Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : apa
cümə axşamı

30 avqust 2012

19:30:00
342402

Qoşulmama Hərəkatının 16-cı Samiti

Elmar Məmmədyarov Tehran Zirvəsində Əli Laricani ilə görüşüb

Görüş zamanı iki ölkə arasındakı münasibətlər, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasında keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində İİR İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycanın surətlə inkişaf etdiyini qeyd edən Ə. Laricani, ölkəmizin güclü dövlətə çevrildiyini vurğulayıb. Ə. Laricani İranın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləyib, ölkəmizin ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini bildirib.

Elmar Məmmədyarov İİR Parlamentinin sədrinə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesinə dair son durum haqqında məlumat verib və münaqişənin həlli üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayıb. Azərbaycan üçün ən mühüm məsələnin torpaqlarımızın işğal olması məsələsi olduğu İranlı rəsminin diqqətinə çatdırılıb. Həmçinin E. Məmmədyarov Azərbaycanın gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayıb.

Görüşdə Məmmədyarov iki Azərbaycan vətəndaşı olan Şəhriyar Hacızadə və Fərid Hüseynovun həbs məsələsini qaldırıb. Nazir Azərbaycan şairlərinin həbsi məsələsinin dövlətimiz və xalqımız üçün böyük narahatçılıq doğurduğunu qeyd edərək, bu məsələnin tezliklə öz həllini tapacağına ümidvar olduğunu söyləyib.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır