3 mart 2025 - 20:24
Oruc tutan şəxs nələrdən çəkinməlidir?

Biz ABNA olaraq bütün İslam aləmini, eləcə də ümüm bəşəri Allahın rəhmət və bərəkət ayı – mübarək Ramazan ayının gəlişi münasibəti ilə təbrik edir, dünya və axirət işlərində müvəffəq və müəyyəd olmalarını Qüdrətli Allah təaladan təmənna edirik.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Oruc – qürbətən iləllah qəsdi ilə yəni Allaha yaxınlaşmaq üçün übh azanından şam azanına qədər olan müddət daxilində yemək və içməkdən və s. qadağan olunan işlərdən imtina etməkliklə görülən ibadətə deyilir.

Etimologiya

"Oruc" sözü "namaz" sözü kimi Fars dilindən alınmış “روج”-ruc sözünün türk dilində söylənişidir. Necə ki “rus” kəlməsinə orus deyilir. Tatar və digər türk dilli xalqlar da Oruca Uraza deyirlər bu da Fars kəlməsi olan “ruc” sözündən götürülmüşdür. “روج”-ruc qədim Fars dilində isə günəşin doğan zamanından qürub etdiyi vaxtına kimi olan müddətə deyilir. Quranda isə صوم savm və صيام sıyam olaraq göstərilib.

Allah Təalanın Qurani Kərimdə, Bəqərə sürəsinin 183-cü ayəsində  buyurduğuna əsasən: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz!”Oruc digər ümmətlərə vacib olduğu kimi İslam ümmətinə də vacib olmuş bir ibadətdir. Ramazan ayında  müsəlmanlar niyyət edərək bir ay ərzində sübh azanından məğrib azanına qədər oruc tutur, axşamlar iftar açaraq Allah Təalaya ibadət etməklə mənəvi borcunu yerinə yetirirlər.

İslam Peyğəmbəri Həzrəti Məhəmməd buyurur (səlləllahu əleyhi və alih):

  • «Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.»
  • «Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz.»
  • «Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.»

İslamın vacib əməllərindən və insanları kamal həddinə çatdırmaq üçün olan göstərişlərindən biri də orucdur. Qurani-Kərimdə belə buyurulur:

...شَهْرُ رَمَضَانَ ٱلَّذِىٓ أُنزِلَ فِيهِ ٱلْقُرْءَانُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَٰتٍۢ مِّنَ ٱلْهُدَىٰ وَٱلْفُرْقَانِ ۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهْرَ فَلْيَصُمْهُ

“Ramazan ayı insanlara doğru yol göstərən və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim Ramazan ayını-(yəni ayın hilalını) müşahidə edərsə oruc tutsun...” (Bəqərə, 185).

Oruc gərək Allahın əmrinə itaət etmək üçün yerinə yetirilsin. Elə bu orucun niyyətidir. İnsanın oruc niyyətini dildə deməsi vacib deyil. Allahın əmrini yerinə yetirmək üçün sübh azanından məğribə qədər orucu batil edən işləri görməsə kifayətdir.

İmam Sadiq (əleyhi səlam) xüsusi möminlərin orucu barədə buyurur: "Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır."

Mübarək Ramazan ayının birinci gününə məxsus əməllər:

Müstəhəb qüsl etmək;

Mübarək Ramazan ayının vacib orucu niyyəti ilə oruc tutmaq;

Sədəqə vermək və yoxsullara yardım etmək;

İki rükət (müstəhəb) namaz qılmaq; belə ki, birinci rükətdə “Həmd”dən sonra “Fəth” surəsi, ikinci rükətdə isə “Həmd”dən sonra istənilən surə deyilsin.

Oruc tutan şəxs nələrdən çəkinməlidir?

Oruc tutan şəxs sübh azanından günbatana qədər bəzi işlərdən pərhiz etməlidir. Əgər onlardan birini görsə, orucu batil olur. Bu işlərin məcmusuna “orucu batil edən işlər” deyilir. O cümlədən:

* Yemək və içmək

* Qatı tozu boğaza çatdırmaq

* Başın hər yerini suya batırmaq

* Qəsdən qusmaq

* İstimna - (onanizm)

* Cima (cinsi əlaqə)

* Sübh azanına qədər cənabət, heyz və nifas quslunu almamaq

* İmalə (klizma)

* Allahın (cəllə cəlaluh və əzumə şənuh), Peyğəmbərin (səlləllahu əleyhi və alih) və imamların adından yalan danışmaq

Əgər bir insan orucu batil edənlərdən birini bilmədən edərsə, məsələn bilmədən və unutqanlıq üzündən su içərsə tez orucunu batil etməsin. Yadına düşən kimi ki, orucdur tez o işdən əl çəksin və orucunu davam etdirsin. Amma bir kəs üzrlü səbəb olmadan vı yaxud bilə-bilə öz orucunu, orucu batil edən şeylərin biri ilə batil etsə, onda Ramazan ayı bitdikdən sonra öz orucunun qəzasını tutub, aşağıdakı işlərdən birini də etməlidir ki, bunlara kəffarə deyilir.

Ramazan ayının orucunun kəffarəsi vacib olan bir kəs üç şeydən birini etməlidir:

1-Bir qul azad etmək;

2-İki ay oruc tutmaq (birinci 31 günü ardıcıl olaraq, arada fasilə olmadan tutulmalıdır, ikinci 30 günü isə arasında fasilə vermək ilə də tuta bilər);

3-Altımış fəqiri doyurmaq (Onların hər birinə bir müdd təqribən, 750 qram buğda, arpa, un, düyü və bunlara oxşar qidalardan versə, kafidir).

Qeyd: 1-Bu günümüzdə qul azad etmək imkanı yoxdur. Bu baxımdan, iki şeydən birini icra etməyə ixtiyarı var. Həmçinin, buğdanın yerinə bir müdd miqdarında olan çörək də verə bilər.

2-Fəqir – o şəxsdir ki, özünün və ailəsinin illik xərcini təmin edə bilmir və qazanc da əldə edə bilmir.

Əgər bu üç işdən heç birini yerinə yetirmək imkanı olmasa, neçə müddə imkanı çatsa, fəqirə verməlidir. Əgər buna da imkanı çatmazsa, on səkkiz gün oruc tutmalıdır. Əgər bunu da edə bilməsə, neçə günə imkanı çatsa oruc tutmalıdır. Əgər bunu da edə bilməsə, tövbə etməlidir. Qəlbində “Əstəğfirullah” deməsi də kafidir və sonradan imkanı çatdıqda kəffarə verməsi vacib deyil.

Biz ABNA olaraq bütün İslam aləmini, eləcə də ümüm bəşəri Allahın rəhmət və bərəkət ayı – mübarək Ramazan ayının gəlişi münasibəti ilə təbrik edir, dünya və axirət işlərində müvəffəq və müəyyəd olmalarını Qüdrətli Allah təaladan təmənna edirik.

ABNA Xəbər Agentliyi

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Sizin rəyiniz

You are replying to: .
captcha