Bildiyimiz kimi artıq bir ilə yaxındır ki, Amerika Azərbaycanda yeni səfirini təyin etmir. Bunun üçün müxtəlif səbəblər qeyd edirlər. Ən əsası odur ki, ABŞ-ın bu addımı iki ölkə arasında münasibətləri nisbətən gərginləşdirdi. İndi isə uzun müddət ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olaraq, regionda qeyri-ciddi siyasətçi kimi tanınan Metyu Brayzanın Azərbaycanda səfir postuna təklifi müzakirə olunur. Onun səfir təyin olunması əksəriyyət tərəfindən narazılıqla qarşılanır. Mövzu ilə əlaqədar FaktXeber.com-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov ilk olaraq, bir il ərzində Amerikanın növbəti səfirinin təyin olunmamasına toxundu: “Heç şübhəsiz Amerikada yeni administrasiyanın hakimiyyətə gəlişi bu məsələyə təsir etməyə bilməz. Digər tərəfdən ola bilsin ki, Azərbaycan ABŞ üçün əhəmiyyətsizdir. Yaxud Azərbaycanın mövcud hakimiyyətinə qarşı jest kimi də qiymətləndirmək olar. Çünki, ən azı Amerikanın xarici siyasətində belə addımlara rast gəlinir. Ancaq dəqiq səbəbi Amerika Dövlət Departamentində bilirlər. Biz onu deyə bilərik ki, səfirin bu qədər gecikməsi Azərbaycan üçün yaxşı hal deyil. Azərbaycan özünü Amerikanı yaxın müttəfiqlərindən biri kimi elan edib və bir çox sahələrlə ABŞ-la əməkdaşlıq edir. Bu baxımdan səfirin uzun müddət təyin olunmaması ölkələr arası münasibətlərə heç şübhəsiz kölgə salır”. Müsahibimiz hesab edir ki, Metyu Brayzanın təyinatı o qədər də uğurlu alınmayacaq: “Metyu Brayzanı Azərbaycanda çox yaxşı tanıyırlar. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Məsələyə, Amerikanın Azərbaycanda demokratiya və insan hüquqlarına dəstək baxımından Metyu Brayzanın necə fəaliyyət göstərməsi ilə bağlı yanaşsaq, ümidverici və müsbət söz demək çətindir. Çünki, uzun müddət ATƏT-in Minsk qrupunun həmsədri olub və çox zaman ziddiyyətli açıqlamaları ilə yadda qalıb. Ermənistanda ermənipərəst açıqlamalar verib, Azərbaycanda təkzib edici bəyanatlar səsləndirməsi yəqin ki, hamının yadındadır. Ona görə də Brayza xüsusi olaraq demokratiya fədayisi və insan hüquqlarının müdafiəçisi kimi tanınmır. Əksinə bir çox hallarda şəxsi maraqları daha üstün tutan şəxs kimi xarakterizə edilir. Hesab etmirəm ki, onun səfir təyin ediləcəyi Azərbaycanda demokratiyanın inkişafında uğurlu varuiant olacaq. Lakin bu, ABŞ dövlətinin səlahiyyətində olan məsələdir”. Hər halda Amerikanın Azərbaycanda çox fəal və dövlət prinsiplərinə riayət edən səfirləri olub. Mənə elə gəlir ki, Metyu Brayza bu səfirlərdən olmayacaq – deyə vurğulayan H.Rüstəmov əlavə etdi: “Metyu Brayzanın indiyə qədər bizə məlum olan diplomatik fəaliyyəti deməyə imkan verir ki, onun Azərbaycana səfir təyin olunması dolayısilə ABŞ-ın Azərbaycanda yaxın zamanlarda demokratiyanı ön plana çıxarmamasına bir işarədir”. Mənə elə gəlir ki, Amerikanın Qarabağ məsələsi ilə əlaqədar xüsusi konsepsiyası var. Metyu Baryzanın səfir təyin olunması isə bu konsepsiyada hansısa dəyişikliyə səbəb ola bilməz. Çox təəssüf ki, bu konespsiya Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasını və Qafqazda demokratiyanı əhatə etmir. Əslində Azərbaycanın ərazi bütövlüyü ABŞ üçün önəmli deyil. Sadəcə Amerika regionda öz maraqlarını təmin etməyə çalışır – H.Rüstəmov qeyd etdi. Əli Mövlud
17 avqust 2010 - 19:30
Xəbər kodu: 190005
Həsrət Rüstəmov: "Metyu Brayzanın indiyə qədər bizə məlum olan diplomatik fəaliyyəti deməyə imkan verir ki, onun Azərbaycana səfir təyin olunması dolayısilə ABŞ-ın Azərbaycanda yaxın zamanlarda demokratiyanı ön plana çıxarmamasına bir işarədir"