Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü, Fransa Prezidenti Emmanuel Makronun amerikalı həmkarı Donald Tramp tərəfindən ifşa edilən və Makronun Trampa İranla bağlı "böyük işlər görə bilərik" təklifini verdiyi sözləri ilə bağlı İRNA-nın sualına cavab olaraq deyib: "Siyasət aparmaq, saxlanılmasına heç bir zəmanət olmayan şəxsi ismarıclar göndərməklə olmur; əksinə, ölkələr beynəlxalq proseslərlə bağlı məsuliyyətli davranmalıdırlar."
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, bu gün - bazar ertəsi, 26 yanvar tarixində keçirilən mətbuat konfransında "Qazi və Keşikçi" gününə toxunaraq bildirib: "Ölkənin müdafiəsi üçün canlarından keçən bütün fədakar keşikçilərə və qazilərə Salam göndərirəm. Bölgədəki hadisələr çox axıcı və sürətlidir; İsrail rejiminin fitnəkarlığı hələ də Qərbi Asiya, Livan, Fələstin, Suriya və ondan kənarda yaşanan xaosun əsas köküdür. Qəzzada görünən atəşkəsə baxmayaraq, fasiləsiz hücumların şahidi oluruq. Həmçinin bu rejimin Livan vətəndaşlarına qarşı hücumları davam edir; belə ki, ötən gecə Livan hava məkanının 15 dəfə pozulması qeydə alınıb və ötən ilin noyabr ayından bəri 6 mindən çox atəşkəs pozuntusu baş verib."
Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-nin bölgədəki hərəkətliliyi və Körfəz Əməkdaşlıq Şurası üzvləri ilə keçirdiyi təlimlərə cavab olaraq deyib: "Biz hibrid müharibə ilə üz-üzəyik. Sionist rejimin iyun ayında İrana qarşı hərbi təcavüzünün davamı olaraq, son bir neçə ayda hər gün ABŞ və sionist rejim tərəfindən yeni iddia və təhdidlərlə qarşılaşmışıq."
Bəqayi əlavə edib: "Bölgə ölkələri yaxşı bilirlər ki, bölgədəki hər hansı qeyri-sabitliyin hədəfi yalnız İran deyil və təhlükəsizlik problemləri yoluxucudur. Məhz buna görə də bölgə ölkələri arasında ortaq bir narahatlıq var. Əslində, sülhə və beynəlxalq hüquqa hörmətlə yanaşan hər bir ölkə ABŞ-ın digər ölkələrə qarşı təhdidlərinə münasibətdə aydın mövqe tutmalıdır. İran öz potensialına və əvvəlki təcrübələrinə, o cümlədən iyun ayındakı qəhrəmanlıq döyüşü təcrübəsinə güvənir və hər zamankindən daha güclü şəkildə istənilən təcavüzə genişmiqyaslı və peşmanedici cavab verəcəkdir."
O, sözlərinə belə davam edib: "1948-ci ildən bəri sionist rejimin vətəndaşı sayılan ərəblərin qətlə yetirilməsi ilə bağlı hesabat yayımlanıb. Hesabata görə, ötən il təxminən 260 fələstinli ərəb öldürülüb, son bir ayda isə bu rəqəm 20-dən çox olub. Bu, sionist rejimin irqçilik siyasətinin hətta rəsmən bu rejimin vətəndaşı olan, lakin sırf fələstinli və ərəb olan şəxslərə qarşı da davam etdiyini göstərir. Bu, insan hüquqları üzrə keçmiş məruzəçi Maykl Linkin 2022-ci ilin martında sionist rejimdəki "aparteid hakimiyyəti" kimi adlandırdığı həmin reallığın göstəricisidir."
Bəqayi, İran və ABŞ arasındakı danışıqların müharibə ehtimalını azaltmaqda təsirli olub-olmayacağı və İranın İsrailə qarşı qabaqlayıcı hücum ehtimalının olub-olmaması barədə suala cavab olaraq deyib: Siz heç vaxt nə baş verəcəyini fərz edə bilməzsiniz. Biz özümüzü müdafiə etmək üçün fövqəladə potensiala malikik və keçmişlə müqayisədə daha çox hazırıq. Bu bizim məsuliyyətimizdir; İranın izzətini, milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək bizim vəzifəmizdir.
O əlavə edib: Necə reaksiya verəcəyimizə gəlincə, bu çox aydındır. Daha əvvəl də göstərdiyimiz kimi, hər hansı təcavüzə və hər hansı təhdidə qarşı qətiyyətlə, bütün gücümüzlə və hərtərəfli şəkildə mütləq cavab verəcəyik. Təfərrüatlar barədə danışmağın yeri nə buradır, nə də bu mənim ixtisasım daxilindədir. Bizim silahlı qüvvələrimiz İranın hüdudlarını necə müdafiə etməyi çox yaxşı bilirlər.
Sizin rəyiniz