Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kəşmir bölgəsində Hindistan və Pakistan arasında yeni hərbi gərginlik yaranıb. Pakistan ordusunun sözçüsü Hindistanın Pakistan ərazisi daxilində üç mövqeni raketlərlə hədəfə aldığını açıqlayıb.
Pakistan mediası Hindistan raketinin Pakistanın Kəşmirindəki köhnə Müzəffərabad hava limanını hədəf aldığını və ərazidə çoxsaylı partlayış səslərinin eşidildiyini bildirib.
Bunun əksinə olaraq, Hindistan ordusu “X” sosial şəbəkəsindəki mesajında Pakistan torpaqlarında terrorçuların düşərgələrinə dəqiq zərbələr endirdiyini iddia edib.
Hindistan hökuməti həmçinin əməliyyatın Pakistan və Cammu və Kəşmir bölgəsində terror infrastrukturunu məhv etmək məqsədi daşıdığını və bu müddət ərzində 9 mövqeyə hücum edildiyini açıqlayıb.
Bununla belə, Yeni Dehli hökuməti bu əməliyyatların hesablanmış olduğunu və gərginliyin artması demək olmadığını vurğulayıb. Hindistan hökuməti həmçinin Pakistanın heç bir hərbi obyektinə hücum edilmədiyini iddia edib.
Bu arada Pakistan mənbələri Hindistanın Pəncab bölgəsinə hücumları zamanı azı bir uşağın öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.
Pakistan polisi həmçinin Hindistan Kəşmirinin iki sərhəd bölgəsində güclü partlayışlar olduğunu bildirib.
Bu hadisələrdən sonra Pakistan Beynəlxalq Hava Yolları davam edən uçuşların Kəraçiyə yönləndirildiyini və digər uçuşların təxirə salındığını açıqladı.
Digər tərəfdən, Pakistan dövlət televiziyası ölkənin hərbi hava qüvvələrinin Hindistanın iki Rafale döyüş təyyarəsini vurduğunu bildirib.
Pakistanın baş naziri həmçinin vurğulayıb ki, onun ölkəsi Hindistanın istənilən hərbi təcavüzünə qəti şəkildə cavab vermək hüququnu özündə saxlayır.
Pakistan Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, Hindistanın öz hava məkanından uzaqmənzilli silahlardan istifadə etməsini Pakistanın suverenliyinin açıq şəkildə pozulması və beynəlxalq hüququn ciddi şəkildə pozulması adlandırıb və İslamabadın bu hərəkəti qəti şəkildə pislədiyini və lazımi cavab vermək hüququnu özündə saxladığını açıqlayıb.
Sizin rəyiniz