əvvəlcə saxlanılanların çoxunun həbs ediləcəyi barədə xəbərdarlıq etsə də, beynəlxalq ictimaiyyətin, habelə Türkiyənin kəskin mövqeyi qarşısında geri çəkilərək onların hamısını azad etməyə razılaşıb. ABŞ-a səfərini başa vuraraq Ankaraya qayıdan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə bildirib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bəyanatda deyildiyi kimi, İsrail tərəfi saxlanılanların hamısını və gəmiləri dərhal azad etməlidir. Onun sözlərinə görə, yaralıları və saxlanılan Türkiyə vətəndaşlarını gətirmək üçün təyyarələr İsraildə gözləyir: “Bu dəqiqəyə olan məlumata görə 210 vətəndaşımız buraxılıb. Bütün sərnişinlər bir yerə cəmləndikdən sonra təyyarələr Türkiyəyə dönəcək. Yalnız iki vətəndaşımız ağır yaralı olduqları üçün onların hərəkəti mümkün deyil, lakin onların yanında bir türk həkimi növbə çəkəcək. Əgər axşama qədər bütün Türkiyə vətəndaşları sərbəst buraxılmasa, İsraillə bütün münasibətləri kəsə bilərik”.

Ə.Davudoğlu Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klintonla iki saata yaxın danışıqlar aparsa da, Birləşmiş Ştatları İsrailə qarşı təzyiqlərə inandıra bilməyib. Rəsmi Vaşinqton İsrailin hərəkətlərindən narahatlıq ifadə etsə də yəhudi dövlətinin cəzalandırılmasının yolunu açmaqdan imtina edir, eyni zamanda Türkiyəyə tövsiyə edir ki, ölçülüb-biçilmiş addımlar atsın. Məsələ iyunun 1-də axşam ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında da müzakirə olunub. Telefon danışığı 1 saat çəkib. Türkiyə mənbələrinin məlumatlarına görə, Ərdoğan İsrailin hərəkətləri ilə bağlı mövqeyini çatdıraraq ABŞ prezidentini xəbərdar edib ki, Təl-Əviv öz hərəkətlərinə görə cavab verməlidir və başda ABŞ olmaqla, beynəlxalq ictimaiyyət bu dövləti cəzalandırmalıdır. Obama isə Türkiyənin narahatlığını anladığını bildirsə də, İsrailə qarşı konkret addımlar atmaq vədi verməyib.

Gərginlik dünya mediasında geniş şərh olunmaqdadır. İsrail mətbuatı isə ikiyə bölünmüş vəziyyətdədir: bir tərəfdən basqına haqq qazandırmaq səyləri var, o biri tərəfdən isə İsrail hökumətinin addımı “axmaqlıq” kimi qiymətləndirilir. İsrail mediasına görə, bu axmaq addımın  məsuliyyətini müdafiə naziri Ehud Barak daşıyır və o, dərhal istefa verməlidir. Bildirilir ki, gəmilərə müdaxilə qərarını Ehud Barak baş nazir Benyamin Netanyahu ilə razılaşdıraraq verib. Həmçinin İsrail mətbuatı yazır ki, Türkiyənin baş naziri  Ərdoğanın iyunun 1-də parlamentdəki sərt çıxışından sonra Netanyahu hökuməti qorxaraq saxlanılanların hamısını, o cümlədən əsgərlərə xəsarət yetirənləri azad etmək qərarı verib. İsrail mediası onu da yazır ki, basqın hadisəsi Təl-Əvivlə Vaşinqton arasında yeni qarşıdurmaya səbəb olub. Uzun illərdən bəri ilk dəfə ABŞ BMT Təhlükəsizlik Şurasının İsraili qınamasını əngəlləməyib, dövlət katibi Hillari Klinton isə Türkiyənin insidentin beynəlxalq səviyyədə araşdırılması tələbini dəstəkləyib. İsrail xüsusi xidmət orqanı MOSSAD-ın direktoru Meir Daqan parlamentin təhlükəsizlik komitəsində çıxışı zamanı deyib ki, artıq İsrail ABŞ üçün prioritet ölkə deyil və əvvəlki strateji müttəfiqlik azalıb.

Türkiyədə isə dünən baş nazir Ərdoğanın Silahlı Qüvvələrin rəhbərliyi və Milli Təhlükəsizlik Şurasına daxil olan nazirlərlə birlikdə İsraillə bağlı yol xəritəsini müəyyən edəcəyi gözlənilirdi. Prezident Abdulla Gül də baş nazir və Silahlı Qüvvələrin baş qərargah rəisini qəbul edib. Ərdoğanın rəhbərliyi ilə keçiriləcək toplantıda Silahlı Qüvvələrin Baş Qərargah rəisi İlkər Başbuğ, qoşun növlərinin komandanları, həmçinin Milli Təhlükəsizlik Şurasına daxil olan nazirlər iştirak ediblər. İcmalçılar və müşahidəçilər isə baş nazir Ərdoğanın İsrailə qarşı kəskin ifadələr və hədələrlə dolu bəyanatından sonra bu yol xəritəsinin nədən ibarət olacağını proqnozlaşdırmağa çalışırlar. Bəzi icmalçılar hesab edirlər ki, baş nazirin bəyanatı o qədər sərt idi ki, İsrailin çox ciddi addımlar atmayacağı təqdirdə Ankara bundan sonrakı addım olaraq müharibə elan etməlidir. Bəzi icmalçılar isə hesab edirlər ki, İsrailə qarşı atılacaq ən təsirli addımlardan biri iki ölkə arasında hərbi sahədəki əməkdaşlığının ciddi şəkildə məhdudlaşdırılması ola bilər. Lakin Türkiyə iqtidarının İsrailə qarşı sərt addımlardan çəkindiyi dünən parlamentdə üzə çıxıb. Parlamentdə fraksiyaları olan partiyalar adından İsraili pisləyən qətnamənin müzakirəsi zamanı AKP müxalifət fraksiyaları tərəfindən təklif olunan  “Parlament hesab edir ki, hökumət İsrailə qarşı iqtisadi və hərbi müstəvidə tədbirlər görməlidir” ifadəsinə etiraz edib, nəticədə qətnamənin qəbulu baş tutmayıb.

F.MƏMMƏDOV