Əfqanıstanda toplaşan Ağsaqqallar Şurasının yığıncağı raket atəşinə tutulub
Əfqanıstanın paytaxtı Kabildə Ağsaqqallar Şurasının toplaşdığı yerin yaxınlığına raket hücumu təşkil edilib.
Polis, raketin, Əfqanıstan prezidenti Hamid Karzainin açılış nitqini etdiyi vaxtda, yığıncaq yerinin yaxınlığına düşdüyünü bildirib.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Paytaxtdakı Politexnik Universitetində bu səhər başlayan yığıncağa, tayfa liderləri, vilayət və bölgə idarəçiləri, millət vəkilləri və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan 1600 nümayəndə qatılıb.
HÜCUMLARI TALİBAN BOYNUNA GÖTÜRÜB
Baş verən raket hücumunu Taliban boynuna götürüb. Taliban nümayəndəsi Zəbihullah Mücahid, şuranın toplaşdığı çadıra üç raket atıldığını, ancaq raketlərin hədəfə dəymədiyini söyləyib.
Hamid Karzainin raket hücumundan narahat olan nümayəndələrə, "Oturun, bir şey olmayacaq. Mən buna alışmışam. Hər kəs buna vərdişkardır" deyə bildirib.
Karzainin çıxışdan sonra toplantıdan ayrıldığı bildirilir.
Ölkədəki müharibənin sona çatdırılması üçün görüləcək tədbirlərin müzakirə ediləcəyi yığıncağa dəvət edilməyən Taliban, yığıncağın "işğal güclərinin təbliğat vasitəsi" olduğunu bildirib.
Karzai, şuranı, Talibanla əlaqə quracaq əhəmiyyətli bir cəhd kimi qiymətləndirib.