17 avqust 2010 - 19:30

Adi, amma çoxunun bilmədiyi bir xəbər Brayzanın səfir təyinatı bu anlaşmanın tərkib hissəsidir; münasibətlərin düzəlməsi üçün rəsmi Bakının bəzi şərtləri qəbul etdiyi bildirilir

Azərbaycan hakimiyyəti ilə ABŞ arasında bir ildən artıqdır davam edən gərginliyin yoluna qoyulması üçün anlaşma əldə olunub. Bu barədə qəzetimizə iqtidar düşərgəsindəki qaynaqlardan məlum olub. Mənbə anlaşmanın detallarını bilməsə də deyib ki, artıq hakimiyyətin Amerikaya münasibətdə siyasi-ideoloji kursunu dəyişmək barədə təlimatlar verilib. İlk addım isə hakimiyyət və YAP təmsilçiləri tərəfindən bu yaxınlara qədər kifayət qədər sərt xarakter almış anti-Amerika çıxışlarının dayandırılması barədə göstəriş olub. Xatırladaq ki, Azərbaycanla ABŞ arasındakı münasibətlərin soyuması əsasən prezident Barak Obamanın hakimiyyət başına gəlməsindən sonra başlayıb. Lakin problemin kökü təkcə ABŞ-da hakimiyyətə demokratların gəlməsindən qaynaqlanmırdı və ortada bir neçə səbəblər var idi.

 

Bunların arasında hakimiyyətin insan haqları və mətbuat azadlıqlarına qarşı addımları, Amerika radiostansiyalarının yayımının dayandırılması, İran məsələsində əməkdaşlıqdan imtina edilməsi, Bakının Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması layihəsinə qarşı olması və nəhayət, Obama administrasiyasının ermənilərin mənafelərinə yönələn siyasəti yer alır.

ABŞ-ın Bakıdakı səfiri postunun bir ilə yaxındır boş qalması da münasibətlərin gərgin olmasından xəbər verirdi. Belə görünür ki, artıq bu məsələ də həllini tapıb. ABŞ-ın Minsk Qrupundakı keçmiş təmsilçisi və dövlət katibinin köməkçisi Metyu Brayzanın prezident Obama tərəfindən səfir postuna namizəd göstəriləcəyi artıq qətiləşib. Birləşmiş Ştatların Bakıdakı səfirliyindəki mənbəyə istinadən “Eurasianet.org” saytında yer alan xəbərə əsasən, Brayzanın namizədliyi bir neçə həftə əvvəl Azərbaycan tərəfi ilə razılaşdırılıb. Yəni diplomatik münasibətlər haqda normalara uyğun olaraq rəsmi Bakı onun namizədliyinə aqreman verib.

Dünən BBC-nin sualına cavab olaraq Ağ Ev amerikalı diplomat Metyu Brayzanın namizədliyinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə irəli sürüldüyünü nə təsdiq, nə də təkzib edib. Ağ Ev rəsmisi bildirib ki, bu haqda yaxın zamanda bəyanat veriləcək. Qəzet çapa hazırlanarkən Ağ Evin rəsmi internet saytında Brayzanın namizədliyinin Senata təqdim olunmasına dair rəsmi məlumat hələ yerləşdirilməmişdi.

  Brayzanın Bakıya səfir təyinatı Senatda təsdiqlənməlidir və ekspertlərə görə, bu, o qədər də asan olmayacaq. Çünki Amerikadakı erməni lobbisinin tanınmış araşdırmaçı, türkiyəli Zeyno Baranla (ABŞ-dakı bir quruluşu olan Hudson İnstitutuna bağlı Avrasiya Siyasəti Mərkəzinin müdiri və Türkiyə uzmanı - red.) evli olan Brayzaya münasibəti birmənalı deyil. Amerikadakı erməni təşkilatları onu “Azərbaycanın və Türkiyənin adamı” hesab edir. İstisna deyil ki, Senatda Brayzanın namizədliyi müzakirə olunarkən erməni lobbisinə bağlı senatorlar ona veto qoya bilər. Vaxtilə ABŞ-ın Ermənistana səfir təyin etmək cəhdi prezident Buşun namizədinin “soyqırım” sözünü işlətməkdən imtina etməsinə görə bir il yarıma qədər nəticəsiz qalmışdı. İstənilən halda Brayza Azərbaycanı kifayət qədər yaxından tanıyan diplomat kimi münasibətlərin qaydaya salınması missiyasını həyata keçirəcək.

Lakin prosesləri izləyən mənbələr qeyd edir ki, əgər hakimiyyətlə Obama administrasiyası arasında anlaşma varsa, deməli tərəflər qarşılıqlı olaraq müəyyən addımlar atmaq barədə öhdəliklər götürüblər. Xüsusən də Azərbaycan hakimiyyəti. Bu anlaşmanın qarşıdakı seçkilərin qismən də olsa ədalətli keçirilməsini təmin etmək üçün addımların atılmasını da nəzərdə tutduğu təxmin edilə bilər.

P.S. Hakimiyyətin ABŞ rəhbərliyi ilə ilkin anlaşmasını qəzetin başqa qaynaqları da təsdiq edir.