ERMƏNİSTAN MÜBADİLƏ FİQURUDUR Yaşar Əsədov: "Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması tələbində əsas məqsəd Ermənistana kömək etmək və onların vəziyyətini yaxşılaşdırmaq deyil, onu Rusiyadan qopartmaqdır" 26-04-2010
Heç şübhəsiz Barak Obamanın aprelin 24-də etdiyi çıxış, birmənalı qarşılanmır. Eyni zamanda mürəkkəb siyasi gediş olması da sirr deyil. Hətta Türkiyə tərəfindən kəskin reaksiya ilə qarşılanacağı gözlənilən çıxış, əks münasibətlə rastlaşdı. Belə ki, dolayısı ilə Ərdoğanın razı qaldığı bildirilir. Mövzunu şərh edən ASDP-nın sözçüsü Yaşar Əsədov FaktXeber.com-a bildirdi: “Bu çıxışa Amerika-Türkiyə münasibətləri konteksində baxmaq lazımdır. Ondan da geniş götürəndə ABŞ-ın yaxın perspektivdə regionla bağlı planları çərçivəsində araşdırılmalıdır. Aydın məsələdir ki, ABŞ-ın prezidenti soyqırım sözünü işlətməklə Konqresə bir impuls və nümayəndələr palatasında təsdiq olunmuş qətnaməyə start veriləcəkdi. Bununla da Türkiyə-Amerika münasibətləri aydınlaşacaqdı. Pis və yaxşı olacağından asılı olaraq vəziyyət müəyyənləşəcəkdi. Amma Obama bunu etmədi və münasibətləri qeyri-müəyyən vəziyyətdə saxladı. Qeyri-müəyyən vəziyyət o deməkdir ki, gələn 24 aprellərdə eyni məsələlər yenidən qalxa, eyni təzyiq və təhdidlər təkrar oluna bilər. Bu baxımdan ABŞ çox gözəl anlayır ki, Obama timsalında və Konqresin qətnaməni qəbul etməsi ilə heç bir şey əldə etməyəcək”. Amerika məsələnin perspektivi yaxşı başa düşür və bilir ki, Türkiyəyə təsir etmək imkanı yoxdur. Lakin bunu arxa plana keçirdib, gələcəyə saxlamaqla, təzyiq planlarını da gələcəyə ötürür. Eyni zamanda bundan sonra Türkiyə-Amerika münasibətlərində hansı dəyişikliyin baş verəcəyi məlum deyil – müsahibimiz vurğuladı. Bu çıxışdan sonra Ermənistan-Türkiyə-ABŞ münasibətləri hansı istiqamətdə davam edəcək – sualına cavab olaraq, Y.Əsədov bildirdi: “Siz ABŞ-Türkiyə-Ermənistan üçlüyünü adlandırdınız. Amma mən bir az da geniş götürərdim, ABŞ-Türkiyə-Rusiya. Bu üçbucağın daxilində Ermənistan mübadilə fiqurudur. Aydın məsələdir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını tələb etməklə, əsas məqsəd Ermənistana kömək etmək və onların vəziyyətini yaxşılaşdırmaq deyil. Əslində Ermənistanı Rusiyadan qopartmaq əsas məsələdir. Bunun ardınca Rusiyanın Qafqazda zəifləyən mövqeyindən istifadə etməklə, Azərbaycana təzyiqləri artırmaq və Rusiyanın cənubunda müsəlman respublikalarında vəziyyətə nəzarət etmək imkanlarını çoxaltmaq niyyəti durur. Eyni zamanda Rusiyanın daxilində gərginliyi, 90-cı ildəki vəziyyət kimi artırmaq istəyirlər. Türkiyə başa düşür ki, Ermənistanla münasibətləri yaxşılaşdırdıqdan sonra başqa addımlar da atılmalıdır. Sonrakı addım da Türkiyənin Rusiya ilə toqquşma tələbi olacaq. Belə olarsa, Türkiyə başa düşür ki, dünya ölkələrindən heç kim onun arxasında durmayacaq. Çünki, Avropa ölkələrinin əksəriyyəti bir çox məsələlərdə ABŞ-ın bugünkü siyasəti ilə razı deyil. Türkiyə Ermənistanla bağlı məsələni başa düşür və ona görə də müqavimət göstərir”.