Əhmədinejad zənginləşdirilmiş uranın Türkiyədə yanacağa çevrilməsinə dair anlaşmaya imza atdı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ölkənin nüvə proqramlarına dair beynəlxalq gərginliyə səbəb olan problemin həllinə imkan yaradan sazişə imza atıb. Azərbaycana səfər marşrutunu dəyişərək Bakıdan əvvəl qəfil səfərlə Tehrana gedən Ərdoğanla İran rəhbərliyi arasında Braziliya prezidenti Lula Da Silvanın da iştirakı ilə aparılan 18 saatlıq gərgin danışıqlardan sonra Tehran öz zənginləşdirilmiş uran maddəsini daha yuxarı faizlə zənginləşdirmək və nüvə yanacağına çevirmək üçün Ankaraya göndərməyə razıdır.

 

Razılaşma mətnini hər üç tərəfdən xarici işlər nazirləri imzalayıblar. Bu anlaşma İranın nüvə fəaliyyətləri ətrafında Qərblə Tehran arasında illərdir davam edən çəkişmədə ciddi dönüş nöqtəsi ola bilər. Belə ki, Avropa İttifaqı, ABŞ və Rusiya ilə birlikdə İranın zənginləşdirilmiş uran maddəsinin ölkə xaricinə çıxarılaraq orada nüvə yanacağına çevrilməsini və geri qaytarılmasını nəzərdə tutan təklifləri ötən il Tehrana təqdim ediblər. Bunun əvəzində İran öz ərazisində zənginləşdirilmiş uran emalını dayandırmalı idi. Lakin aylarla davam edən danışıqlara baxmayaraq Tehran anlaşmadan imtina edib və nəticədə yeni iqtisadi sanksiyalar, habelə hərbi əməliyyatlar təhdidi ilə üzləşib. Türkiyə gərginliyi aradan qaldırmaq üçün öz vasitəçilik rolunu təklif edib və ABŞ-la razılaşdırılmış şəkildə İrana təklif edib ki, zənginləşdirilmiş uran maddəsini onun ərazisində saxlaya bilər. Ancaq Tehran bu təklifə də tərəddüdlə yanaşırdı və bir neçə həftə əvvəl prezident Mahmud Əhmədinejad vasitəçi rolunda Braziliyanı görmək istədiklərini açıqlamışdı. İran rəhbərliyi Türkiyəyə etibar etməkdə tərəddüd göstərdiyi üçün Ərdoğanın ötən həftə Tehrana planlaşdırdığı səfəri təxirə düşmüşdü. Onun əvəzinə xarici işlər naziri Əhməd Davudoğlu Tehrana gedib və orada üç ölkə xarici işlər naziri arasında aparılan uzun danışıqlar nəticəsində Türkiyənin də prosesdə yer alacağına dair ifadə mətnə daxil edilib. Sənəddə deyilir ki, İranda 3.5 faizə qədər zənginləşdirilmiş uran Türkiyə ərazisində qurulacaq reaktorlarda 20 faizə qədər zənginləşdiriləcək. Daha sonra həmin zənginləşdirilmiş uran 93 faizə qədər zənginləşdirilmək üçün Rusiya və Fransaya göndərilməlidir. Bununla belə, İranın zənginləşdirilmiş uran proqramından imtina etdiyi barədə sənəddə heç nə deyilmir. Ekspertlərə görə, bu səbəbdən Tehranda imzalanan anlaşma Qərbi qane etməyə bilər.

İmza mərasimindən sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, artıq İrana qarşı yeni sanksiyaların qəbul edilməsinə ehtiyac qalmır. “Bu anlaşma İranın konstruktiv mövqeyini göstərir, ona görə də BMT Təhlükəsizlik Şurası yeni sanksiyalar haqda qətnamə çıxarmaqdan çəkinməlidir”. İran prezidenti Mahmud Əhmədinejad da ölkəsinin Qərblə nüvə məsələsində əməkdaşlığa açıq olduğunu bildirib, ancaq əlavə edib ki, ölkəsi dinc nüvə enerjisi texnologiyaları əldə etmək hüququndan geri çəkilməyəcək. Məlum olub ki, anlaşma ilə Türkiyə İranın 1200 kiloqramlıq zənginləşdirilmiş uran maddəsi üçün həm də təminatçı rolunda çıxış edir. Belə ki, anlaşma həmin miqdarda uranın 1 il ərzində nüvə yanacağına çevrilərək Türkiyə üzərindən İrana qaytarılmasını nəzərdə tutur, əgər anlaşma pozularsa Türkiyə 1200 kiloqram zənginləşdirilmiş uranı İrana qaytarmağa borcludur. İranın anlaşmanın imzalanmasından bir ay sonra uranı Türkiyəyə göndərəcəyi bildirilir. Rəsmi Tehran bir həftə ərzində bu anlaşma barədə Beynəlxalq Atom Enerjisi Agentliyini məlumatlandıracaq.

Tehranda əldə edilən anlaşmaya baxmayaraq İsrailin İranın nüvə fəaliyyətləri ilə bağlı narahatlıqları qalır. İsrail XİN-dən adı açıqlanmayan rəsmi bildirib ki, Tehran bu anlaşma ilə Türkiyə və Braziliya üzərindən manipulyasiya edir: “İran əvvəllər də buna bənzər oyunlar oynayaraq beynəlxalq ictimaiyyəti aldadıb, son manevr də buna xidmət edir”. Məlumatlara görə, ABŞ da Tehranda imzalanan anlaşmanı görməməzliyə vurmaq fikrindədir. Vaşinqton Tehranın zənginləşdirilmiş uran fəaliyyətlərini dayandırmasına dair öhdəliyə imza atmadan narahatlıqların aradan qalxmayacağını düşünür. O da bildirilir ki, Tehranda imzalanan anlaşma Rusiya ilə Braziliya arasında razılaşdırılıb. Moskva Tehranı xəbərdar edib ki, əgər bu təklifi qəbul etməsə, o zaman Rusiya BMT Təhlükəsizlik Şurasında gələn ay yeni sanksiyalar haqda qətnamənin qəbuluna səs verəcək.

 

F.MƏMMƏDOV