Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Lütfəli Abdullayevin 100 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.
Apanın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Cahangir Zeynalov, Fərhad Bədəlbəyli və başqaları iştirak ediblər.
Ədalət Vəliyev bildirib: "Mədəniyyət və turizm nazirinin göstərişi ilə bu ilin sentyabrında Şəkidə Lütfəli Abdullayevə həsr olunan gülüş günü keçiriləcək. Lütfəli Abdullayev qısa ömrünün bütün mərhələlərində həm kino, həm də teatr aktyoru kimi Azərbaycan mədəniyyətinə öz töhfəsini verdi. O, ömrü boyu öz sənətinə bağlı oldu, teatrı sevən sənətkar kimi xalq tərəfindən sevildi".
Xalq artisti Fərhad Bədəlbəyli L. Abdullayevlə bağlı xatirələrini danışıb, aktyorun teatr və kino sahəsindəki xidmətlərindən danışıb: "Mən ona Lütfəli əmi deyirdim. Bizim ailənin yaxın dostu, əzizi idi. İnsanlar Lütfəli əmini ona görə sevirlər ki, o da insanları sevirdi".
Xalq artistləri Cahagir Zeynalov, Arif Quliyev, Aleksandr Şarovski və başqaları aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən bəhs ediblər.
Yubiley tədbirində Rus Dram Teatrının, Dövlət Kukla Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivləri L. Abdullayevin səhnə fəaliyyəti ilə bağlı müxtəlif səhnələrlə çıxış ediblər. Tədbirdə L. Abdullayevin səhnə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, Lütfəli Abdullayev 1914-cü il martın 22-də indiki Şəki şəhərində anadan olub.
Oradakı yeddiillik məktəbi bitirib. Bir neçə ay Şəki Fəhlə Gənclər Klubunun dram dərnəyində çalışıb. Klubda kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş vodevillərdə oynayıb. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev konservatoriyanın valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olub.
Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub.
Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Akademik Milli Dram Teatrına keçib. Burada Tulio (“Rəqs müəllimi”, Lope de Veqa), Rəşid (“Kimdir müqəssir?”, Georgi Mdivani), Tağı (“Köhnə dudman”, Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı (“Od gəlini”, Cəfər Cabbarlı), Nadir (“Çiçəklənən arzular”, Məmmədhüseyn Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.
1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzunömürlü tamaşalarında çıxış edib.
Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri komediyalardakı Kərim (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə və Niyazi), Qulaməli (“Dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Trufaldino (“İki ağanın bir nökəri”, Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Hacı Qara (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal (“Keçmişin məişət səhnələri”, Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında libretto müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək olar.
Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmində Vəli rolu olub. O, həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır