Yaxşı və pis dost hansı xüsusiyyətlərə malik olmalıdır? Məsum imamlardan nəql olunmuş rəvayətlərə görə, yaxşı dost əsasən aşağdakı xüsusiyyətlərə malik olmalıdır: 1. Ağıllı və düşüncəli Dini rəvayətlərdə (hədislərdə) ağllı və düşüncəli dostla yoldaşlıq etmək təkid olunmuşdur. İmam Əli (ə) buyurur: “Ağıllı dostla yoldaşlıq etmək insana müsbət ruh yüksəkliyi bəxş edər”. Bu məsələ o qədər ciddidir ki, hətta ağıllı düşmən, nadan dostdan üstün göstərilmişdir. İmam Əli (ə) bu barədə buyurur: “Sizin üçün ağıllı düşmən, nadan dostdan daha etibarlıdır”. Bilikli insanlarla dostluq çox gözəldir, hətta bilikli düşmən sizi ucaltdığı halda, nadan dost sizi yerə çırpar. 2. Yaxşı əxlaqli və xoş xasiyyətli Yaxşı dost rəzil və pis əxlaqdan, batini çirkinlikdən uzaq olmalıdır. Məsumların rəvayətlərində yaramazlarla, əxlaqsız və pozğun işlərlə məşğul olanlarla dostluq etmək qadağan olunmuşdur. İmam Əli (ə) buyurur: ”Yaramazlarla ünsiyyət, yaramazlığa səbəb olacaq. Necə ki, murdar və iylənmiş bir leşin üzərindən əsən külək özüylə pis qoxu gətirər”. Pozğun və yüngüllük edən şəxslərlə get-gəl edənlər, özlərini onlardan nə qədər qorusalar da, cəmiyyətdə bu rüsvayçılıq və biabırçılıqdan yaxa qurtara bilməyəcəklər. Əziz peyğəmbərimiz (s) buyurur: ”O kəs insanlar arasında üzüqara olmağa layiqdir ki, rüsvay olmuş şəxslərlə ünsiyyət qurur”. Bacardığın qədər qaç pis adamdan, Pis dost ağrılıdır əfi ilandan. Əgər dişləyirsə ilan canını, Pis dost oda çəkir din-imanını. 3. Verdiyi sözlərin üstündə durmalı; Yaxşı dost dostluq qaydalarına əməl edən şəxsdir. İmam Sadiq (ə) buyurur: ”Dostluğun da öz həddi-hüdudu vardır. Buna riayət edəni həqiqi dostun bil, riayət etməyəni isə özünə dost bilmə. Dostluğun həddi bunlardan ibarətdir: 1) Gizlində və aşkarda sənə qarşı eyni olsun; 2) Sənin gözəlliyini və eybini öz gözəlliyi və eybi bilsin; 3) Mal-dövlət, sərvət və ya vəzifə əldə etsə də, sənə qarşı rəftarı dəyişməsin; 4) İmkanlı olduğu halda səndən heç nəyi əsirgəməsin; 5) Çətinliyə düşdüyün vaxt səni tənha qoyub getməsin”. 4. Bərabər səviyyədə olmalı; Səninlə maddi və ictimai cəhətdən bərabər səviyyədə olan şəxs, sənin üçün ən yaxşı dostdur. İmam Baqir (ə) buyurur: ”Bir şəxslə yoldaşlıq etmək istəsən, özün kimisiylə yoldaş və dost ol. Səni öz öhdəsinə götürən bir kimsəylə dostluq etmə ki, bu yoldaşlıq və dostluq sənin alçaq və xar olmanla nəticələnər”. Yuxarıda qeyd etdiklərimizdən məlum olur ki, bu xüsusiyyətlərə malik olmayan bir şəxs, pis dost, yoldaş sayılır. Yəni dost və yoldaş ağıllı və düşüncəli, yaxşı əxlaq və xoş xasiyyət sahibi deyilsə, verdiyi sözlərin üstündə durmursa və siz də bərabər səviyyədə deyilsinizsə, onda o sizin üçün yaxşı dost və yoldaş ola bilməz. Rəvayətlərdə hətta bəzi insanlarla dostluq etmək qadağan olunmuşdur. Biz o rəvayətlərdən daha geniş və mükəmməl mənaya malik olanlarını burada qeyd edirik. İmam Səccad (ə) insanları beş dəstə ilə dostluq və yoldaşlıq etməsindən çəkindirərək buyurur: “Ey övladım, beş dəstəyə diqqətlə bax, onlarla dost, həmsöhbət və həmsəfər olma, yoldaşlıq belə etmə: 1) Yalançıyla dost olmaqdan çəkin, çünki o, həmişə ilğım kimidir, yaxını uzaq, uzağı isə yaxın göstərəcək; 2) Günhakarla (tamahkar) dost olmaqdan çəkin, çünki o, səni bir loğmaya və ya ondan da ucuz satar; 3) Paxılla dost olmaqdan çəkin, çünki ona ehtiyacın olduğu zaman səni tərk edər; 4) Nadanla yoldaş olmaqdan çəkin, çünki sənə xeyir vermək istədiyi halda ziyan vurar; 5)Yaxınları ilə (qohum-əqrabasıyla) əlaqəni kəsənlə dostluqdan çəkin, çünki onun kimilərini Qurani-kərimdə lənətlənmiş (yəni Allahın rəhmətindən uzaq olan) görmüşəm”. Dilimizə çevirdi: Namiq İsmayılov / porsojoo.com/