Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
şənbə

12 fevral 2022

17:31:35
1228872

Şəhidlərlə Tanışlıq

Hacı Qasim... (1-ci bölüm)

Ayətullah Seyid Əli Xamenei: “Şəhid Süleymani, sözün əsl mənasında, regionda terrorizmə qarşı mübarizənin ən güclü komandiridir. O, məhz belə də tanınır. Başqa hansı komandir onun gördüyü işləri görə bilərdi?! Düşmənin 360 dərəcəlik mühasirəsində olan bir bölgəyə helikopterlə daxil olur, tam mühasirəyə düşür. Komandirsiz qalmış igid gənclər onu görüb cana gəlirlər, ruhlanırlar, mühasirəni yarıb düşməni qovurlar.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA: Qarşınızdakı bu yazı Hacı Qasım Süleymaninin yaxın dostlarından biri olan Əli Şirazi tərəfindən 27 Avqust 2021 tarixdə təlif etdiyi əsərdən iqtibas edilib.
Giriş

Ayətullah Seyid Əli Xamenei

Şəhid Süleymani, sözün əsl mənasında, regionda terrorizmə qarşı mübarizənin ən güclü komandiridir. O, məhz belə də tanınır. Başqa hansı komandir onun gördüyü işləri görə bilərdi?! Düşmənin 360 dərəcəlik mühasirəsində olan bir bölgəyə helikopterlə daxil olur, tam mühasirəyə düşür. Komandirsiz qalmış igid gənclər onu görüb cana gəlirlər, ruhlanırlar, mühasirəni yarıb düşməni qovurlar.


Böyük insan

Ayətullah Seyid Əli Xamenei


O, İslamın və İmam Xomeyni məktəbinin dəyərli yetirmələrindən idi. O, bütün ömrünü Allah yolunda mübarizəyə həsr etdi. Şəhidlik onun bu illərdəki yorulmaz cihadının mükafatı idi.

Hacı Qasim bəlkə yüz dəfə şəhadətdən dönmüşdü; ilk dəfəsi deyildi. Lakin Allah yolunda, vəzifəsini yerinə yetirmək uğrunda heç nədən qorxmurdu; nə düşməndən qorxurdu, nə onun-bunun sözündən, nə də çətinlikdən.

Bizim şəhidimiz çoxdur. Böyük komandirlər arasında da şəhidlərimiz var, sıravi əsgərlərdən də. Ancaq mən Hacı Qasimdən başqa bir şəhid tanımıram ki, dünyanın ən çirkin insanları olan amerikalıların əli ilə şəhadətə qovuşsun və onlar bunu bacardıqları üçün fəxr etsinlər.

Onun cihadı böyük cihad idi, Allah-Taala şəhadətini də böyük şəhadət etdi. Hacı Qasim belə şəhid olmalıydı. Arzusuna çatdı; xoş halına! O, şəhid olmaq üçün dua edir, ağlayır, şəhid dostlarının qəmi ilə yaşayırdı. Xalq Şəhid Qasim Süleymanini çox uca tutdu və bu, onun ixlasının nəticəsi idi. Bütün qəlblərin bu şəkildə ona yönəlməsi onda böyük bir ixlasın olduğunu göstərir. O, böyük insan idi.



Birinci fəsil

Əşirət


Əşirət uşağı

Sərdar Qulamrza Kərəmi


Hacı Qasim əşirət həyatı yaşamışdı. O, Rabor rayonunun Kəlat kəndinə köçmüşdü, amma əşirət həyatı öz yerində qalmışdı. Bu həyatda çadır evləri və maldarlıq var, uşaq dünyaya gələndən qorxusuz böyüyür. Orada şəhər evləri kimi qapı-pəncərə yoxdur ki, bağlayıb qorxmasın. Çadır həyatı ucsuz-bucaqsız düzənliklərdə, dağların arasında, yaylaq və qışlaqlarda keçir. Qapısız, divarsız köçəri çadırlarında yaşamaq adamı qorxmaz yetişdirir. Düşünürəm ki, Süleymaninin uğur səbəblərindən biri onun belə mühitdə böyüməsidir.

Bu həyatın başqa bir xüsusiyyəti şəhər evlərində olan açarın, qıflın olmamasıdır. Siz oranın yaxınlığından keçsəniz, mütləq içəri dəvət edəcəklər, imkanları çatandan gətirəcəklər. İctimai adamlar deyillər, çox da təklif etməzlər; çəkinmədən insanların əlindən tutub süfrə başında oturdar, olanlarını qarşısına qoyarlar. Sərdar Süleymaninin xarakteri də beləydi; istər Sarəllah diviziyasında olanda, istər ölkənin şərqində quldurlara qarşı mübarizə aparanda, istərsə də Böyük Rəhbərin fərmanıyla Qüds qüvvələrinə komandanlıq edəndə. Hər üç dönəmdə onda bu əhval-ruhiyyə görünürdü, xalqla əlaqəsi tamamilə yerindəydi. İnsanları yaxşı qarşılamaq onun çox bariz cəhəti idi. Yanına gələnin dövlət məmuru, yoxsa ən aşağı ictimai təbəqəyə mənsub olduğu onun üçün önəmli deyildi; həmişə eyni cür rəftar edirdi. Bu xarakter onun təbiətində idi. O, iti düşüncəli adam idi, cəmiyyətinə, dost-düşmənlərinə qarşı dəqiq analiz qabiliyyəti vardı. Bunlar onu Qasim Süleymani etdi.
 


Qol saatı

Yusif Əfzəli


Yeddinci sinfə qədər Raborda təhsil aldıq. Orada yuxarı siniflər üçün məktəb olmadığına görə Kirmana getdi. Allah xalası oğlu Şəhid Əhməd Süleymaniyə rəhmət eləsin! O, Əhmədlə və kiçik qardaşı Söhrabla birlikdə Kirmanda bir otaq kirayə edib, təhsil alırdı.

Qasim Söhraba bir mexaniki qol saatı alıb demişdi: "Bunu gərək sübh saat 5-də doldurasan; yoxsa, xarab olar".

Onlar öz zəngli saatlarının zəngini səhər saat 5-ə qururmuşlar. Söhrab da həvəslə qol saatını qurmaq üçün oyanırmış. Bu zaman Hacı Qasim ona deyirmiş: "Qardaşım, əzizim, indi ki oyanmısan, sübh namazını da vaxtında qıl". Kiçik qardaşıyla davranış tərzi beləydi.


Polkovnikin bağırtıları

Əli Məhəmmədi


Qasim Kəsra otelinin sahibi Məhəmməd Yəzdanpənahın oğlu Əli ilə dost idi. Birlikdə otelə gedib günü 25 riala işləməyə başladıq. Əvvəlcə restoranda ofisiant işləyirdi, sonra isə otel inzibatçısı oldu. Bir müddətdən sonra bu işi də buraxıb su idarəsində işləməyə başladı.

İnqilabdan öncə şəhərlərdə hicabsızlıq adi bir məsələ idi. Açıq geyimli bir qız dördyoldan keçəndə polis ona qarşı tərbiyəsizlik etdi. Qasim oteldən bu səhnəni görüb özünü saxlaya bilmədi, gedib həmin polisin papağının altından vurdu. Papaq yerə düşdü. Polis özünə gəlincə Qasim bir zərbə ilə onu yerə sərdi. Bölməyə xəbər verdilər. Polislər onu tutmağa gələndə qaçıb fəhlələrin otağına girdi, çarpayının altında gizləndi. Polis rəisi polkovnik Azəri idi. Otelin foyesində qışqırırdı ki, onları tapıb başlarına oyun açacağam. Onu tapmadan getdilər. Polislər deyirdilər ki, Tehrandan partizanlar gəlmişdilər; vurub qaçdılar!


Kənd və ailə mühiti

Mahmud Süleymani


Qənat Məlik əhalisinin dini inancları güclüdür; məhərrəm ayında, Tasua və Aşura günlərində rövzə məclisləri keçirir, halal-haramlarına fikir verir, yaxşı işlərə dəvət edir, pis işlərdən çəkindirir, vacib əməllərini yerinə yetirməyə, haram işlərdən çəkinməyə çalışırlar. Bunlar Hacı Qasimin inkişafına səbəb olan amillərdəndir. Ata-anasının dindarlığı onun ozamankı şəraitdə Allah yolunu tutmasına - namaz qılmasına, Quran oxumasına, sağlam idman və əyləncələrlə məşğul olmasına, günahlardan çəkinməsinə səbəb olmuşdu. Onun dini inkişafında ailəsinin böyük rolu olmuşdur.


İnqilabdan öncəki gizli məclislər

Söhrab Süleymani


Hacı Qasim mənəvi və inqilabi baxımdan ən çox Hacı ağa Kamyabdan təsirlənmişdir. Onun dərslərinə, söhbətlərinə gedirdi. Həmin günlərdə məclislər gizli keçirilirdi. Oraya Şəhid Əhməd Süleymani ilə gedirdi. İnqilabi ruhlu yeniyetmə olduğumuza görə bu məsələni bizdən gizlətməyə çalışırdı ki, başımıza iş açmayaq.

Ağa Kamyabın məclisləri Məlik məscidində keçirilirdi. Sonralar came məscidində Hacı ağa Həqiqi ilə tanış oldu, məscidin yürüşlərində iştirak etdi. Əhməd Süleymani camaata zərər yetirməsinlər deyə Pəhləvi polislərinin qarşısında dayanırdı. Hacı Qasim də əksəri idmançı olan bir qrup gənclə camaatın önündə dayanıb onları polislərdən və qaraçı muzdurlardan qoruyurdu.
 

Münafiqlərə qarşı

Şəhid Əli Məhəmmədi

İnqilabın ilk günlərində münafiqlər dördyola toplaşıb kitab satır, siyasi məsələləri müzakirə edirdilər. Onlar gənclərin önünü kəsib təbliğat aparırdılar. Hacı Qasim onlarla vuruşan yeganə insan idi. Bir neçəsi ilə tək bacarırdı. Onlarla dalaşır, təbliğatlarına mane olurdu.



İkinci fəsil
İraq-İran müharibəsi


Ağır yaralı

Səməd Şəfii


Bostan əməliyyatı başlayanda güclü yağış yağırdı. Düşmən də çayın o tərəfindən dayanmadan atəş açır, nəfəs almağa macal vermirdi. Əməliyyat zamanı geniş bir mina sahəsi ilə rastlaşdıq. Uşaqların bir neçəsi orada şəhadətə qovuşdu. Həssas və çətin əməliyyat idi. Batalyon komandirimiz Mürtəza Qurbani bir iclasdan ötrü şəxsi heyətdən aralanmışdı. Mən minalanmış sahə barədə məlumat vermək və tapşırıq almaq üçün onun ardınca getdim. Torpaq istehkamın arxasında getdiyim yerdə bir Toyota avtomobili gördüm. Onun yanında bir nəfər üzü üstə yerə yıxılmışdı. Yaxınlaşanda tanış gəldi, amma dəqiqləşdirə bilmədim. Bədənini çevirib gördüm ki, Qasim Süleymanidir, top mərmisinin qəlpələri qarnını yırtıb, içalatı bayıra tökülüb. O, öz batalyonu ilə birlikdə bizim briqadaya ezam olunmuşdu, əməliyyat üçün bizə kömək edirdi.

Hacı Qasim huşunu itirmişdi. Suyu götürüb yarasını yudum, qarnını şalla bağlayıb maşının arxasına uzatdım və tibb məntəqəsinə təhvil vermək üçün Süsəngirdə qayıtdım.

Hacı Qasim iki-üç il öncə Təbrizə gələndə Aşura diviziyasında çıxış etdi. O, həmin hadisəyə toxunub onu xilas edən adamı axtardığını söylədi. Dostlar məni təqdim etdilər, birlikdə səmimi söhbətləşdik.


Xəritə

Amanullah Fəllah


Süsəngirddə bir məktəbə yerləşmişdik. Oranın dekabr havası yaxşı olur. Həyətdə oturmuşduq. Həzrət Əbəlfəzl batalyonunun komandir müavinlərindən biri yerə xəritə sərib bir neçə dəqiqə ərzində əməliyyat bölgəsini hamımıza göstərdi. Bostanı azad etməkdən ötrü əməliyyata başlayacaqdıq. İclas bitməkdə olanda Hacı Qasim gəldi. Soruşdu ki, bölgəni tam öyrənə bildiniz? Dedik ki, bəli. Uşaqların birini qaldırıb soruşdu: "Sabilə körpüsünü xəritədə göstər".

Dostumuz göstərə bilmədi. Hacı Qasim xəritəni bir daha bizə izah etdi. Bu isə bir saata yaxın vaxt apardı. O, suallara cavab verdi, əsas və ara yolları, düşmənin toplaşdığı və tanklarının yerləşdiyi yerləri göstərdi. Sözünü bitirəndən sonra bir neçə nəfərə sual verdi ki, hamının başa düşdüyünə əmin olsun.


Gənc komandir

Sərdar Mürtəza Qurbani


Bostanı azad etmək tapşırılmışdı. Briqada yenicə yaradılmışdı, müxtəlif şəhərlərdən gəlmiş döyüşçülər vardı. Batalyonlarımızın biri 300 kirmanlı döyüşçüdən ibarət idi. Bu döyüşçülərin komandiri Qasim Süleymani adlı bir gənc idi. Onu ilk dəfə Süsəngirddə düşmənin artilleriya hücumu zamanı gördüm. Söhbətləşəndə mənə dedi: "Əməliyyatın ən ağır yerini mənə tapşırın".

Sabilə körpüsünə və Bostan şəhərinə qədər sağ istiqamət əməliyyatın ən çətin hissəsi idi. Bizim briqadamız Aşura və Kərbəla briqadalarına düz həmin nöqtədə birləşəcəkdi. Bu həssas istiqaməti Qasim Süleymaniyə verdik. O zaman çoxlu çatışmazlıqlar vardı. Batalyonun yemək-içməyini və digər ehtiyaclarını Qasimin özü təmin etməli, üstəlik, müharibəyə yeni gəlmiş bəsicilərə təlim keçməli idi. Bu batalyona rəhbərlik etmək asan iş deyildi. O, əməliyyata qədər batalyonu yerbəyer etdi.

Əməliyyat günü hücuma keçməzdən öncə gəlib dedi:

- Özüm də şəxsi heyətlə getməliyəm.

- Müavinini göndər, - deyib razılaşmadım.

- Yox, gərək özüm gedim, - israr etdi.

Əməliyyat parolu elan olunandan sonra şəxsi heyətlə birlikdə hücuma keçdi. Düşmən güclü atəş yağdırırdı. Onun batalyonu birinci mövqeyi ələ keçirib ikinciyə doğru yola düşdü. Çox keçmədən batalyon komandirinin şəhid olması barədə xəbər gəldi. Bir neçə nəfəri göndərib dedim ki, nə olursa-olsun, onu geri gətirin.

Onu Süsəngirddə təcili yardım məntəqəsində gördüm. Huşunu itirmişdi. DŞK pulemyotunun gülləsi sağ əlini parça-parça etmişdi. Sinəsinə də bir qəlpə dəymişdi, qanaxması vardı. Təcili yardım maşını gəlib onu Əhvaza apardı.

Əməliyyatdan iyirmi gün sonra onu qərargahda gördüm. Əhvazdan Məşhədə aparıb əlini bərpa etmişdilər. Hələ tam sağalmamış qolu boynundan asılı vəziyyətdə cəbhəyə qayıtmışdı. Orada onu ağa Möhsün Rzayiyə təqdim edib dedim: "Bu ağa Süleymani həm cəsurdur, həm də qüdrətli. O, bir briqadanı asanlıqla idarə edə bilər".


Əməliyyatı düşünməsi

Əkbər Mühaciri


Xəbər gəldi ki, Hacı Qasim yaralanıb. Soruşdum ki, haradadır? Dedilər ki, bir BMP-nin altında.

Bir neçə nəfərlə oraya getdik. Biz çatanda dedilər ki, onu geriyə apardılar. Mavi furqonumuzla Süsəngirdə gedib onu axtarmağa başladıq. Əhvaza göndərmişdilər. Özümü Nadiri xəstəxanasına yetirdim. Yerdə çoxlu yaralı vardı. Hacı Qasimi orada gördüm; əlinə və qarnına qəlpə girmişdi.

Çox yaralı vardı. Həkimlərin ona nə vaxt baxacaqları bəlli deyildi, vəziyyəti də ağır idi. Girami ilə birlikdə maşınımızdan bir xərək gətirdik, heç kimə demədən hacını maşına qoyub Neft şirkətinin xəstəxanasına yola düşdük. Orada ona əməliyyat paltarı geyindirib birbaş əməliyyat otağına apardıq. Həkim əvvəlcə etiraz etdi ki, siz kimsiniz və s. Lakin sonra razılaşıb dərhal əməliyyata başladı. Otaqdan çıxanda yarımhuşlu vəziyyətdə döyüş əməliyyatının nəticəsini soruşurdu.
 


Cəbhə aşiqi

Əli Mühaciri


Bostanda batalyon komandiri idim. Vəziyyət çox ağır idi. Hacı Qasim bizim yüzmetrliyimizdəki düşmən istehkamının vəziyyətini öyrənməyə gedəndə bir snayper binokllu Qoryunovla sağ qolunun əzələsindən vurmuş, güllə əzələni aparmışdı. Hacını xəstəxanaya çevrilmiş Nadiri otelinə aparmışdılar. Bizə xəbər verdilər, onu görməyə getdik.

Güclü bədəni vardı. Ruhiyyəsi də çox yaxşı idi. Bizimlə getmək istəyirdi, amma həkim icazə vermir, hava çirkli olduğuna görə yarasının irinləyəcəyini bildirirdi. Həkimin təkidini görüb orada komandir əmrindən istifadə etdik: "Gərək qalasan!"

Ertəsi gün, ya da o biri gün axşam vaxtı bir də gördüm ki, təmas xəttində uşaqların arasında gəzir. Dedim ki, burada nə edirsən? Xəstəxana paltarında, yaralı halda qaçıb gəlmişdi.

Qüds yolu əməliyyatında da qarnından və əlindən yaralandı. Onu Məşhədə xəstəxanaya apardılar. Bağırsaqlarını əməliyyat etdilər, əlini tikdilər. Onda da həmin vəziyyətdə özünü Kirmana yetirib ezam qrupuyla cəbhəyə gəlmişdi.



Dirəniş

Sərdar Mürtəza Qurbani


Bostanın azadlığında on iki batalyonum vardı. Mən briqada komandiri təyin ediləndən sonra Süsəngirdə getdik, təxminən 5 km uzunluğunda olan bir bölgəni mənə verdilər. Tabeliyimdə olan batalyonlardan birinin komandiri Qasim Süleymani idi, birinə də Nurəli Şüştəri başçılıq edirdi. Bu batalyonlara vermək üçün texniki imkanlarımız, silah-sursatımız yox idi. Briqada təzə yaradılmışdı; maşınımız yox idi, xörəyi Əhvazdan gətirirdik. Batalyonlar kəndlərə səpələnmişdilər. Mənim Qasimlə dostluğum orada başlandı.

Kərbəla-5 əməliyyatında Qasim Süleymani ilə birlikdə Bəsrənin 6 km-liyində idik. Bəsrənin şərqindəki çalalardan keçmək istəyirdik. Hərəmiz bir tərəfdən Balıq kanalı körpüsünün üstündən keçib birləşdik. Qasim körpünün sağındaydı, mən solunda. Arxamızda 1 km uzunluğunda kanal yerləşirdi. Şəxsi heyətlərimiz bir-birinə çatdı, orada dayandıq. Qasim Süleymani, mən və Məhəmməd Rəsulullah (s) diviziyasının komandiri Məhəmməd Kövsəri 22 gün çəkmələrimizi ayaqlarımızdan çıxarmadıq. Yalnız dəstəmaz alanda bir dəqiqəliyə çıxarıb-geyinirdik. Orada düz-əməlli su içmədik, paltarlarımız qan içindəydi. Ayaq üstə namaz qıla bilmirdik. O qədər mərmi və raket atmışdılar ki, yeriməyə yer yox idi. Düşmən səngərlərimizi parça-parça etmişdi. Buna baxmayaraq, 22 gün orada qaldıq və böyük qələbə əldə etdik.


Qorxmaz adam

Məcid Bəhrami


Həsən Baqiri Qasim Süleymaniyə çox etimad edirdi. Mən Həsənə yaxın idim. Bəzən bizim təlimlərimizə gəlib hər sahədə fikir bildirdiyimizi görür, elə bilirdi ki, fikir sahibiyik. O, Qüds yolu əməliyyatında Hacı Qasimin briqada komandiri olmasını qəbul etmişdi, ancaq özü razılaşmayıb dedi: "Hələlik bu batalyonları idarə edim, kifayətdir".

Sonra Qasim Süleymani Şuş mövqeyində işləməyə başladı. Bir neçə gündən sonra Həsən mənə dedi: "Dostun çox qorxmaz adamdır! Sənin təlimdə dediklərini o, döyüşdə icra edir".

Qasim Süleymani düşmənin zirehli və aviasiya qüvvələrinə qarşı mübarizə taktikasını döyüş zamanı şəxsi heyəti ilə birlikdə icra etmişdi.
 


Yeni döyüşçülər

Həmidrza Müinüddini


Həmidiyyə düşərgəsində səs-küyə oyandıq. 1981-ci ilin yayı idi. Hələ Sarəllah briqadası yaradılmamışdı. Çoxlu get-gəl vardı. Nə baş verdiyini düz-əməlli anlamamış bir nəfər gəlib hamıya əmr etdi ki, yük maşınına minsinlər. Hirslənir, qışqırırdı. Yola düşməyə hazırlaşdıq. Bildik ki, Kərxəkur müdafiə mövqeyində köməyə ehtiyac var; düşmən hücuma keçmişdi.

Bu zaman Qasim Süleymani sürətli motosikletlə gəlib yük maşınının yanında dayandı. Hərbi təlimçi idi, hamı onu tanıyırdı. Motosikletindən düşmədən şəxsi heyətə əmr verən adamdan soruşdu:

– Bu uşaqları hara aparırsız?

– Döyüşə gedirik, düşmən hücuma keçib, - həmin adam tələsik cavab verdi.

Hacı Qasim motosikleti saxlayıb yerə endi, bir sıçrayışla yük maşınının arxasına qalxdı, uşaqlardan soruşdu: "Sizin komandiriniz kimdir?"

Komandirimizin yaşı uşaqlardan çox idi, uzun yumru saqqalı vardı. İrəli çıxdı. Hacı Qasim ondan soruşdu: "Bu uşaqlar harda təlim keçiblər?"

Komandirimiz dinmədi. Çünki heç bir təlim görməmişdik. Süleymani sualı təkrarladı. Uşaqların biri cavab verdi: "Biz təlim keçməmişik... burda keçəcəkdik".

– Enin aşağı. Əvvəlcə gərək təlim görəsiniz, - Süleymani dedi.

Bizi yük maşınına mindirmiş tələskən adam etiraz etdi:

– Hücum başlayıb, canlı qüvvəyə ehtiyacımız var.

– Təlim keçməmiş canlı qüvvə hansı işə yarayar? – deyə Süleymani bizə baxıb əlavə etdi: - Enin aşağı! Enin aşağı! Özünüzü ölümə verməyin! Məlum deyil ki, bu halda şəhid hesab olunarsız, yoxsa yox.

Bizi aparmağa gəlmiş adam daha heç bir söz demədi.


Təzə nəfəsli briqada

Sərdar Əbdülhüseyn Rəhimi


Qüds yolu əməliyyatından sonra, hələ yaraları sağalmamış Qolf meydanına qayıtdı. Həsən Baqiri onu istiqamət komandirinin müavini kimi Şuş cəbhəsinə göndərdi. Şuş cəbhəsi aktiv cəbhə idi, orada düşmənin atəşi və şəhidlərin sayı çox idi. Buna görə oraya Sarəllah adını qoymuşdular.

Fəthülmübin əməliyyatı üçün korpusa bir neçə yeni briqadanın əlavə edilməsi qərara alınanda Həsən Baqiri dedi ki, Hacı Qasim Qulaməli Rəşidlə və Hacı Əhməd Mütəvəssilianla birlikdə Abbas düzü cəbhələrinə getmək üçün Qolfa gəlsin. Əhməd Mütəvəssilian Kürdüstandan yeni gəlib Məhəmməd Rəsulullah (s) briqadasını yaratmışdı. Orada hər iki yeni briqadanın komandirlərinə bir istiqaməti tapşırdılar. Abbas düzü cəbhəsi Hacı Qasimə, Şavəriyyə cəbhəsi də Hacı Əhmədə verildi. Digər cəbhələr də Hüseyn Xərrazi və Əbdülməhəmməd Raufinejad kimi digər komandirlərə həvalə olundu.

Hacı Qasim Kirmana gedib öncəki əməliyyatlarda iştirak etmiş bəzi qardaşları topladı, briqada yaratmaq barədə danışdı. Mən onda Zərənddəydim. Bir axşam Məhəmmədrza Bəni-Əsədi Hacı Qasimdən mesaj gətirdi; mühüm bir məsələ ilə bağlı Qüds qarnizonuna toplaşmağımızı istəmişdi. Bu qarnizon Bəsic və korpus qüvvələrinin təlim mərkəzi idi, müxtəlif əməliyyatlarda iştirak etmiş, bəziləri kirmanlı uşaqların komandiri olmuş fəal döyüşçülər orada təlim keçirdilər.

Mən Kirmana getdim. Qüds qarnizonuna çatanda cəbhə uşaqlarının bir neçəsini gördüm. Kərxənur əməliyyatında komandir olmuş və yaralanmış Əli Mühaciri, habelə Həmid Əsgəri, Mehdi Kaziruni, Mənsur Humayunfər, Həsən Baqiri, Cavad Rəzm Hüseyni, Bəni-Əsədi və Hacı Qasim bir otaqda oturmuşdular. Hamısı müharibə komandirləri idi. Hacı Qasim Kirman vilayətinin döyüşçülərindən ibarət müstəqil bir hərbi birləşmə yaratmağın vacibliyi barədə danışdı. Briqadanın komandirləri orada təyin olundular. Ondan sonra Hacı Qasim, Hacı Həmid Əsgəri və Məhəmmədrza Bəni-Əsədi ilə birlikdə Əhvaza getdik, Kərbəla qərargahında ilkin razılıqdan sonra Dokuhəyə yollanıb yarımtikili bir binanın bir neçə blokunu təhvil aldıq. Sonradan Kirmandan gələn döyüşçülər oraya yerləşib təlimlərə başladılar.

Kirmanın yeni yaradılan batalyonuna ad qoymaq üçün müxtəlif təkliflər verildi. Hacı Qasim Şuş cəbhəsindəki Sarəllah istiqamətinin adını təklif etdi. Mübarək və müqəddəs söz idi. Ondan sonra şəxsi heyət Sarəllah briqadasının tərkibində cəbhəyə göndərildi.


Briqada komandiri

Sərdar Möhsün Rzayi


Qasim Süleymani ilə ilk dəfə Qüds yolu əməliyyatından sonra, Fəthülmübin əməliyyatından qabaq görüşdüm. Bizim dəyərləndirməmiz bu idi ki, Abbas düzü və Dehloran bölgəsini azad etməkdən ötrü on bir briqadaya ehtiyacımız var. Lakin cəmi üç briqadamız vardı. Cəld işə başlayıb on briqada yaratdıq. Gördüm ki, bir briqada da lazımdır, onsuz mümkün olmayacaq. Əməliyyat bölgəsinin şimalında, Eyn-xoş yüksəkliklərindən Dehlorana doğru gedən istiqamətdə bir neft quyusu vardı, Əziz Cəfərini həmin bölgənin qərargah komandiri təyin etmişdik. İmam Hüseyn (ə) briqadası onun sərəncamındaydı, ona başqa bir briqada da verməli idik. On birinci briqadanın işi çətin idi: Yüksəkliklərdən düzə enməli, düşmən mövqelərinin içinə girməli idi. Bu briqada barədə Həsən Baqiri ilə danışdım. Gedib fikirləşdi, təxminən iki gündən sonra gəlib dedi: "Kirmanlı döyüşçülərin bir birləşməsi var, Qüds yolu əməliyyatında da iştirak ediblər. İndi Əhvazda bir məktəbə yerləşmişlər. Qasim Süleymani adlı bir qardaş onlara başçılıq edir”. Dedim ki, iclas təyin edin.

Qasim Süleymani gəldi. Bu, onunla ilk iclasımız idi. Təxminən 1982-ci ilin yanvarı olardı, Fəthülmübin əməliyyatına hazırlaşırdıq. Ona bir neçə hərbi sual verdim. Bildi ki, planımız var. Dedi ki, mən hazıram. Soruşdum ki, bir briqada yarada bilərsinizmi? Dedi ki, əlbəttə yaradarıq.

On birinci briqadanı yaratmağı ona tapşırdım. Əməliyyata təxminən iki ay qalırdı. Briqadanı çox yaxşı şəkildə nizama salıb adını Sarəllah qoydu.

Qasim Süleymani əməliyyat zamanı yüksəkliklərdən enib Dehloran magistralından keçdi və Abbas düzünə girdi. Birinci və ikinci gün onu mühasirəyə aldılar, güclü atəşlə sıxışdırdılar. Üçüncü və dördüncü gün də ağır döyüş getdi. Nəhayət, briqadasının müqaviməti nəticəsində düşmənin təzyiqi azaldı və Fəthülmübin əməliyyatı uğurla başa çatdı.

Bu əməliyyatda Qasim Süleymaninin Sarəllah briqadasına komandirliyi dəqiqləşdi.


Partlayışlar arasında

Sərdar Əbdülhüseyn Rəhimi


Fəthülmübin əməliyyatında bir neçə günlük döyüşdən sonra üstünlük qazanıb mövqeyi bərkidə bildik. Əməliyyatın üçüncü mərhələsinə hazırlaşanda iraqlılar geri çəkildilər və biz bütün hədəfləri ələ keçirdik. Sonuncu gün Mehdi Kaziruni ilə birlikdə düşmənləri qovurduq. Onlar tankla, zirehli, ağır və yüngül maşınlarla qaçırdılar, piyada onlara çata bilmirdik. Maşınlara minib tez tankların ardınca yola düşdük. Kaziruniyə qibtə edirdim; hamıdan öndə idi, ona çata bilmirdik. Əbu Qüreyb boğazından keçdik. Bizdən sonra Hacı Qasim, Həsən Baqiri və başqa bir neçə nəfər maşınla gəlirdi. Onlar avtomobil əleyhinə minaya düşdülər, Hacı Qasim və digərləri maşın parçalarıyla birlikdə havaya uçub hərəsi bir tərəfə düşdü. Maşın məhv olsa da, özləri çox da xəsarət almadılar.
 


Atəş altında

Doktor Seyid Məhəmməd Hüseyni


Sarəllah briqadası  Beytülmüqəddəs əməliyyatının birinci mərhələsində ilkin irəliləməyə baxmayaraq, öz mövqeyini bərkidə bilməyib geri çəkilməyə məcbur oldu. Əziz şəhidlərimizin bir qisminin cəsədi iki istehkamın arasında qalmışdı, ora düşmənin amansız atəşi altında olduğuna görə cəsədləri gətirmək imkansız görünürdü. Bu məsələ bəzi döyüşçülərdə böyük ruh düşkünlüyü yaratmış, döyüşü davam etdirmək üçün tərəddüdə düşmələrinə səbəb olmuşdu.

Bir gün motosikletlə ön xəttə getmişdim. Briqada komandiri Hacı Qasim Süleymaninin üstüaçıq avtomobilini orada gördüm. O, uşaqları ruhlandırmağa və əməliyyatın ikinci mərhələsi üçün bölgəni öyrənməyə gəlmişdi. Düşmən Beytülmüqəddəs əməliyyatının növbəti mərhələsinin başlayacağından qorxub hər yeri top və raketlərlə ağır atəşə tuturdu. Birdən raketlərin biri Hacı Qasimin maşınının yanına düşdü, onun və sürücünün ətrafını qatı tüstü və toz-torpaq bürüdü. Bir neçə anlığa yerimdə donub qaldım, elə bildim ki, komandir də şəhid oldu. Saniyələr ağır ötürdü. Nəhayət, avtomobil və onun iki sərnişini göründü. Hacı Qasimin bədəninə, xüsusən də ayağına bir neçə qəlpə dəymişdi, lakin heç nə olmamış kimi yollarına davam etdilər. Biz də motosikletlə dolanbac yolda onun ardınca gedib təcili yardım çadırlarına çatdıq. Hacı maşından çətinliklə düşdü. Paltarları dəlik-deşik olmuşdu. Dostumla mən qollarının altına girib kömək etmək istədik, amma qoymadı, işarə ilə bildirdi ki, döyüşçülərin əhval-ruhiyyəsinə mənfi təsir etməsin deyə özüm gedəcəyəm.

İkinci dəfə idi Hacı Qasimin yaralanmasını yaxından görürdüm. İlk dəfə 1981-ci ilin yayında Saminüləimmə əməliyyatından öncə hərbi təlimçi olduğu ərəfədə əlinə güllə dəymişdi. Onun sızıltısını isə heç vaxt eşitməmişik.


Yaxşı dərs

Sərdar Möhsün Rzayi


Beytülmüqəddəs əməliyyatında Qasim Süleymanini və onun başçılıq etdiyi briqadanı Kərbəla qərargahına göndərdik. Qərargah komandiri qardaşımız Əhməd Qulampur idi. Ora Beytülmüqəddəs əməliyyat zonasının cənub cəbhəsi idi, Süsəngird və Həmidiyyə şəhərlərini və Kərxənur çayının arxasındakı əraziləri əhatə edirdi. Biz bilirdik ki, ora ən ağır döyüş yeridir. Çünki ordudakı dostlarımız bir il öncə Nəsr əməliyyatında orada olmuş və tam qələbə qazana bilməmişdilər. Orada düşmən ayıq idi. Karun çayı səmtində isə, əksinə, qəfil yaxalanma hiss olunurdu. Bu baxımdan, Kərbəla qərargahının tabeliyində olan briqadaları ağır döyüşün gözlədiyini təxmin edirdik. Bizim qüvvələrimiz Karundan keçənə qədər onlar Əhvaz-Xürrəmşəhr magistralını tutub cənub cəbhəsinə qarşı təzyiqi azaltmalı idilər.

Sarəllah briqadasının tapşırığı ağır idi. Proqnoz belə idi ki, ən azı, 4-6 gün ən ağır vəziyyətdə müqavimət göstərəcək, eyni zamanda bacardıqları qədər irəliləyib əsir tutacaqlar. Həmçinin onlara tapşırılmışdı ki, düşmən qaçmaq istəsə, mühasirəyə alıb iki güclü diviziyasını məhv etsinlər.

Əməliyyat başlandı. Döyüşlər proqnoza uyğun gedirdi. Cənub cəbhəsindəki döyüşçülər səhərə qədər irəliləyib birinci və ikinci istehkamı ələ keçirdilər. Düşmən ertəsi gündən cənub cəbhəsinə ağır hücumlara başladı. Bəlkə də bu qərargahın mərkəzi briqadasına Qasim Süleymani başçılıq edib fədakarcasına müqavimət göstərməsəydi, düşmən müdafiə mövqeyini gücləndirdiyinə əmin olub qüvvələrini başqa cəbhəyə göndərəcəkdi. Bu iki cəbhə – cənub və Karun cəbhələri, əslində, iki cinah və iki qol kimi idi; biri zəif çıxış etsəydi, düşmən öz qüvvəsini o biri qolda cəmləyib hər iki cinahın irəliləməsinin qarşısını alacaqdı.

Qasim Süleymaninin bu əməliyyatda güclü müqavimət göstərməsi önəmli idi. Onlar həm də düşməni təxminən 30 km geri qovdular.


Qasimin sözləri

Sərdar Möhsün Rzayi


Xürrəmşəhrin azadlığından sonra keçirilən ilk əməliyyat Ramazan əməliyyatı idi. Biz Bəsrənin yaxınlığına, düşmənin mühüm hərbi mərkəzlərinin, o cümlədən 9-cu diviziyasının yaxınlığına qədər irəlilədik. Lakin bu əməliyyatın ümumi üç mərhələsində məqsədlərimizə çata bilmədik. Bu, müharibənin ikinci ilindəki ilk məğlubiyyətimiz idi. Komandirlərin arasına pıçapıç düşmüşdü. Bəziləri deyirdilər ki, kaş briqadaları diviziyaya çevirməzdik. Bunları eşidir, ağrı və narahatlığı təcrübə edirdim.

Bütün komandirləri toplayıb dedim: "Qardaşlar, mən bu gecə ömrümün ən acı anlarını yaşadım. Sizi toplamışam deyim ki, gəlin, səmimi söhbət edək: Əgər vuruşmaq istəyirsinizsə, yenidən bir-birimizə qardaşlıq əli verib hücuma keçək; kim vuruşmaq istəmirsə, mənim kiməsə söyləməyəcəyimə əmin olub, öz düşərgəsinə qayıda bilər. Mən hansısa diviziyanın geri qayıtdığını heç kimə söyləməyəcəyəm”.

Bunu deyəndə komandirlərin bəzisi ağladı, ortaya sükut çökdü. Bu zaman Qasim Süleymani ayağa qalxıb sükutu pozdu. O dedi: "Buradakı bütün qardaşlar problemləri aradan qaldırmağa gəliblər. Onlar sağlam şəkildə evə qayıtmaq istəmirlər, bunu ayıb bilirlər. Hamı İmam Hüseynin (ə) dostlarından olmağa gəlib. Qardaşlar cəbhələrə gələndə ata-analarından, ailə-uşaqlarından keçəcəklərinə and içiblər. Onlar üçün dünya deyə bir mövzu yoxdur. Xahiş edirəm ki, işinizi davam etdirin, çünki əməliyyatların davamıyla bağlı qardaşların heç birinin etirazı yoxdur".

Qasimin sözləri hamıya təsir etdi. Ondan sonra Hüseyn Xərrazi ayağa qalxıb oxşar sözlər dedi. Vəziyyət bütünlüklə dəyişdi və biz növbəti əməliyyatlara hazırlaşdıq.
 

Baxıcı komandir

Nasir Tövbəyiha


Sarəllah diviziyasında batalyon komandiri idim. Qasim Süleymani bizim diviziya komandirimiz idi.

Bir axşam bütün komandirləri toplayıb qarşıdakı əməliyyat barədə danışdı. Hərə bir fikir bildirdi. Axırda qərara gəldi ki, əməliyyatı təyin olunmuş zamanda yerinə yetirək.

Bir neçə gün ötdü. Uşaqlar hazırlaşırdılar. Qərara alınmışdı ki, əməliyyata gecə başlansın və düşmənləri qəfil yaxalayaq. Sıra ilə yola düşdük. Çəkmələrimizin altına kovrolit yapışdırmışdıq ki, səs çıxmasın. Səma o qədər təmiz idi ki, ulduzları saya bilirdik. Təsadüfən, həmin gecə sərin külək də əsirdi.

Yavaş-yavaş düşmən mövqelərinə yaxınlaşdıq, təpələrin arxasında dayanıb hücum əmrini gözləməyə başladıq. Bir qədər sonra əmr verildi. Birdən-birə iki tərəfdən başımıza güllə və mərmilər yağmağa başladı. Mən irəlidə qaçır, atəş açırdım. Birdən belimdə bir ağrı hiss edib yerə yıxıldım, huşumu itirdim. Gözlərimi açanda xəstəxanada idim.

Çarpayıdan qalxmaq istədim, amma bacarmadım. Yenə cəhd elədim. Əllərimi qaldırmaq istədim, mümkün olmadı. Qışqırdım: "Həkim... həkim... kömək elə, ayağa qalxım..."

Həkim yaxınlaşıb dedi: "Sakitləş!"

- Nə baş verib, - deyə ağlaya-ağlaya soruşdum.

Həkim başını aşağı salıb dedi:

- Təəssüf ki, mümkün deyil! Qəlpə onurğa sütununuza dəyib, iflic olmusuz.

Bir də istehkamların arxasında, uşaqların yanında vuruşmayacağıma inana bilmirdim. Bu o demək idi ki, mənim üçün müharibə bitdi!

Bir neçə gün xəstəxanada qaldım. Sonra yaxınlarım gəlib məni apardılar. Bir neçə ay evdə qaldım. İşim çarpayıda uzanmaq idi. Yalnız otağın tavanını görürdüm. Oradakı qara nöqtələrin sayını əzbərləmişdim.

Aprelin ortalarında qapı döyüldü. Həyat yoldaşım gedib qapını açdı. Qulağıma tanış səs gəldi, amma dəqiqləşdirə bilmədim. Bir az sonra içəri girdi. O idi; Qasim Süleymani məni görməyə gəlmişdi. Qollarını açıb məni səmimi şəkildə qucaqladı, bir neçə dəfə öpdü.

İşlərinin çoxluğuna baxmayaraq, yanımda oturdu, bir neçə saat birlikdə söhbətləşdik. Ondan sonra yoldaşıma dedi: "Qərara gəlmişəm ki, hər il novruz bayramında gəlib Nasirə qulluq edim".

Yoldaşım razı olmurdu, amma israrını görüb razılaşdı.

Düz 25 il bu işi gördü. Hər il novruz bayramında Kirmana gəlib ata-anasına baş çəkir, iki-üç gün qalandan sonra gəlib mənim baxıcım olurdu; yemək bişirir, məni hamama aparırdı. Komandirim yanımda olduğuma görə sevinirdim, amma ona əziyyət verdiyimə görə narahat idim. Allah ondan razı olsun!


Alov adası

Sərdar Möhsün Rzayi


Xeybər əməliyyatında düşmənin təzyiqini azaltmaqdan ötrü Qasim Süleymaninin cəsarət və düşüncəsindən istifadə etdik. Əməliyyatda yaxşı kreativ işlər görülmüşdü: çalalardan keçib Dəclənin o tərəfinə çatmış, Bağdadla Bəsrənin əlaqəsini kəsmişdik. Lakin Xeybər adalarını saxlaya bilməmişdik. İraqlılar bu bölgəyə Məcnun adaları deyirdilər. İraqın ən böyük neft platformalarından biri oradaydı. Bu adaları çalalarda düzəltmişdilər, quyulardan neft çıxarırdılar. Strateji əhəmiyyətə malik yer idi. Hətta İmam Xomeyni buyurmuşdu ki, adaları qorumalısınız. Lakin düşmən oranı elə bombardman edirdi ki, müharibə başlayandan heç birimiz elə güclü atəş görməmişdik. Bu nəticəyə gəlmişdik ki, adalarda müdafiə olunmaqla kifayətlənməyək və hər bir mümkün yolla düşmənin təzyiqini azaldaq.

Qasim Süleymanini çağırdım. Gəldi. Rəhim Səfəvi də oradaydı. Dedim: "Qasim, sən və Sarəllah briqadası Beytülmüqəddəs əməliyyatında düşməni Kuşka qədər qovmusuz. İstəyirəm ki, ona oxşar bir əməliyyat həyata keçirəsiz".

– Nə zaman? – deyə soruşdu.

– Bu axşam, ya da sabah; ən geci, o biri gün.

– Kəşfiyyat işləri görmək, şəxsi heyəti gətirmək və batalyonları məlumatlandırmaq üçün az vaxtımız var.

– Problemimiz də budur. Nəyin bahasına olursa-olsun, düşmənin təzyiqini azaltmalıyıq. Əgər bir iş görməsək, Cənubi adanı itirəcəyik. Güman ki, Şimali ada da işğal olunacaq və vəziyyət pisləşəcək. Problemləri bilirəm, Qasim, sən və şəxsi heyətin bu bir-iki gündə iki ay qədər işləməlisiniz.

Həmin gün Rəhim Səfəvi və Qasim Süleymani ilə birlikdə xəritə üzərində və göydən çəkilmiş şəkillərlə ehtimali problemləri araşdırdıq. Qasimin bu tapşırıqda iki problemi vardı: Biri zaman məsələsi idi - şəxsi heyətini tezliklə əməliyyata hazırlamalı idi; ikincisi də sağ-solunda heç kimin olmaması və korpusun bütün briqada və diviziyalarının adada məşğul olması idi. Yalnız bunu dedi: "Mənim üçün istehkam qurun".

Quruculuq cihadı təşkilatı və korpusun mühəndis-istehkam qüvvələri hamılıqla körpü çəkməkdə və digər imkanlar qurmaqda idilər. Bir tərəfdən, cəld istehkam qurmalıydıq, digər tərəfdən də Qasim ağır bir əməliyyatla irəliləməli, düşmənə təhdid yaratmalı, istehkamlarını tutmalı, qalasına girib o tərəfdən çıxmalı idi.

Təhlükəli tapşırıq idi. Lakin Qasim Süleymani qəbul etdi. Bəzi komandirlər belə vəziyyətdə onlarla səbəb göstərib boyun qaçırırlar. Lakin o, qəbul edib dedi: "Gedib işə başlayıram, inşallah, qardaşlarıma kömək edəcəyəm, başlarına bu qədər atəş yağmasına qoymayacağam!”

Getdi, cəsarət və tədbirliliklə müvəffəqiyyət qazandı.


İntiqam

Mahmud Səncəri


Xeybər əməliyyatında qardaşım şəhid olmuşdu. Düşmənlərin hamısını öldürmək istəyirdim. Onlara qarşı qəlbimdə böyük nifrət yaranmışdı. Əgər imkanım olsaydı, onları diş və dırnağımla olsa belə, parça-parça edərdim.

Bir ildən sonra, Bədr əməliyyatından qabaq beynim hələ də intiqam havasındaydı. Uşaqların birinə dedim: "Bu əməliyyatda nə qədər əsir tutsan, mənə ver. Gərək qardaşımın qisasını alım".

Bu söz uşaqların arasında yayıldı. Əməliyyata bir neçə gün qalmış məni Arxa cəbhə xidmətinə yazdılar. Bunun səbəbini öyrənməkdən ötrü batalyon komandirimiz Əli Binaya yaxınlaşdım. Dedi ki, Hacı Qasimin göstərişidir.

- Mən qumbaraatanam, necə yəni arxa cəbhəyə gedim?! - təəccüblə dedim.

- Komandirin əmrinə əsasən, əməliyyatda iştirak etməməlisən, - deyə sakitcə cavab verdi.

Narahat oldum. Namaz vaxtı Hacı Qasimi görüb özümü təqdim etdim. Əvvəlcə xatırlamadı, sonra tanıdı.

- Biz Allahdan ötrü vuruşuruq. Şəxsi məsələləri müharibəyə qarışdırma, - dedi, sonra mehribancasına əlavə etdi: - Əgər bu niyyətlə əməliyyata gedib düşmən mərmisindən ölsən, şəhidlərin arasında yerin olmaz.
 


Bəy atası

Səkinə Pakzad Abbasi


Yeganə oğlum Əlini böyütməkdən ötrü çox çətinliklər çəkmişdim. Həyat yoldaşımla qızım üç il xəstə yatmışdılar. Evin həm kişisi olmuşdum, həm də qadını. Hər gün səhər Əli məktəbə gedirdi, mən də kərpic zavodunda işləməyə.

Hələ inqilab qələbə çalmamış həyat yoldaşımla qızım vəfat etdi. Pulumuz yox idi, günü bir çörəklə keçirirdik. Əli deyirdi ki, ana, Allah bizi sınayır.

Çox köhnə bir evdə yaşayırdıq. Əlinin cəmi bir dəst paltarı vardı. Onu yuyanda geyinməyə heç nəyi olmurdu, soyuqdan üşüyə-üşüyə paltarlarının qurumasını gözləyirdi.

Nəhayət, inqilab qələbə çaldı, müharibə başladı. Müharibə zamanı bir gün Hacı Qasim gəlib dedi:

– İstəyirəm Əlini evləndirim.

– Əli evlənmir, - dedim.

– Evlənər.

– O, müharibədən sonra evlənmək istəyir.

– Mən onu razı salaram.

– Əgər razı sala bilsən, savab iş görmüş olarsan.

Əli gələndə dedim:

– Hacı Qasim deyir ki, evlənməyə razılıq vermisən. Düzdür?

– Allah necə məsləhət görsə, – deyə cavab verdi.

– Nəzərində kimsə var?

– Vaxtı gələndə deyərəm.

Bir neçə gündən sonra bildim ki, ağa Kiyaninin qızını nəzərdə tutubmuş. Mən onları tanımırdım. Əli gəlinimin döyüşçü qardaşları olan Rza və Kazimlə dost imiş. Danışıb razılaşdıq və axşam elçi getdik.

Hacı Qasim də oraya gəlib dedi: "Bu Əli canlı şəhiddir. Var-dövləti yoxdur; heç nəyi yoxdur, amma qeyrətli, təmiz və sədaqətli insandır. Onunla evlənməyə razısınızsa, burda deyin; razı deyilsinizsə də deyin".


Əlişir qülləsi

Məhəmmədhüseyn Taliqani


İyirmi yaşım vardı. 1985-ci ilin isti avqustunda kəşfiyyatçı uşaqlardan beş nəfərlə birlikdə Ərvəndkənar bölgəsinə göndərildim. İraqlıların Ərvəndin o tayındakı canlı və texniki imkanlarını görməkdən ötrü müşahidə qülləsinə getdik. Başları kəsilmiş xurma ağaclarının arasında 60 metr hündürlüyündə, kisələrlə örtülmüş bir metal qüllə vardı. Ona Əlişir qülləsi deyirdilər. Göz işlədikcə, ətrafında heç bir canlı varlıq yox idi. Təsadüfən, iraqlılar da elə bilirdilər ki, ora tərk olunmuş boş bölgədir.

Səhərlər qülləyə çıxır, təmiz havada Küveyt sahillərini də göstərən binoklla düşmən mövqelərinə baxır, qeydlərimizi yazır, günbatan çağı yerə enirdik.

Qasim Süleymani kəşfiyyat və informasiya işində çox diqqətli idi, məlumatların toplanma prosesinə çox ciddi nəzarət edirdi. Kəşfiyyat komandiri Hüseyn Yusif-İlahi və Sarəllah diviziyasının Kəşfiyyat rəisi Ramazan Raci  ilə birlikdə həftədə iki dəfə oraya gəlir, topladığımız məlumatları diqqətlə öyrənirdi.

Güclü küləkli bir gündə səhər çağı qülləni gizlədən kisələr yelləndi və iraqlılar bizim oraya çıxdığımızı gördülər. Bir neçə dəqiqədən sonra qüllə tank mərmisindən titrədi. Qüllənin başında beşikdəki uşaq kimi yellənirdik. Bizə doğru iyirmi mərmi atdılar, biri qüllənin ortasına dəydi. Allahın köməyi ilə yıxılmadıq, qorxudan pillələri iki-iki enib aşağı düşdük.

Qasim Süleymani axşam baş çəkməyə gələndə altımızı da səngərdə görüb soruşdu: "Niyə postda deyilsiz?"

Macəranı danışdıq. Hüseyn Yusif-İlahi gülərək dedi: "Əgər bir də sizə doğru tank mərmisi gəlsə, ucadan deyin ki, ya Hüseyn!" Ramazan Raci dedi: "Əgər ikinci mərmi atılsa, deyin ki, ya Ramazan". Hacı da onun arxasınca dilləndi: "Əgər sizi dayanmadan vursalar, deyin ki, ya Hüseyn, ya Ramazan, ya Qasim".

Qasim Süleymaninin ürəkləndirici sözləri bütün qorxularımızı yox etdi.


Qayğıkeşlik

Mahmud Hacızadə


1985-ci ilin son günlərində 410-cu batalyonla Bəndər-Abbasa getdik. Üzgüçülük təlimini 15-20 günə bitirmək lazım idi. Qərara gəlmişdik ki, dalğalarla əlbəyaxa olaq. Vəlfəcr-8 əməliyyatına bir neçə gün qalanda bildik ki, bu təlimlər təlatümlü Ərvənd çayını keçmək üçün imiş.

Çayın kənarında geyindiyimiz xilasedici jiletlər bədənlərimizi yaralamışdı. O vəziyyətdə suya girirdik, duzlu su yaralarımızı yandırırdı. Bir müddətdən sonra da yaralar şişib irinləyirdi.

Bir gün diviziya komandiri Hacı Qasim bizə baxış keçirməyə gəldi, vəziyyətimizi görüb narahat oldu, Hacı Əhməd Əminidən soruşdu: "Uşaqlar üçün bir şeyə ehtiyacınız yoxdur?"

Hacı Əhməd cavab verdi: "Əgər bir qədər xurma olsa, uşaqlar yeyib enerji toplasalar, pis olmaz".

Ertəsi gün bir Toyota Land Cruiser dolu xurma gəldi. Maşın dayananda xurmaların şirəsi yerə tökülürdü. Çox keyfiyyətli xurmaydı.

Hacı Qasim Süleymani demişdi: "Uşaqların bədənləri yaralanıb, bəzilərinin gözləri xəsarət alıb. Mən bunların hamısını gördüm, amma heç biri şikayət etmədi".


Keşikçi

Mustafa Müəzzinzadə


Fav bölgəsi həssas yer idi, güclü nəzarətə ehtiyac vardı. Qasim Süleymani orada düşərgənin keşiyini çəkən bəsiciyə demişdi: "Heç kimi içəri buraxmırsan!"

Axşam Hacı Qasimlə birlikdə avtomobillə bölgəyə baxmağa getdik. Həmin keşikçinin yanına çatanda papaqlarımızı aşağı çəkdik ki, bizi tanımasın. Dedik ki, içəri girmək istəyirik. Buraxmadı. İsrar etdik, yenə buraxmadı. Dedik ki, Hacı Qasim Süleymani tərəfindən məktubumuz var, icazə ver, girək; yenə içəri buraxmadı. Axırda papaqlarımızı qaldırdıq. Bizi görəndən sonra icazə verdi.

Hacı Qasim maşından enib keşikçini öpdü, ona təşəkkür etdi. Bu rəftar ona məxsus idi.


Açar

Sərdar Möhsün Rzayi


Vəlfəcr-8 əməliyyatında iki mühüm hadisə baş verdi: Biri bu idi ki, ondan sonra korpus və ordu müstəqil əməliyyatlar həyata keçirdilər; ikincisi də bu idi ki, ardıcıl şəkildə uğursuzluqla üzləşdiyimizə görə əsas diviziya komandirlərindən bəzisi Ərvənddən keçməyə tərəddüd edirdi. Hətta Qasim Süleymanidən öncə Qüds yolu əməliyyatında açar rol oynamış əsas diviziya komandirlərinin ikisi dedi ki, biz döyüşçülərimizi bu əməliyyata razı sala bilmərik. Əməliyyatın birinci, hücumçu sırasına əlavə etmək üçün komandirlərin hansını seçəcəyimizi fikirləşirdik. Bu zaman Qasim Süleymani üçün bir pillə də yüksəlmə imkanı yarandı; belə ki, Vəlfəcr-8 əməliyyatında ən mühüm tapşırıqlardan və açar bölgələrdən birini ona tapşırdıq. O, Ərvənd cəbhəsindən keçib Xor Abdullah cəbhəsinə girməli və düşmənin iki diviziyasını məhv etməli idi. Bu iki diviziya arxa-arxaya dayanmışdı. Yəni Ərvəndin arxasında müdafiə olunan iraqlılardan geridə, Fars körfəzinə doğru istiqamətdə başqa bir diviziya da vardı. Məqsəd bu idi ki, İran körfəzdən hücum edə bilməsin.

İki düşmən diviziyasını məhv etmək çətin iş idi. Bu, hər birinin biraylıq zamana ehtiyacı olan iki əməliyyatın bir gecədə icra olunması demək idi. İraq artilleriyası da bölgədəydi, HY-2 raketləri ilə Fars körfəzindəki və Xarək adasının neft platformalarındakı gəmilərimizi vururdular. Qasim Süleymaninin diviziyası Ərvənd çayından və Fav şəhərindən keçib artilleriya bazasına daxil olmalı, Fars körfəzinə doğru müdafiə mövqeyi seçmiş düşmən briqadasını məhv etməli idi.

Dua edirdim ki, ona verdiyim tapşırığı yaxşı yerinə yetirsin. O, qısa müddət ərzində Ərvənd cəbhəsini fəth edib bütün batalyonlarını çaydan keçirdi. Şəxsi heyət Fav şəhərindən də keçib Fars körfəzi ilə üz-üzə dayanmış briqadaya hücum etdi.

Qasim Süleymani əməliyyatdan sonra mənə dedi: "Qardaş Möhsün, biz Ərvənddə hücuma keçəndə bunlar qaçdılar. Hara getdiklərini görmək üçün arxalarınca gəzirdik. Briqada komandirinin otağına girib gördüm ki, tələsik qaçıb. Əvvəlcə top, raket və digər imkanlarını götürdük, sonra mövqeyə gedib qaçan canlı qüvvələrini məhv etdik”.

Qasim Süleymani və onun diviziyası Vəlfəcr-8 əməliyyatında hamıdan uğurlu çıxış etdi.
 


Göz yaşının gücü

Höccətül-İslam İsmayıl Səadətnejad


Cümə günləri evinə ruhani və məddah gəlirdi, ailə-uşaqları, bəzən də qonşuları ilə birlikdə rövzə məclisi keçirirdi. Evində mənəvi aura vardı. Bir neçə dəfə orada rövzə oxumaq səadətinə nail olmuşam. Yadımdadır, Hacı Qasim bir məclisdə ucadan ağlayırdı. O, döyüşçülərə də bu eşqi öyrətmiş, bir ənənə kimi yaymışdı. Bütün döyüşçülər əhlibeytçi idi, amma etiraf etməliyəm ki, Sarəllah diviziyasında axan göz yaşları başqa birləşmələrdə yox idi.

Hacı Qasim əzadarlığı bir mədəniyyət bilir, batalyon komandirlərinə də tövsiyə edirdi. Vəlfəcr-8 əməliyyatından öncə diviziyanın dalğıc batalyonunun komandiri Hacı Əhməd Əminidən soruşdu ki, vəziyyət necədir? Cavab verdi ki, çox yaxşıdır. Dedi ki, nə üçün? Cavabı belə oldu: "Çünki uşaqlar yaxşı ağlayırlar".

Bir axşam batalyona getdim. Həzrət Zəhranın (ə) şəhadət günləri idi. Uşaqlar söhbətimin əvvəlindən axırına qədər ağladılar. Hacı Qasim bu uşaqları çox sevir, ən çətin işləri onlara tapşırırdı. O düşünürdü ki, döyüşçü göz yaşları ilə düşmən mövqeyini tuta, düşmən səngərlərini ələ keçirə bilər.


Əsgərin canı

Hüseyn Əmir Teymuri


Təxminən 70 gün sürmüş Vəlfəcr-8 əməliyyatından sonra uşaqlar çox yorulmuşdular. Döyüşçülərin çoxu ya yaralanmış, ya da şəhid olmuşdu.

Bir gün Hacı Qasim mənimlə əlaqə saxlayıb göstəriş verdi ki, uşaqların bir qrupunu irəli aparım, onun olduğu yerdə bir səngər qursunlar. Batalyonumun uşaqlarını götürüb getdim, ona bir səngər düzəltdik. Sonra uşaqları buraxıb mənə dedi ki, sən qal.

Səngər düzəltdiyimiz yer bizdən qabaq iraqlıların artilleriya ərazisi olmuşdu. Uşaqlar gedəndən sonra mənə dedi ki, gedək irəli.

Düşmən mövqelərinə doğru irəlilədik. Göydən dolu kimi güllə yağırdı. Katyuşa raketləri, uzaqmənzilli top və 60 mm kalibrli minaatan mərmiləri başımızın üstündən keçirdi. Hacı Qasim isə o qədər soyuqqanlı idi ki, zərrə qədər də qorxmurdu. Mən başıma dəbilqə qoymamışdım. Hacı Qasim mənə dedi: "İmam fətva verib ki, əməliyyat zamanı başınıza dəbilqə qoyun".

- Sizin də dəbilqəniz yoxdur, - deyə ona baxdım.

Bir papaq götürüb mənim başıma qoydu, birini də özünün. Yolumuza davam etdik. Bizə və əsgərlərinə ürəyi yanırdı; həmişə tapşırırdı ki, canınızın qədrini bilin, özünüzü qoruyun. Şəxsi heyətin canı onun üçün önəmli və əziz idi.


Atadan qayğıkeş

Həmid Şəfii


Bir axşam Salman kanalında uşaqlarla dalğıc məşqləri edirdim. Hava soyuq idi, amma başqa yolumuz yox idi. Hacı Qasim bizə baş çəkməyə gəldi. Onu uzaqdan gördüm: yarımpalto geyinmiş, papağının ipini möhkəm bağlamışdı. Yaxınlaşıb bizi o vəziyyətdə görəndə suyun kənarında oturub ağlamağa başladı. Sudan çıxıb ona yaxınlaşdım. Məni görən kimi dedi:

– Siz nə edirsiniz?!

– Özünüz görürsünüz, – deyə cavab verdim.

Gözlərini islanmış üz-başımdan ayırıb uşaqlara dikdi. Uşaqlar gülüb ona əl yelləyirdilər. Ertəsi gün bildim ki, hacının göstərişi ilə uşaqların salamatlığına görə iki qurban kəsiblər. Həm şəxsi heyətə təşəkkür etmək, həm də uşaqların təzə ət yeyib güclənməsini istəyirdi.


Allahın razılığından ötrü iş

Abbas Qütbəddini


Bəhmənşir çayında Kərbəla-4 əməliyyatına hazırlaşırdıq. Bir qrupumuz dalğıc təlimi keçirdi, bir qrup atıcılıq və s. Hacı Qasimin oraya gəldiyini xəbər verdilər. Təlimçi tez şəxsi heyəti toplayıb dedi: "Diqqətinizi toplayın, biabır olmayasız".

Hacı Qasim təlimlərə baxa-baxa bizə çatdı. Qorxurdum ki, hacının qarşısında yaxşı çıxış edə bilmərəm. Bir-bir bizə baxıb təlimçiyə dedi: "Uşaqların birini seç, nə öyrəndiklərinə baxım".

Təlimçi mənə dedi: "Paltarını geyin, suya gir".

Qorxduğum başıma gəldi. Dalğıc formasını geyinib nəzir etdim ki, problem yaranmasın, həzrət Fatimeyi-Zəhraya (ə) 50 salavat deyərəm.

Suya yaxınlaşıb dalğıc üzgəclərini geyindim. Suya girmək istəyəndə təlimçi gəlib dedi: "Ehtiyatlı ol, hacının yanında korlama".

- Allaha təvəkkül! – dedim.

Dar dalğıc geyimi məni narahat edirdi. Bir neçə dəfə dərin nəfəs alıb diqqətimi topladım və suya girdim. Təlimçi nə öyrətmişdisə, Hacı Qasimin yanında icra etdim. Suyun soyuğu yadımdan çıxmaz. Uzun məsafəni üzüb qayıtdım və tövşüyə-tövşüyə quruya çıxdım. Hacı Qasim məni təriflədi, lakin narahat görünürdü, sanki nəsə demək istəyirdi. Düşündüm ki, yəqin, suda olduğum bir neçə dəqiqədə bir hadisə baş verib. Ürəklənib ona yaxınlaşdım, yavaşca dedim: "Hansısa səhvə yol vermişəm ki, narahatsız?"

Təbəssümlə mənə baxıb dedi: "Qardaşım, mən kiməm ki, mənim üçün üzəsən?! Mən kiməm ki, mənim üçün korlamayasan?! Dalğıc formasını əyninə geyinəndə Allahı yanında bil, ürəyində de ki, Allahın razılığından başqa bir məqsədim yoxdur; Allahdan ötrü üzürəm və Ondan ötrü şəhadət istəyirəm. Harada yaşasan, Allahın razılığını həmişə birinci bil".

Həmin gün Hacı Qasimdən yaxşı dərs öyrəndim.


Minaçı uşaqların şikayətləri

Sərdar Mürtəza Hacıbaqiri


Bir gün Hacı Qasim məni çağırdı. Hirsli görünürdü; qaşlarını düyünləmiş, alnı qırışlanmışdı. Soruşdu:

– Niyə minaçı uşaqları bu qədər incidirsən?

– Hacı ağa, mən heç kimi incitməmişəm, – deyə cavab verdim.

Bir kağızı mənə sarı uzadıb dedi: "Bunu oxu".

Minaçı uşaqların bir qismi ona məktub yazıb şikayətlənmişdilər. Məktubda deyilirdi: "Qardaş Mürtəza kəşfiyyata və əməliyyat üçün keçid açmağa yaxın dostlarını göndərir, bizi isə dəstək batalyonlarına verir".

Hacı Qasim dedi: "Məktubu oxuyanda ölüm təhlükəsinə getməkdən ötrü bir-biri ilə rəqabət aparan və "Niyə bizi ölümə göndərmir?" deyə komandirlərindən şikayət edən uşaqlara heyran qaldım".


Hamı kimi

Müvəhhid Əmiri


Kərbəla-5 əməliyyatında korpusun Quru Qoşunlarının qərargahında idim. Bu əməliyyat ərəfəsində bir gün dostlardan bir neçəsi ilə birlikdə Bəsrənin şərqinə, Balıq kanalına kəşfiyyata getdim. Ora əməliyyatın ən uc nöqtəsi idi, düşmən qüvvələri ilə cəmi bir neçə metr məsafəmiz vardı. Bir qədər sonra Hacı Qasimin orada olduğunu bildim. Ondan soruşdum:

– Burda nə edirsiz?! Siz diviziya komandirisiz, sizin yeriz bura deyil. Burda snayperlər var.

– Müvəhhid, məgər mənim diviziyanın digər uşaqlarından nə fərqim var ki, arxada qalam?! Mən də digərləri kimiyəm, aramızda fərq yoxdur, – deyə cavab verdi.


Vəfalı komandir

Sərdar Əbdülhüseyn Rəhimi


Hacı Qasimlə Cəmşidi bir gün kəşfiyyat məqsədi ilə, minalanmış bir kanala girdilər. Təxminən 2 metr hündürlüyündə böyük kanal idi, yerli adamlar müharibədən öncə düzəltmişdilər. Ehtiyatla kanalın axırınacan getdilər. Orada bir pulemyotçu səngəri vardı. İraqlılar istehkamın üstündə oturmuşdular. Həmin istehkamın vəziyyətini öyrəndilər. Qayıdanda Hacı Qasim öndən gedirdi, Cəmşidi də arxasınca. Birdən Cəmşidinin ayağının altında bir mina partladı. Hacı Qasim onu belində geri gətirib təhlükəsiz bir yerə qoydu. Ayağı topuqdan kəsilmişdi. Özü də yaralanmışdı. Qayıtdı. Öz mövqeyimizə çatanda huşunu itirdi.


Kəşfiyyat-diversiya rəisi

Əli Nəcibzadə


Bir gün mənə dedi: "Əli, gedək, kəşfiyyatçı uşaqlara baş çəkək".

Şəhid Kaziruni düşərgəsində idik. Kəşfiyyat səngərinə doğru yola düşdük. Səngərin pillələrindən enəndə biləyimdən tutub dedi: "İstəyirəm səni diviziyanın Kəşfiyyat rəisi kimi təqdim edim".

– Hacı, belə etmə, qəbul etməyəcəm, – deyə cavab verdim.

O, israr edirdi, mənsə razılaşmırdım. Dedim ki, mən heç vaxt Hüseyn Yusif-İlahi, Məhəmmədrza Kazimizadə, Məhəmmədrza Muradi, Ramazan Raci və Mehdi Qeybi kimi şəhidlərin yerini tuta bilmərəm.

Şəhidlərin adı Hacı Qasimin halını dəyişdirdi. O dedi: "Mən bunu sənə vacib edirəm". Dedim: "Mən özümü daha yaxşı tanıyıram; qəbul etmirəm".

Birdən gözləri yaşla doldu, mənə dedi: "Ölkənin bu vəziyyətində ağa Möhsün imama "Qəbul etmirəm" desə, xəyanət etmişdir. Əgər mən ağa Möhsünə "Qəbul etmirəm" desəm, cinayət etmişəm. Sən də mənə "Qəbul etmirəm" desən, həm cinayət etmisən, həm xəyanət!"

Daha ağzımı aça bilmədim. Təsdiq əlaməti olaraq, əlimi çiyninə qoydum. O vaxtdan müharibənin sonuna qədər Sarəllah diviziyasının Kəşfiyyat-diversiya rəisi oldum.


Qar içində

Həmid Şəfii


Xurmalın azadlığı zamanı Hələbçə dağlarını qar örtmüşdü. On beş nəfərlə birlikdə kəşfiyyatdan qayıdırdıq. Bir yerə çatanda uşaqların çoxu sağ tərəfdən getmək istəyirdi, amma hacı razı deyildi; fikri bu idi ki, düz dağa çıxıb o tərəfə keçək. Sağ tərəfdən gedəndə yol qısalırdı, amma düşmən oranı raketlə vururdu; üstəlik, uçqun təhlükəsi də vardı. Uşaqlar yorğunluqdan sağdan getmək istəyirdilər. Hacı etiraz etmədi, ancaq dedi ki, özü dağdan gedəcək. Xətrini çox istədiyimə görə mən də onunla getdim. Qırx beş dəqiqə üzüyuxarı çıxdıq. Dağın arxasını təxminən üç metr hündürlüyündə qar örtmüşdü. Ağır-ağır hərəkət edirdik. İki yüz metr irəliləyəndən sonra hacı qarın üstündə oturdu. Üzü bir qədər saralmışdı. Mən qorxdum, soruşdum ki, nə oldu?

- Həmid, daha bacarmıram, - dedi və təəccübləndiyimi görüb əlavə etdi: - İndi yadıma düşdü ki, 24 saatdan çoxdur heç nə yeməmişəm; taqətim qalmayıb.

- İndi nə edək?

- Beynim əmr edir ki, hərəkət elə, amma ayaqlarım sözümə baxmır, - zəif səslə dedi.

- Həmid, sən düz irəlilə, dağdan aşağı sürüş. Uşaqlara çatanda de ki, gəlsinlər...

Sözünü bitirməyə qoymadım.

- Hava qaralır. Səni burda tək qoya bilmərəm. Belimdə aparacam.

– Yox, apara bilməzsən.

Mən israr edirdim, o isə razılaşmırdı. Axırda dedim:

– Hacı, sən Allah, ayağa qalx, gedək.

Sevgi dolu baxışla mənə baxdı, əlini qaldırıb dedi:

- Əgər əl boyda çörək olsaydı, yeyib qalxardım.

Bunu deyəndə sanki beynimdə qığılcım yarandı. Yadıma düşdü ki, dar gündən ötrü balon gödəkcəmin cibinə ləbləbi və kişmiş tökmüşəm. Üzüm güldü. Əlimi cibimə saldım, sellofanı çıxarıb ona uzatdım. Gözlərinəişıqgəldi, sellofanı ala-ala dedi:

- Çox vəfasızsan, Həmid, ləbləbi ilə kişmişi yeyə-yeyə gəlirsən, səsini də çıxarmırsan, mənsə burda acından ölürəm!

- Yox, vallah...

Qarlı dağın başındakı o gülüşünü indi də xatırlayıram. Ləbləbi və kişmişi yeyə-yeyə məni ələ salırdı. Özünə gələndən sonra bir qədər qar götürüb ağzına qoydu, sonra dizi üstə qalxıb əli ilə yavaşca sinəmə vurdu.

- Çəkil, Həmid, qalanı mənlikdir!

İyirmi dəqiqədən sonra dağın kənarına çatdıq və oradan üzüaşağı sürüşdük.


Kəşfiyyat

Məhəmmədəli Namazian


Vəlfəcr-10 əməliyyatından iki ay öncə Əhvazdan qərbə getdik. Ertəsi gün Sarəllah diviziyasının komandiri ilə birlikdə kəşfiyyata gedəcəkdik. Sayımız çox idi. Bir neçə maşınla Dezliyə qədər getdik, orada maşından enib yolun qalanına piyada davam etdik. Qar hər yeri örtmüşdü. Bir sıra ilə hərəkət edirdik. Kəşfiyyatçı uşaqlar öndən gedirdilər. İraqlıların gördükləri bölgə idi, gözləyib axşam yola düşdük. Hacı Qasim də irəlidəydi. Səhərə yaxın çatdıq. Həmin gün bir qədər ətrafı öyrəndik. Günorta Dezliyə doğru qayıdanda düşmənin gördüyü bir bölgəyə çatdıq. Tələsirdik. Həmin həssas bölgədən keçib bir yolayrıcına çatdıq. Həmid Şəfii dedi: "Gərək bu tərəfdən qayıdaq". Diviziyanın Kəşfiyyat rəisi Əli Nəcibzadə isə dedi: "O tərəfdən getməliyik".

Mən əmin idim ki, Nəcibzadənin göstərdiyi istiqamət düzgündür. Axırda dedi ki, iki dəstə olaq. Bir qrup Hacı Qasimlə birlikdə o yoldan getdi, bizsə bu biri yoldan.

Havanın ala-toranlığında Nəsr cihadının səngərinə çatdıq. Çox acmışdıq. Qarda yol yerimək çətindir, adam çox enerji sərf edir. Bəzi yerlərdə qar çalanın üstünü örtmüşdü; kim keçirdisə, çalaya düşürdü, çıxmaq çətin olurdu. Mən Hacı Qasimin də olduğu o biri qrupa görə narahat idim. Gecikmişdilər. Allah bilir ki, onlar gələnə qədər nə qədər nəzir-niyaz etdik.

Bir saatdan sonra gəldilər. Onlar da çox acmışdılar. Uşaqlardan bir neçə peçenye alıb onlara apardım. Hacı Qasimin əlləri elə donmuşdu ki, peçenyeni aça bilmirdi.


Komandirin belində

Əli Nəcibzadə


Vəlfəcr-10 əməliyyatında tamamilə qarla örtülmüş 8 km-lik bir yol vardı. Bu yol Soren sərhəd dağlarındakı Veşkinav dərəsinə qədər davam edirdi. 1988-ci il, fevralın 29-u idi. Dərəyə doğru getdiyim yerdə bir nəfərin qarın içində oturduğunu gördüm.

– Ağa, qalx, gedək, bədənin donar, – dedim.

Bir söz demədi, mən də yoluma davam etdim. İrəlidə başqa bir nəfərin də oturduğunu gördüm. Ona da dedim ki, qardaş, qalx, bədənin donar. O da heç bir söz demədi. Yolda belə iki-üç nəfər gördüm. Axırda Mələxxor yüksəkliyinə qalxdım. Hacı Qasim səngərdəydi. Səngərin ətrafındakı adamların arasından keçib içəri girdim. Hacı Qasim Seyid Cavad Hüseyni ilə birlikdə bir nəfəri masaj edirdi. Ona salam verdim. Mənə dedi:

– Əli, yolda kimsə qalmayıb?

– Qalıb, hacı, uşaqların iki-üçü mərmi gətirirdi. Soyuqdan büzüşüb oturmuşdular, dedim ki, hərəkət etsinlər, – deyə cavab verdim.

Hacı Qasim bir neçə nəfəri onları xilas etməyə göndərdi. Masaj etdikləri adam ayıldı. Bir nəfər onu 2 km-lik qarlı yolla təcili yardım məntəqəsinə aparmalı idi. Hacı Qasim onu belinə qoyub yola düşdü.


Komandir əmri

Ələkbər Həsənzadə


Vəlfəcr-10 əməliyyatı bitdi. Diviziya komandiri Hacı Qasim döyüşçülərinə müraciət edərək bildirmişdi ki, azad edilmiş Xurmal və Hələbçə şəhərlərində əhalinin əmlakına toxunmasınlar. Orada toyuq-cücə, qoyun və inək çox idi. Hacı Qasim əmr etmişdi ki, kimsə bir şey yeməsin, əhalinin toyuq və qoyunlarına əl vurmasın. Demişdi ki, xarab olan qidaları yeyib pulunu mağazaya qoya bilərsiniz, xarab olmayan şeylərə isə toxunmağa haqqınız yoxdur. O tapşırmışdı ki, kim belə bir iş görsə, cəbhədən qovulacaq.


Komandir, yoxsa döyüşçü

Məsud Hüseynçari


Müharibənin son günlərində, 598 saylı qətnamə qəbul ediləndən sonra Səddam üstünlük əldə etməyə ümidlə geniş hücuma keçdi. Əhvazdan 100 km uzaqlaşmış tankları yenidən nizamlı şəkildə şəhərin 25 km-liyinə gəldi.

Qasim Süleymani əlinə silah götürüb adi bir döyüşçü kimi vuruşurdu. Mən silahı ondan alıb dedim: "Sizin işiniz komandirlikdir. Vuruşmağı biz əsgərlərə həvalə edin".

Düşmənin yenidən irəlilədiyi həmin günlərdə tədbirli davrandı, düşmən çatmazdan öncə bir neçə körpünü partlatdı; düşmən də yolunu Bəsrəyə doğru dəyişməyə məcbur oldu.

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!