Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

6 fevral 2022

09:14:58
1226422

Şəhidlərlə Tanışlıq

Şəhid Əli Təcəllayinin xatirə və əlyazmaları (3-cü bölüm)

“...“Amerikanın səsi” radiosu və “Vaşinqton Post” qəzeti 24 mart 1984-cü ildə ABŞ prezidenti cənab Reyqana verilən xəbərdarlığı dərc etdi. Orada deyilirdi: "Cənab Reyqan! Bu gün bütün ictimai rəy Kremlə və Sovetlərə meyillənib. Öz arxanıza baxın, İranı və Ayətullah Xomeynini görün. Onlar siyasi bölgüdə üçüncü güc kimi İkinci dünya müharibəsindən sonrakı coğrafi-siyasi balansı pozurlar. Bu, ABŞ xəbər agentliklərinin öz etirafları və əslində, Amerika xalqının öz dövlət başçılarına bir xəbərdarlığıdır ki, yenə Xeybər əməliyyatının əhəmiyyətini göstərir...”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın Mədəniyyət Bölümü: Qarşınızdakı bu yazı “Eşqin təcəllası” adlı kitabdan iqtibas edilib.

Əvvəli ötən buraxılışımızdadır.


Şəhid Təcəllayi Xeybər əməliyyatı  barədə

Bismillahir-Rəhmanir-Rəhim. La həvlə və la quvvətə illa billahil-əliyyil-əzim.

İslam İnqilabının Böyük Rəhbəri və Ali Baş Komandan həzrət İmam Xomeyniyə, hörmətli şəhid ailələrinə, İslam inqilabının şəhidlərinə, xüsusən də Məcnun adalarında böyük qəhrəmanlıq göstərmiş Xeybər şəhidlərinə sonsuz salamlar olsun!

Xeybər əməliyyatından bir ilə yaxın vaxt ötür. Bu əməliyyat Ramazan əməliyyatından sonra, İslam Respublikasının strateji dəyişikliyi zamanı baş tutmuşdur. Bu yeni strategiya qısamüddətli, habelə Müslim ibn Əqil və Vəlfəcr kimi uzunmüddətli əməliyyatlarla davam etdi və Xeybər əməliyyatı ilə sonlandı. Mübaliğəsiz demək olar ki, bu əməliyyat dünyanın siyasi tarixini, siyasi-hərbi gedişini dəyişdirdi. Xeybər əməliyyatının necə əhəmiyyətli olduğunu dərk etmək üçün regionun siyasi və hərbi vəziyyəti barədə bir qədər məlumat vermək istəyirəm.

Orta Şərq bölgəsi qədimdən bəri coğrafi baxımdan iki şərq və qərb supergücü arasında bölünüb və bu bölgü onların arasında güc balansı yaradıb. Lakin son dönəmlərdə şərq supergücü olan Sovet İttifaqının Misirdəki mövqeyi zəiflədi, bunun ardınca bu müharibədə İraq Amerikaya yaxınlaşdı, ən mühümü, İslam inqilabından sonra İran hər iki supergücün əlindən çıxdı və bir neçə ildir mübariz Əfqanıstan xalqı da SSRİ əleyhinə mübarizəyə başlamışdır. Hərbi və iqtisadi mövqeyi, xüsusən də zəngin enerji qaynaqları məlun şahın dövründə İranla İraq, habelə Misirlə İsrail arasında qarşıdurmaya səbəb olub, sonda Livan məsələləri ortaya çıxıb. Demək olar ki, bu proses son onilliklərdə Amerikanın xeyrinə tamamlanıb. Yalnız İran hər iki supergücdən müstəqil şəkildə öz ayağı üstə dayanmışdır.

Statistikaya əsasən, dünya neftinin 57 faizi və dünya qazının 25 faizi bu regiondan təmin olunur. Yalnız bunun özü iki supergüc arasında siyasi qarşıdurmalara, siyasi-hərbi müdaxilələrə ən böyük səbəb olmuşdur.

Bölgədə həyata keçirdiyimiz hərbi əməliyyatların coğrafiyasını dəqiq göstərmək üçün İran-İraq sərhədləri və onun ümumi vəziyyəti barədə xəritə üzərindən məlumat verməli, sonra əməliyyatı ümumi şəkildə şərh etməliyəm.
 
Gördüyünüz bu xəritə İranla İraqın xəritəsidir. Bu nöqtələr sərhəd xəttidir; cənubdan başlayıb İranın qərbinə və şimal-qərbinə qədər davam edir. Bubiyan və Məcnun adalarının, Fav yarımadasının, Fars körfəzi regionunun, strateji Bəsrə-Bağdad-əl-İmarə magistralının xüsusi əhəmiyyətinə görə, Ramazan əməliyyatından sonra bu plan üzərində işləndi və nəhayət, 1984-cü ilin martında Allah-Taalanın lütfünə və İslam döyüşçülərinin iman və fədakarlığına inamla İraqın neftlə zəngin olan bu bölgəsində, Küveyt və Ərəbistana gedən strateji Bəsrə-Bağdad-əl-İmarə magistralında işlər başlandı.

Bu regionun iqtisadi və coğrafi əhəmiyyətinə gəlincə isə, strateji Bəsrə magistralını ələ keçirməyi, iki düşmən qoşununu bir-birindən ayırmağı qeyd etmək lazımdır. Bu isə sonda hər ikisinin məhvinə və daha önəmlisi, İraqın neft platformalarına nəzarət etməyə səbəb olacaqdı. Xəritədə gördüyünüz bu hissə Hur əl-Hüveyzə bataqlıqlarındakı Cənubi Məcnun, bu da Şimali Məcnun adalarıdır. Adaların sahəsi önəmli deyil, önəmli olan budur ki, İraqın neft ehtiyatlarının altıda biri bu adalarda yerləşir, onları ələ keçirmək siyasi və qlobal baxımdan Səddamın son məğlubiyyəti üçün həlledici rol oynaya bilərdi.
 
Məsələnin daha da aydınlaşması üçün o dövrün siyasi vəziyyətinə bir də toxunmaq istəyirəm. Xarici xəbər agentliklərinin əsas funksiyası informasiya hücumları ilə İrana qarşı ictimai rəy yaratmaq və İranın Fars körfəzində qəti qələbə çaldığı təqdirdə ABŞ-ın hərbi müdaxiləsinə zəmin hazırlamaq idi. Onlar bu təbliğatla İranı müharibə, İraqı isə sülh tərəfdarı kimi qələmə verirdilər.

Əcnəbi muzdurlarının təkid etdiyi əsas məsələ bu idi ki, İranın hücum edəcəyi təqdirdə İraq tərəfi bu hücumları dəf edəcək. Onlar belə dezinformasiyalarla, siyasi və hərbi hücumlarla İranı fikrindən daşındırmağa çalışırdılar. İran isə ilahi vəzifəyə və İslam strategiyasına əsaslanaraq, İslam vətənini, İslamı və Quranı müdafiə etmək üçün heç zaman belə təbliğatlardan qorxmayıb və qorxmur. Odur ki, həmin strateji bölgədə geniş hərbi hücum başlandı.

Məcnun adalarında baş tutmuş hücum üç hazırlıq əməliyyatından və bir əsas əməliyyatdan, üç istiqamətdən əl-Üzeyr, əl-Qərnə səmtinə və sonra əl-Beyzəyə doğru hücumdan ibarət idi. Əməliyyatın birinci günündə İslam döyüşçüləri əl-Qərnə, əl-Üzeyr və əl-Beyzə istiqamətlərində strateji Bəsrə magistralını üç gün bağlaya bildilər və dəstək hücumlarından istifadə edərək elə birinci gecə Məcnun adalarını ələ keçirmək üçün əsas əməliyyat başlandı, çox az itki verməklə və çoxlu əsir tutmaqla məqsədlərinə nail oldu.

İslam döyüşçülərinin İmam Xomeyninin peyğəmbərcəsinə rəhbərliyindən ilham alan, Allaha təvəkküllə və Kərbəla ziyarətinə eşqlə baş tutan qələbəsi balansı pozdu, İranın hücum edəcəyi təqdirdə məğlub olacağını və böyük iqtisadi-siyasi problemlə üzləşəcəyini söyləyən informasiya şəbəkələri bir-bir supergüclərin narahatlıqlarını işıqlandırmağa başladılar. Bu xəbərlərin ən önəmlisi Fars körfəzi ölkələrinə edilən xəbərdarlıqlar idi. Təbliğat aparılırdı ki, İran qələbə çalsa, Küveyt, Ərəbistan və Fars körfəzinin əsas hissəsi təhlükə altına düşəcək. Onlara bir növ hazırlıq tapşırığı verilirdi və bunun özü onların qorxusunun və İslam döyüşçülərinin qələbəsinin böyüklüyünü göstərir. Əgər o dövrün xəbərlərinə və siyasi mühitinə diqqətlə nəzər salsaq, görərik ki, ümumi xəbərlər İslam döyüşçülərindən qorxu və onların qələbəsi barədədir. Əlbəttə, adət üzrə, xarici media şəbəkələrində İraqın Məcnun adalarını yenidən ələ keçirdiyinə, yaxud ələ keçirmək üçün güclü qoşun göndərdiyinə dair ziddiyyətli xəbərlər də yayılırdı.

Burada önəmli məsələ cinayətkar supergüclərin etiraflarıdır. “Amerikanın səsi” radiosu xəbər verdi ki, İrandakı xarici diplomatlar bu əməliyyatın hərbi və taktiki baxımdan müstəsna bir əməliyyat olduğunu etiraf etmişlər. Bu, qardaşlarımızın fədakarlığının nəticəsi olan hərbi-taktiki üstünlüyü göstərir.

“Amerikanın səsi” radiosu və “Vaşinqton Post” qəzeti 24 mart 1984-cü ildə ABŞ prezidenti cənab Reyqana verilən xəbərdarlığı dərc etdi. Orada deyilirdi: "Cənab Reyqan! Bu gün bütün ictimai rəy Kremlə və Sovetlərə meyillənib. Öz arxanıza baxın, İranı və Ayətullah Xomeynini görün. Onlar siyasi bölgüdə üçüncü güc kimi İkinci dünya müharibəsindən sonrakı coğrafi-siyasi balansı pozurlar. Bu, ABŞ xəbər agentliklərinin öz etirafları və əslində, Amerika xalqının öz dövlət başçılarına bir xəbərdarlığıdır ki, yenə Xeybər əməliyyatının əhəmiyyətini göstərir.

Bu əməliyyatda bariz məsələ adaların ələ keçirilməsi və İslam qüvvələrinin strateji Bəsrə magistralının 5 km-nə çatmasıdır. Bu isə İranın əməliyyat keçirməyə və yeni hərbi təcrübələr qazanmağa qadir olmadığına dair sərsəmlərə cavabdır. Biz bu təcrübələri keçmiş dörd ilin təcrübələri ilə birləşdirib gələcəkdə Səddamın tam və qaçılmaz məhvi üçün daha yaxşı planlar hazırlaya biləcəyik.

Başqa bir məsələ imkanlardan istifadə edib Hur gölündən keçmək idi. Bu da əməliyyatın bariz məqamlarındandır. Xəritədə gördüyünüz kimi, bu bataqlıq ərazilər hərbi-taktiki baxımdan keçilməz bölgələrdir və dünyanın klassik orduları tərəfindən əməliyyata yararsız sayılır. Heç kimin ağlına gəlməzdi ki, müasir tarixdə döyüşçülər peyda olub öz fədakarlıqları, cəsarətləri və kreativ fikirləri ilə bu bataqlıqlardan keçə və strateji Bəsrə-Bağdad magistralını tuta bilərlər.

İraq hökuməti əməliyyatdan öncə bildirmişdi ki, İranın hücum edəcəyi təqdirdə kimyəvi silahlardan geniş istifadə edəcəyik. Bu da baş verdi. Onlar törətdikləri bütün cinayətlərindən böyük bir cinayətə əl atdılar, Cenevrə Konvensiyasını tapdayaraq Şərqin və Qərbin hədiyyə verdiyi kimyəvi silahlarla xüsusən Məcnun adalarındakı və onun ətrafındakı İslam döyüşçülərini dayandırmağa çalışdılar. Bu hücumlardan əsas xəsarət alan isə Hur bölgəsində yaşayan mülki əhali oldu. Onların gözlədiyinin əksinə olaraq, İslam ordusu nəinki məğlub olmadı, əksinə, döyüşçülər bu hadisələrdən ruhlandılar, kimyəvi silahlara məhəl qoymadan öz qanları, qəhrəmanlıqları və müqavimətləri ilə səngərlərini qorudular.

Bu əməliyyatda başqa bir məsələ yeni metod və texnikalardan istifadə idi. Bunların ən önəmlisi dünyanın heyrətinə səbəb olan Xeybər körpüsü oldu.

“Vaşinqton Post”un yazdığına əsasən, Qərbin hərbi ekspertləri etiraf edirlər ki, İran tərəfindən salınan 13 km-lik bu körpü müasir müharibələr tarixində misilsiz bir şey və klassik orduların gələcəkdə istifadə etməli olduğu təcrübədir.

Bu əməliyyatda ən bariz, önəmli və taleyüklü məsələ döyüşçülərin fədakarlığı idi. Düşmən adalara təxminən bir milyon iki yüz min top və raket mərmisi atdığına görə, demək olar ki, hər 20 sm-ə bir mərmi sərf olunmuşdu. İslam döyüşçüləri bu mərmi yağışını ələ salıb deyirdilər ki, adalar mərmilərin hesabına ağırlaşmışdır.

Bütün bunlara baxmayaraq, İslam döyüşçüləri İmam Xomeyninin müraciətini onun hörmətli nümayəndəsi cənab Haşimi Rəfsəncani tərəfindən aldılar. Əziz imam buyurmuşdu, döyüşçülərə deyin ki, bu əməliyyatda Hüseyn kimi vuruşsunlar. Bu ümmətin övladları Zəhra övladı olan İmam Hüseynin (ə) fəryadını bütün vücudları ilə hiss etdilər, eşitdilər, onun övladı olan ümmət imamının – bütqıran Xomeyninin çağırışına qoşuldular, son damla qanlarına, son nəfəslərinə, son patronlarına qədər dirəniş göstərdilər. Düşmən bütün qüvvələri ilə, dişinə qədər silahlanmış təxminən 360 batalyonla Məcnun adalarını geri almağa gəlmişdi, ancaq çoxlu itkilərdən sonra da İslam döyüşçülərini oradan çıxara bilmədi. Bu məsələ və bu mərhələ, əslində, qanın silah üzərində qələbə gücünü nümayiş etdirdi.

İraqa yerləşmiş xarici hərbi müşavirlərin özləri də etiraf etdilər. Bu, inşallah, İslam döyüşçülərinin amansız döyüş tarixinə qeyd olunası və İslamın küfrə qarşı ilk qüdrət nümayişi olan Çəzzabə əməliyyatından sonra növbəti ibrətli amil oldu. İslam döyüşçüləri sübut etdilər ki, qan xəncərə qalib gəlir, Amerika, böyük cinayətkarlar və Sovet İttifaqı İraqa hədiyyə verdikləri silahlarla İslam döyüşçülərini ruhdan sala, hətta bir addım da öz mövqelərindən geri qova bilməyəcəklər.

Bəs bu əməliyyatın qlobal və siyasi nəticələri nə oldu? Məcnun adalarındakı qəti qələbədən sonra dünya bütün qüdrəti, müxtəlif imkanları və təbliğatı ilə birlikdə qorxuya düşdü və Fars körfəzi ölkələrini gücləndirməyə başladı. Tərtib etdiyim statistikaya görə, Xeybər əməliyyatı Fars körfəzi regionunda yeni silah bazarının yaranmasına səbəb oldu. Mən bir neçəsini möhtərəm tamaşaçıların diqqətinə çatdırıram ki, bu qələbənin böyüklüyü aydın olsun.

Xeybər əməliyyatından sonra ABŞ tərəfindən İraqa Braziliya istehsalı olan tanklar və SSB raketləri, habelə 45 böyük helikopter göndərildi, Ərəbistana 400 ədəd Stinger daşınan zenit-raket kompleksi verildi. Bu, İranın əzəmətini və Amerikanın ondan qorxduğunu göstərir. Onların və təyyarələrin Ərəbistana satışına əsas səbəb İslam Respublikasının təyyarə və pilotlarının şəhadət əməliyyatlarından qorxuydu.

Habelə Əbu Dabidə raket bazalarının yaradılması, Omanda Hava Hücumundan Müdafiə sistemlərinin quraşdırılması, İngiltərə, Braziliya, Fransa və İsveç tərəfindən Fars körfəzi ölkələrinə çoxlu silahın satılması, Fars körfəzində və Ərəbistanda Amerika avaksları vasitəsilə daha geniş hava mühafizəsinin təşkil edilməsi də bu sahədə görülmüş işlərdəndir.

İran bu qələbələrlə qlobal və regional miqyasda siyasi üstünlük qazandı. Xarici heyətlər beynəlxalq münasibətlər qurmaq, iqtisadi-siyasi müqavilələr bağlamaq üçün İrana doğru axışdılar. Statistikaya görə, 1984-cü ilin 28 dekabrına qədər regionda sülhün bərqərar edilməsindən və İranla İraq arasında barışığa nail olmaqdan ötrü 50 ölkə tərəfindən 474 təşəbbüs göstərilmişdir. Mən kütləvi informasiya vasitələrində adları keçən bu ittifaq, komissiya və iclasları sırayla tez sayacağam ki, məsələ aydın olsun:

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının parlamentlər iclası (01.06.84), yeddi ərəb ölkəsi başçılarının Londonda keçirilən iqtisadi iclası (07.06.84), Körfəz Əməkdaşlıq Şurası ölkələrinin Xarici işlər nazirlərinin toplantısı (15.06.84), Körfəz Əməkdaşlıq Şurası ölkələrinin Müdafiə nazirlərinin iclası (23.06.84), beynəlxalq sülh və təhlükəsizlik baxımından müharibənin təsirlərinin araşdırılmasına dair Bağdadda keçirilən konfrans (08.07.84), Ərəb Ölkələrinin Parlamentlər Birliyinin toplantısı (18.07.84), İslam Konfransı Təşkilatının Sülh komissiyası (18.07.84), Ərəb Liqası nazirlərinin yeddinəfərlik komissiyasının iclası (26.08.84), Körfəz Əməkdaşlıq Şurası ölkələrinin Xarici və Müdafiə nazirlərinin məxfi iclası (18.09.84), Körfəz Əməkdaşlıq Şurası ölkələrinin Xarici işlər nazirlərinin birinci müavinlərinin iclası (24.09.84) və Ərəb Liqasının iclası (24.09.84).

Bunları sadalamaqla demək istəyirəm ki, bu qələbənin böyüklüyü dünyanı sülh istiqamətində təlatümə salmışdır. Lakin bunların İranla İraq arasında sülhün təmin olunmasına çalışmalarının əsas məqsədi regionun siyasi coğrafiyasının, neft ehtiyatlarının, xüsusən də Bağdadın cənub bölgəsinin, ikinci ən böyük ticarət və sənaye şəhəri olan Bəsrənin əhəmiyyəti idi. Onlar düşünürdülər ki, İran Bəsrəni ələ keçirsə və İraqı məğlub etsə, ərəb ölkələri də zəifləyib dağılacaq. Buna dəlilləri, əsasən, İslam inqilabı xəttinin region xalqları arasında artan nüfuzuydu. Qorxmalarına səbəb olan ən ümdə amil budur və imperializmin regionda nüfuzdan düşməsinə bu səbəb olmuşdur.

Məsələnin siyasi, hərbi və iqtisadi cəhətlərindən danışıb bu qəhrəmanlığı etmiş tövhid ordusunun fədakarlarından danışmamaq düz olmaz. Bu əməliyyatda iştirak edən və adət üzrə, İslamın hücumçu diviziyalarından olan hərbi birləşmələrdən biri də İslamın və qeyrətli Azərbaycan xalqının fəxri olan Aşura diviziyasıdır. Dördillik müqavimət əməliyyatları boyunca Aşura diviziyasının qəhrəmanlıqları hər kəsə bəllidir. Lakin bu diviziyanın, habelə həzrət Rəsul (s) və Əli ibn Əbu Talib (ə) diviziyalarının – bu iki diviziyanın hər biri öz komandirini Allah yolunda qurban vermişdir  - qəhrəmanlıqları qələbədə əsas rol oynadı.

Qeyd etdiyim kimi, bu əməliyyat İslamla küfr arasındakı qüdrət nümayişində dönüş nöqtəsi oldu. Əlbəttə, döyüşçülərin hər biri qəhrəmanlıq etdi, onların hamısının hərəkəti bu diviziyaların düşmənin ardıcıl hücumları qarşısında duruş gətirməsinə səbəb oldu.

Bu qardaşların fədakarlığı barəsində bunu demək kifayətdir ki, onlar bataqlıq bölgələrdə, Hüveyzə gölünün təhlükəli ərazilərində təxminən 40 km yol gedərək Məcnun adalarını ələ keçirdilər, imamın müraciətindən ilham alıb torpaq istehkamlar qurdular, onları son günə qədər, sözün əsl mənasında, öz qanlarıyla qorudular. Yaxşı olar ki, burada Aşura diviziyasının komandir müavinləri və rəşadətli İslam sərkərdələri olan Şəhid Mürtəza Yağçianı,  Şəhid Həmid Bakirini  və diviziya komandirlərindən olan, daimi gülərüzlüyü ilə seçilən hörmətli qardaş İbadini  yad edim.

Bu qardaşlar yalnız burada qəhrəmanlıq etməyiblər, müharibənin əvvəlindən digər döyüşçülərlə çiyin-çiyinə bir neçə əməliyyatda kafirlər əleyhinə vuruşmuşlar.

Mənim bu qardaşlarda gördüyüm bariz xüsusiyyətlər onların müqavimətləri, düşmən önündə barışmazlıqları idi. Onlar hərbi dərslərini də Qurandan, imamlardan, qanlı Kərbəla sərkərdəsi həzrət Hüseyndən (ə) öyrənmişdilər.

Şəhid Yağçianla bağlı bir xatirəm var. Bu qardaşımız Süsəngird əməliyyatında ayağından yaralananda həkimlər yarasının sağalmayacağını bildirmişdilər. Lakin bu rəşadətli İslam sərkərdəsi bir neçə gündən sonra xəstəxanadan Süsəngirdə qayıtdı, sarıqlı ayağıyla uzun müddət əməliyyatlarda iştirak etdi və nəhayət, Kərxə çayında yenidən yaralandı və qısa müddətə əməliyyatlardan uzaq qaldı. Lakin qardaşımızda olan polad iradə onu arxa cəbhələrdə qalmağa qoymadı və o, Ramazan əməliyyatında yenə cəbhəyə gəlib Allah-Taala, Quran və İslam önündə vəzifəsini yerinə yetirdi.

Mən qardaş Həmid Bakiri ilə birlikdə az olmuşam, ancaq bu ilahi insanda bir İslam əsgərinə yaraşan qətiyyət, vüqar və mətanət görmüşəm. Mürtəza Yağçianla Həmid Bakiri bütün əməliyyatlarda çiyin-çiyinə vuruşmuşdular. Mən əməliyyat bölgələrini araşdırmağa gedəndə onları həmişə birlikdə görürdüm; ön xətdə Aşura diviziyasının batalyonlarını idarə edirdilər.

Onların bu qardaşlığı, qəlblərinin vəhdəti əməldə də həyata keçdi. Onlar həmişə bir-birinin yanında olmuşdular, axırda Məcnun adalarında bir-birinin yanında ikən Kərbəla sərkərdəsi kimi qəribcəsinə şəhid oldular. Cəsədləri hələ də tapılmayıb.

Qardaşımız İbadinin bütün əməliyyatlardakı fədakarlığı və müqaviməti isə vəsfəgəlməzdir. Bu barədə Vəlfəcr-hazırlıq əməliyyatından bir xatirəm var. Bu əziz o qədər döyüş yerində qalıb geri qayıtmamışdı ki, axırda geri qayıdanda mövqeyin arxasındakı bölgəni yaxşı tanımırdı.

Sonda hizbullahçı və şəhidpərvər ümmətə sözüm budur ki, İmam Xomeyninin dəyərli dərslərinə diqqət yetirək. Ümmət imamının buyurduğu sözbirliyinə əməl edək və bir-birimizin yanında olmağa çalışaq; həm döyüş meydanında, həm də siyasətdə və arxa cəbhədə. Çünki qələbə yalnız birliyi olan, qəlbləri bir-birinə yaxın olan xalqa nəsib olur. İmam Xomeyninin inqilabın nailiyyətlərini qorumaq üçün cəbhələrdə iştirakla bağlı çağırışına qoşulaq. Bu inqilaba təqdim etdiyimiz və etdiyiniz əzizlərə görə məyus olmayaq. Çünki biz nə qədər müsibət görsək də, Əbu Abdullah Hüseynin (ə) müsibətlərinə çatmaz.

İslam döyüşçülərinə, İmam Hüseynin (ə) qırmızı şəhadət yolunun fədailərinə sözüm budur ki, daha güclü birliklə, daha geniş şəkildə, Allah-Taalanın ipinə sarılmaqla cəbhələrə tələsək, əl-ələ verib Xeybər əməliyyatından və digər əməliyyatlardan daha böyük olacaq taleyüklü əməliyyatlarda rol oynayaq və nəhayət, ağa İmam Mehdinin (ə) özü tərəfindən qlobal İslam və tövhid dövlətini quraq. Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh!
 


Əməliyyatın ləğvi

Qulaməli Rəşid, Tağı Qəhrəmanniya

Təcəllayi çox vüqarlı, mətanətli və ağır adam idi. Bəziləri ilk baxışdan onun təkəbbürlü olduğunu düşünürdülər, ancaq belə deyildi, həm işdə, həm də söhbətdə çox ciddi idi. Digər tərəfdən, çox da zarafatcıl deyildi.

Təcəllayi, həqiqətən də, bilikli və çevik idi. Çox gənc olmasına baxmayaraq, öyrəndiklərindən yaşlı və təcrübəli bir hərbçi kimi istifadə edirdi. Az yaşıyla peşəkarlığı, dərrakəsi və əməliyyat planlarına dair fikirləri insanı valeh edirdi.

Görkəminə görə, Təcəllayidən bu qədər istedad və peşəkarlıq gözlənmirdi, lakin danışmağa başlayanda fikirlərinin əsaslı olduğuna hamı inanırdı. Bir dəfə Dezfulda ordunun 92 saylı diviziyasının ikinci zirehli briqadasında Baş müharibə komandanı cənab Haşimi Rəfsəncaninin, korpusun Baş komandanı cənab Möhsün Rzayinin, qərargah və diviziya komandirlərinin iştirakı ilə iclas keçirildi. Qərara alındı ki, Abadanın ön səmtində, Ərvənd çayının qərbində bir əməliyyat hazırlansın. Bu planda çoxlu zəif cəhətlər vardı. Bütün komandirlər danışdılar və hərə bu əməliyyatın bir yönünü izah etdi. Növbə Təcəllayiyə çatdı. Danışığından iki-üç dəqiqə ötməmiş bütün gözlər ona dikildi. Təcəllayi əməliyyatı o qədər gözəl şərh edib mənfi və müsbət cəhətlərini açıqladı ki, hamı onu alqışladı. Hətta mənim yanımda oturmuş ordu zabitləri də ona “afərin” dedilər. Allah ona bu istedadı vermişdi: əməliyyatın bütün nöqsanlarını və zəif cəhətlərini toplayıb bir yerdə izah edirdi.

Onun həmin iclasdakı dərin təhlilləri böyük bir hərbi qərarla nəticələndi. Təcəllayinin çıxışından sonra cənab Haşimi qərarını verib dedi: "Bu əməliyyat hələlik saxlanmalıdır". Əgər baş tutsaydı, nəinki qələbə çalmayacaqdıq, hətta düşmənin xeyrinə olacaqdı. Biz bu mühüm məsələdə Təcəllayiyə borcluyuq. Bu parlamadan sonra Təcəllayiyə çoxlu “müştəri” tapıldı: bütün komandirlər bir yolla onu öz birləşmələrinə aparmaq istəyirdilər.

Mən onu çox sevdim, öz-özlüyümdə gələcəyi üçün müdafiə və komandirlik sahələrində müəyyən vəzifələr təsəvvür etdim.

Əgər ilahi görüşə tələsməsəydi, heç şübhəsiz, bu vəzifələri ona təklif edərdim.

Bir əməliyyat olacaq, şəxsi heyət Ərvənd çayından keçəcəkdi. Əli Səyyad Şirazinin planına uyğun olaraq, bizim sahilboyu atəşlərimizlə düşmənin əl-qolu bağlanacaq, helikopterlər döyüşçülərimizi çayın o tərəfində endirəcək, onlar da əl-Bahar-Fav magistralına girəcəkdilər. Hamımız bu plan üzərində işləyirdik. Əli Təcəllayi, Məscidi, Sövdagər və İmami ordunun komandirlik kursundan gəldilər. Məhəmməd Cəfər Əsədinin başçılığı ilə Zəfər adlı qərargah yaradıldı və komandirlik təlimi görmüş pasdarlar bu qərargaha toplaşdılar. Öncəki təcrübələrə görə, Əli qərargahın Əməliyyat rəisi və həm də Əsədinin birinci müavini kimi təqdim olundu. İmami Əlinin birinci müavini oldu, Sövdagər də Kəşfiyyat-diversiya rəisi. Mən Xatəm qərargahının kəşfiyyatındaydım, Zəfər qərargahının kəşfiyyatı ilə əməkdaşlıq edirdim.

Korpusdakı qardaşların bir qismi bu əməliyyatın həyata keçirilməsinə razı deyildilər. Bəzi ordu komandirləri də buna qarşı çıxırdılar. Korpusdan olan etirazçılar deyirdilər ki, bizim helikopterlə hava-desant hücumu kimi təcrübəmiz olmayıb.

Düzdür, Xeybər əməliyyatında canlı qüvvə bu şəkildə Hur sularının o tayına keçiriləcəkdi, lakin bu, baş tutmadı və əksər döyüşçülər qayıqla keçdilər.

Biz bu əməliyyat üzərində işləyir, Ərvəndin qabarma-çəkilməsini araşdırır və göydən şəkil çəkmək üçün pilotsuz aparatlar göndərirdik.

Qərara alındı ki, səhər saat 11-də Baş müharibə komandanı cənab Haşimi Rəfsəncaninin iştirakı ilə əməliyyat barədə son iclas keçirilsin. Bir gün öncə Xatəm qərargahının Kəşfiyyat rəisi Məhəmməd Baqiri məni çağırıb dedi: "Tağı, istəyirəm ki, bir nəfər mesajı qərargaha çatdırsın. Təcəllayiyə sözüm var". Dedim ki, özüm gedərəm. Axşam saat 9-da ağa Rəşid mənə bir kağız verdi. Yapışqanla yapışdırılmışdı ki, açılmasın. Mənə dedi: "Cavan oğlan, bu məktubu Zəfər qərargahına apar və Əli Təcəllayinin özünə ver". Kağızı alıb getdim.

Zəfərə çatanda gecə idi, hamı istirahət edirdi. Əli tək oturub çay içir, yazıları araşdırırdı. Salam verdim. Salamımı alıb dedi: "Nə üçün gəlmisən?" Məktubu ona verdim. Yapışqanını açıb oxudu. Soruşdum ki, nə yazılıb? Onunla sirdaş olsaq da, mənə dedi: "Sənə aid deyil. Qalx, get". Dedim ki, de görüm, nə olub? Dedi: "Qalx, get, oğlan!" Dedim ki, eybi yox, demə. Sabahkı iclasın xəritələrini otağa təhvil verdim. Getmək istəyəndə Əliyə dedim: "Bir tapşırığın varmı?" Dedi ki, gəl, çay iç, sonra gedərsən. Oturub çay içəndə yenə məktub haqda soruşdum. Dedi: "Bir şey deyil. Sən yalnız sabahkı iclasda öz vəzifəni yerinə yetir". Dedim ki, nə vəzifəsi? Dedi: "Sabah gəlib xəritələri yerbəyer edəndə biləcəksən". Daha israr etməyib qayıtdım.

Ordu və korpus komandirləri gəldilər, iclas başlandı.

Haşimi Rəfsəncani Səyyad Şiraziyə dedi: "Siz qalxın, planınızı açıqlayın, müzakirə edək". Səyyad qalxıb antenini açdı və planını başa saldı. Ondan sonra da komandirlərin bir neçəsi danışdı.

Növbə Zəfər qərargahına çatdı. Möhsün Rzayi korpusun Baş komandanı kimi dedi: "Zəfər qərargahının komandiri ağa Əsədidir, birinci müavini də ağa Təcəllayi. İcazə verin, ağa Təcəllayi fikrini bildirsin".

Əli ayağa qalxdı, vüqar və heybətlə "Bismillah" deyib vəziyyəti açıqlamağa başladı. O, bir qədər danışandan sonra üzünü Haşimi Rəfsəncaniyə tutub dedi: "Hacı ağa və möhtərəm komandirlər! Düzdür, biz amfibiya əməliyyatı olan Xeybər əməliyyatını həyata keçirmişik. Lakin biz mövqeyi tutandan sonra helikopterlər 60 faizli təhlükəsizliklə adaya endilər. Mövqe 100 faiz alınmamışdı, amma helikopterlər adaya elə endilər ki, biz canlı qüvvəni havadan endirə bilmədik, normal endirdik". Əli misallar çəkdi, hətta Britaniya ilə Argentina arasında mübahisəli olan və Britaniyanın Argentinanın başına oyunlar açdığı Folklend adalarından danışdı. Sonra Sinay səhrasını misal çəkdi, İsrailin Misir ordusunun başına hansı müsibəti açdığını söylədi.

Əli dəlillərini söyləyəndən sonra Haşimi ona dedi:

– Siz bu planla razı deyilsiniz. Bəs təklifiniz nədir?

– Hacı ağa, ağa Şirazinin planı, yəni sahildən atəş açmaqla düşmənin əl-qolunu bağlayıb canlı qüvvəni A magistralında hava-desant qüvvələri şəklində endirmək üçün bir il yarım təlimə ehtiyac var. Ordunun bu təlimləri keçmiş birləşmələri var, amma korpus qüvvələri heç bir təlim görməyiblər və bizim canlı qüvvə çatışmazlığımız olacaq. Şəxsi heyət hava-desant təlimi keçməlidir. Bizim təklifimiz budur ki, mövqeyi başqa şəkildə yaraq, – deyə Əli cavab verdi.

– Necə yaraq?

– Xeybər əməliyyatından təcrübələrimiz var, çayı keçmək üçün onlardan istifadə edə bilərik. Biz hərbi birləşmələri gücləndirməli, dalğıclara təlimlər keçməliyik. Məcnun adasında su sakit idi, ondan asanlıqla keçmək olurdu, burada isə suyun axını güclüdür. Biz dalğıcları gücləndirməliyik ki, mövqeyi ələ keçirə bilək.

Haşimi Rəfsəncani bu anda Əliyə baxıb dedi:

– Əhsən! Əhsən!

– Əmriniz yoxdur? – Əli soruşdu.

– Xeyr, sözüm yoxdur.

Səyyad Şirazi sakit oturmuşdu. İclasın aparıcısı Möhsün Rzayiyə dedi:

– Sizin əmriniz yoxdur?

– Yox, – deyə Rzayi cavab verdi.

Haşimi dedi:

– Bu əməliyyat baş tutmalıdır. Bunun üzərində işləyin ki, canlı qüvvələrimiz düşmənə hücum edə bilsin, nəinki artilleriya atəşi ilə düşmən zərərsizləşdirilsin. Mən ağa Təcəllayinin bəzi sözlərini qəbul edirəm. Bizim hava-desant hazırlığımız yoxdur və bu işi görmək istəsək, gərək müvafiq təlimlər keçirilsin. Lakin bizim çox tezliklə bu əməliyyata ehtiyacımız var, oturub bir il təlimləri gözləsək, geri qalarıq. Üstəlik, düşmən özünü gücləndirər və biz irəlidə olduğumuz sahələrdə də geri düşərik.

Səyyad Şirazinin əməliyyat planı ilə razılaşmayan bəzi ordu komandirləri iclasdan sonra Əlini qucaqlayıb öpürdülər.
 


Snayper

Məhəmməd Təcəllayi, Böyük Asayiş, Əhməd Sövdagər

Əli Bədr əməliyyatına  hazırlaşanda bizə dedi: "Bu əməliyyat öncəki əməliyyatlardan fərqlənir; burada əsirlik ehtimalı var. Mən əsir düşsəm, ola bilər, dindirmə zamanı dözə bilməyib etiraf edim və bu etirafla çox şey dəyişsin. Odur ki, əsl adım olan “Ənuş” sözünü iki-üç kağıza yazıb cibimə qoyuram. Əgər yaralansam, siz də məni bu adla axtarıb paltarımın əlamətlərini deyərsiniz. Əgər şəhid olsam, öz uşaqlarımız tanıyacaqlar".

Əli komando şalvarı geyinmişdi, cibləri şişmişdi. O, üç ağ kartona böyük hərflərlə "Ənuş" yazıb birini köynəyinin cibinə, birini şalvarının sağ, birini də sol cibinə qoymuşdu.

***

Bədr əməliyyatından qabaq arxa cəbhə uşaqlarından olan bir bəsici səngərə girib dedi:

– Kimin döyüş kartı və nişanı yoxdursa, desin, yazım.

Əli dedi:

– Mənim yoxumdur, qardaş, mənə yaz.

– Adın nədir? – deyə bəsici soruşdu.

– Əli.

– Soyadın?

– Təcəllayi.

– Vəzifən.

– Snayper.

Bəsici yazdı, sonra da qalxıb getdi. Bizsə yerimizdə donub qalmışdıq. Əli Xatəm qərargahının Peşəkar hərbi təlimlər üzrə xidmət rəisi idi, bəsiciyə isə snayper olduğunu söyləmiş, mən danışmaq istəyəndə təbəssümlə barmağını dodaqlarının üstünə qoymuşdu.

***

Bədr əməliyyatından öncə bildim ki, Təcəllayi əməliyyatda adi snayper kimi iştirak etmək istəyir. Ona dedim:

– Sən bu qədər təlim görmüsən, nə üçün snayper kimi İmam Hüseyn (ə) batalyonuna gedirsən?

– Yəni özün bilmirsən? – deyə Əli soruşdu.

– Səbəbi nə olur-olsun, sən istedad və bacarıqlarınla şəxsi heyəti idarə edə bilərsən.

– İdarə etməyim budur ki, özüm addım atım və Quran ayəsinin real nümunəsi olum. Mən irəli gedəndə, hamı arxamca gələcək, ancaq dayanıb "gedin" desəm, nə olacağı bəlli deyil.

 


Rəqs edə-edə gedəcəyəm

Qulam Zahidi

Batalyonumuz Bədr əməliyyatından qabaq Şətt-Əli bölgəsində təlim keçirdi, əməliyyat bölgəsi və zamanı barədə heç bir məlumatımız yox idi. Bu zaman Əli oraya gəldi. Bəzən deyirlər ki, Mehdi Bakiri Əlinin cəbhədə olduğundan xəbərsiz idi. Əslində isə, bu, doğru deyil. Əli Şətt-Əliyə gələndə ağa Mehdi bundan xəbərdar idi, onlar bir yerdə oturub-dururdular. Əli günorta yeməyini bizimlə yeyirdi, axşamlar ağa Mehdinin səngərinə gedirdi. Mehdi Bakiri Əlinin əməliyyatda, özü də adi snayper kimi iştirak edəcəyini bəlkə də bilmirdi, amma orada olduğundan xəbərdar idi.

Əməliyyat başlayanda və biz İmam Hüseyn (ə) batalyonunun döyüşçüləri ilə birgə yola düşəndə batalyon komandiri Əsğər Qəssab Əli ilə birlikdə bir qayıqla gəldi. Biz onların arxasındaydıq. Düşmən mövqeyinə yaxınlaşanda dalğıcların əməliyyata başlamasına qədər gözlədilər. Biz hücuma keçdik, döyüşlərdən sonra Dəclənin kənarındakı istehkama yerləşdik. Orada dayanmadan səngər düzəldirdik. Çox yorulmuşduq. Bütün batalyondan otuz-qırx nəfər qalmışdı, qalanı öncəki günlərin döyüşlərində şəhid olmuşdu.

Bir gecə orada qaldıq. Qərara alındı ki, ertəsi gün, yəni əməliyyatın dördüncü günü Kisəli bölgəsinə və avtobana hücum edək.

Kisəli bölgəsi əl-Qərnə şəhərinin solunda yerləşirdi, qarşı tərəfində bir avtoban vardı, körpünün üstündən keçib Dəcləni dövrə vururdu. Biz həmin avtobanı tutmalı, körpünü partlatmalı və məntəqəni genişləndirməli idik. Bununla iki düşmən korpusu arasında məsafə yaranacaqdı. Biz həmin axşam necə başlayacağımızı çox müzakirə etdik. Əli ilə Əsğər Qəssab bir neçə dəfə gedib ağa Mehdi ilə danışdılar.

Yadımdadır, Əli həmin axşam pələng dərisi şəklində şalvar geyinmiş, başına yun papaq qoymuş, boynuna qırmızı İraq şalı dolamışdı. O, çəkmə yerinə bir cüt ağ İran keti tapıb geyinmişdi, bağı da yox idi. Bir qara bağ tapıb bir tayına bağladı. Ona dedim ki, Əli, ağ ket qara bağla çox da uyğun gəlmir. Dedi: "Bilirəm. Axtar, gör ağ bağ tapa bilərsən?" Axtarıb bir ağ bağ tapdım. Beləliklə, bağların biri qara oldu, biri ağ. Ona dedim:

– Döyüş yerində çəkməni çıxarıb ket geyinmək olmaz!

– Gərək bacardıqca yüngül olaq, – dedi.

– Onda belə çıxır ki, gərək silah da aparmayaq, daraq və qumbara da götürməyək.
 
– Yox, bunlar vacibdir, amma qumqumalarınızı doldurmayın. Biz susuz dodaqla şəhid olmuş birinin görüşünə gedirik.

Ertəsi gün Əlinin göstərişi ilə qumqumaları kəmərlərimizdən açıb Kisəlidə hücum nöqtəsində qoyduq.

Yavaş-yavaş getməyə hazırlaşmalı idik. Bizə dedilər ki, namazınızı qılın, yola düşək. Ancaq heç kimdə taqət qalmamışdı. Bəzi uşaqlar deyirdilər ki, daha gedə bilmərik. Haqlı idilər də. Onlar üç gün ən ağır şəraitdə, toz-torpaq, barıt, mərmi və raket atəşləri altında vuruşmuş, müqavimət göstərmişdilər. Partlayışların həcmindən bütün yer şumlanmışdı. Hər yer güllə, qəlpə və tüstü ilə doluydu. Uşaqların üz-başı toz-torpaqlı heykələ oxşayırdı. Dostlarının çoxu ya yaralanmış, ya da şəhid olmuşdu. Əsla istirahət etməmişdilər. Hətta bir addım da ata bilmirdilər. Cəlil Ərcüməndi adlı bir nəfər deyirdi: "Əgər yeridiyim yerdə yuxuya getsəm, diqqətiniz məndə olsun". Yəni bu qədər yorulmuşduq.

Bu əsnada Cəlil Ərcüməndi qalxıb dedi: "Əsğər ağa, mənim başqalarıyla işim yoxdur. Mən hazıram. Yorğun olsam da, hazıram". Əsğər dedi: "Get, uşaqlara de ki, Əsğər özü də addım-addım sizinlə gələcək. Burda komandir yoxdur. Hamımız birlikdə gedəcəyik".

O, əlimdəki avtomatı alıb dedi: "Gedin, uşaqlara deyin ki, Əsğər də “Kalaşnikov” götürüb, sizinlə gəlir". Yola düşməzdən öncə bir rövzə oxundu, uşaqlar ruhlandılar. Hamımız qəribə ab-havadaydıq, fikirləşirdik ki, nə olursa-olsun, şəhid dostlarımızın qisasını almalıyıq. Hamı qalxıb namaza başladı.

Hərəkət başlandı. Dəclənin kənarından qalxdıq. Hara getdiyimizi düz-əməlli bilmirdik; yalnız onu bilirdik ki, avtobana doğru gedirik.

Çayı keçdik. Bir qədər aralanandan sonra Əli dedi ki, gözləyin. Bəlkə də atəşə görə belə dedi, ya da gedişimizi razılaşdırmaq istəyirmiş. Bizi 20 dəqiqə xurmalığın yanında oturtdu. Düşmən hələ kor atəşlər açır, İraq təyyarələri fişəng atırdı. Əli bu vəziyyətdə danışmağa başladı. Beynimə həkk olunmuş sözləri bunlardır:

"Allah insanı yaratmaq istəyəndə mələklər dedilər ki, İlahi, məgər bu adamların qan tökəcəyini, bir-birini öldürəcəyini bilmirsən?!" Allah onlara buyurdu ki, Mən bildiyimi siz bilmirsiniz. Allah Adəmə gözəl adları öyrədəndə şeytan da qanadlarını açmaq istəyirdi, ancaq Allah buyurdu: "Yox, belə olmaz. Gözəl adları bunlara öyrədəcəyəm. Şeytan Mənim bəndələrimi ələ keçirə, öldürə və apara bilməməlidir".
 
Bu gecə sizin Allahın hörmətini qoruyacağınız gecədir. Bəndə yanlış bir iş görəndə, şeytana sarı gedəndə şeytan Allahı məzəmmət edir, bir növ ələ salıb deyir: "Gör nə yaratmısan! Halbuki bu qədər ibadətdən sonra məni qovdun". Allah da buyurur ki, çıx get. Şəhidliyə can atan bəndələr vardır. Onlar şəhadət qarşısında rəqs edən kimidirlər, açıq qucaqla şəhadətə doğru gedirlər. Bu gecə rəqs gecəsidir. Bu gecə mələklər sizin rəqsinizə tamaşa edəcəklər. Rəqsinizlə Allahın başını ucaldın. Bu gecə şəhadət rəqsi gecəsidir. Siz indi Allah və şeytan önündəsiniz. Gedin, Səddama deyin: "Bu gecə ya sənə verən Allah, ya bizə verən Allah!"

Əlinin həmin gecə söylədiyi aşiqanə sözləri bəyan etmək mümkün deyil. Axırda da dedi: "Kim getmək istəyirsə, elə indicə getsin!" Birinci özü yola düşdü, arxasınca Əsğər, sonra da digər uşaqlar.

Qərara alınmışdı ki, mini-katyuşaların atəş dəstəyi ilə avtobana qədər gedək. Bunları Əli razılaşdırmışdı. O, düşmən pulemyotçularının koordinatlarını verirdi. Fişəng ətrafı işıqlaşdıranda tez düşmənin DŞK pulemyotunun yerini öyrənib xəbər verirdi. Bir neçə saniyədən sonra isə həmin yerin vurulub məhv edildiyini görürdük.

Düşmənin atəşi get-gedə çoxalırdı. Onlar bizim irəlilədiklərimizi bilirdilər. Avtobanın aşağısında bir kanal vardı, iraqlılar orada çox güclü müqavimət göstərirdilər. Biz kanalın yanında düşmənlə döyüşə girdik. Bu döyüşdə uşaqların beş-altısı şəhid oldu, yaralandı, amma 35 nəfərlik birləşməmiz dağılmadı. Qarşılığında isə düşməndən qat-qat artıq can aldıq. Yadımdadır, yola çıxanda uşaqların biri dönüb kanala baxdı, düşmən cəsədlərini görüb təəccüblə dedi: "Bunları kim öldürüb?" Hər halda, özümüzü avtobana yetirdik.

Avtobana çatandan bir neçə dəqiqə sonra xırda nöqtə kimi işıqlar gördüm. Yadıma Şəhid Hüseyn Səfəri düşdü. Hərəkətdən öncə uşaqlara demişdi: "Nəzir edirəm ki, bu gecə avtobana çata bilsək, hərənizə bir ədəd siqaret verəcəyəm". Qaranlıqda siqaretlərin közünün işığı aydın görünürdü. Əli soruşdu ki, bu işıqlar nədir? Mən də nəzir əhvalatını danışdım.

- İndi belə nəzirlərin yeridir?! - Əli dedi, sonra gülüb əlavə etdi: - Eybi yoxdur.

Əli avtobana çatdığımızı ratsiya ilə diviziya komandiri Mehdi Bakiriyə xəbər verdi. Ağa Mehdi soruşdu ki, hardasınız? Əli dedi: "İndi avtobanın üzərindəyik". Mehdi soruşdu ki, hansı avtobanın? Avtobana çatmaq, onu ələ keçirmək qeyri-mümkün görünürdü. Heç kim düşünməzdi ki, uşaqlar bu tezliyə avtobana çata bilərlər. Düşmən bütün gücünü oraya cəmləmişdi, otuz-qırx nəfərlik bir dəstə isə avtomat və qumbaraatanla gedib avtobana çatdığını söyləyirdi! İnanılası deyildi. Əli Mehdiyə dedi:

- Mən indi ayağımı avtobana sürtürəm. Asfaltın üstündəyəm.

- Əşi, nə avtoban?! Yenə yaxşı bax. Bəlkə oranı qırlayıblar, elə bilirsiniz ki, avtobandır. Səhər də görəcəksiniz ki, avtoban qalıb o tərəfdə. Əli, fənəri yandır, əlini asfaltın üzərinə çək, sonra de, görüm avtobandasan, yoxsa yox? – deyə Mehdi Bakiri yenə inanmadı.

- Mən indi əlimi avtobana sürtürəm. Bunların avtobanı Kərəc avtobanı qədər olmayacaq ki! Kiçik, ensiz bir yoldur. Çoxlu yaşıllıq da var.

Əlinin dəlillərindən sonra ağa Mehdi bizim avtobana çatdığımıza inandı.

Çox yorğun olmağımıza baxmayaraq, yolumuza davam etdik. İraqlılar arxadan fişəng atırdılar, biz də dayanıb işığın sönməsini gözləyirdik. O qədər yorulmuşduq ki, həmin qısa müddətdə yuxuya gedirdik. Arxamızda bizi oyandıran adam olmasaydı, əməlli-başlı yatardıq.

Düşmən tankları irəliləyirdi. Minik avtomobilləri də gedib-gəlirdi. Bizə fikir vermir, özlərindən bilirdilər. Uşaqlar tankların birinə qumbaraatandan atəş açdı, ancaq o qədər yaxın idik ki, mərmi partlamadı. Tankın ekipajı heyrət içində yerə enib qaçmağa başladı.
 
Havanın işıqlaşmasına az qalırdı. Uşaqlar vuruşduqları yerdə ayaq üstə namazlarını qıldılar. Orada bir qüllə vardı. Əli bizə dedi ki, gedin, onu partladın. Məhəmməd Təcəllayi ilə gedib gördük ki, iri qüllələrdəndir. Dörd ayağı güclü fundamentlə və köməkçi dəmirlərlə yerə bərkidilmişdi. O qədər möhkəm idi ki, üzərinə böyük aparatlar yerləşdirmişdilər. Məhəmmədə dedim ki, nə edək? Dedi ki, bunu heç nə yerindən tərpədə bilməz. Dedim: "Əgər bir neçə əl qumbarasını bağlayıb ayaqların birini partlatsaq, təsir edər?" Dedi: "Yox, əşi, əgər üç ayağını da partlatsaq, yenə yıxılmaz". Əlinin yanına qayıdıb dedik ki, ona bir şey etmək olmaz.

Hava işıqlaşanda sağ tərəfimizin boş olduğunu gördük. İraq helikopterləri o tərəfdən bizim arxamızca gəlirdilər. Mərmimiz olsaydı, onları asanlıqla nişan ala bilərdik. Əynimizdə balon gödəkcə olduğuna görə bir helikopter bizi beş-altı iraqlı zənn edib başımız üstə dayandı və uzaqlara atəş açmağa başladı.

Kanaldan və avtobandan keçəndən sonra beşbucaq bir istehkamla rastlaşdıq. Bu istehkam geri çəkilən düşmən qüvvələrinə böyük kömək edirdi, indi isə bizim əlimizə keçmişdi. Əli bir-birinin ardınca RPG-dən və Simonov karabinindən atəş açırdı. Məni bir neçə dəfə Əsğərin yanına mərmi gətirməyə göndərdi.
 
Mən düşmənin kəsik-kəsik istehkamlarından keçib Əsğərin yanına getməli olurdum. Təxminən hər 15 metrdən bir kəsik yerə çatanda iraqlılar məni görüb pulemyotla atəş açırdılar, mən də çətinliklə özümü xilas edirdim. Üçüncü, ya da dördüncü dəfə göndərəndə dedim: "Əli, bu dəfə məni vuracaqlar". Dedi: "Bu dəfə qaçanda bir anlığa qayıt, iraqlılar daraq dəyişdirəndə cəld qaç". Elə də etdim. Bir anlığa özümü göstərirdim, onlar atəş açmağa başlayanda geri qayıdırdım, bir az sonra isə Əsğərə doğru qaçırdım.

Onların vəziyyətləri də yaxşı deyildi, əlləri boşalırdı. Əlinin istədiyini və bizim öndə olduğumuzu söyləyərək bir-iki mərmini və bir neçə darağı bir torbaya qoyub qayıdırdım.

Yenə dəfə getmək istəyəndə Əliyə dedim: "Əli, şübhən olmasın ki, bu dəfə vuracaqlar". Əli dedi: "Bu dəfə gedəndə səni qoruyacağam". Elə də etdi. Əsğərin yanına çatanda gördüm ki, daha sursatları qalmayıb. Bu dəfə Əsğər mənim 75 patronlu silahımı aldı. Dedim: "Əsğər ağa, bəs mən nə edim?! Axı biz daha öndəyik". Dedi: "Get, bir silah tap; şəhid olmuş uşaqlardan, ya da düşmən ölülərindən bir şey götür". Dedim ki, silah var, amma patron yoxdur. Dedi: "Bir daraq tapsan, bəs edər. Sonra da burda qalma, Əlini tək qoyma". Əsğər doğru deyirdi; Əli, həqiqətən də, tək-tənha qalmışdı.

Növbəti dəfə gələndə gördüm ki, Əsğər istehkamın üstündə snayper formasında oturub. Təəccüblənib uşaqlara dedim ki, niyə belə oturub? Uşaqlar kədərli halda cavab verdilər: "Əsğər ağa şəhid oldu!" Dedim ki, bəs niyə cəsədini gətirmirsiniz? Dedilər: "Uşaqlar Əsğərin şəhid olduğunu bilsələr, ruhdan düşərlər". Dedim ki, heç olmasa, mən gedim, silahımı götürüm. Dedilər ki, biz darağını götürmüşük, boş idi. Onun necə oturduğu indi də xatirimdədir. Çox qüdrətli tərzdə oturmuş, ayaqlarını qatlamış, əlində silah vurulub şəhadətə qovuşmuşdu.

Əlinin yanına qayıtdım, amma Əsğərin şəhid olduğunu söyləyə bilmədim. Bizim arxamızda iraqlıların bir ağ atı vardı. Atın orada nə gəzdiyini bilmirəm, amma onu da vurub öldürdülər. Əli dedi: "Gör bunlar nə qədər vəhşidirlər! Axı bu dilsiz heyvanı niyə vurursuz?!"

Bu zaman yaralı bir bəsici qarşıdan sürünə-sürünə bizə yaxınlaşıb Əliyə dedi: "Mən yaralandım". Əli ona dedi: "Sürünə-sürünə birtəhər geri get. Vəziyyəti görürsən; bizi gözləmə. Yaxşısı budur, özün qayıdasan, yoxsa burda qalmalı olacaqsan". Bəsici yaralı olsa da, oturduğu halda və sürünə-sürünə hərəkət edə bilirdi. Bəzən çətinliklə ayağa da qalxırdı. Əli atəş açmağa başladı ki, bəsici istehkamın arxasına keçə bilsin. O, ayaq üstə dayanmış, əlini tətiyə qoymuşdu. İstehkamdan çıxmışdı, amma qorxmadan düşmənə doğru atəş açırdı. Bəsici kənara çəkilib hədəfdən çıxa bildi. Düşmən güllələri amansızcasına vızıldaya-vızıldaya qulaqlarımızın dibindən keçirdi. Bir neçə dəfə Əliyə dedim: "İstehkamın arxasına keç, indi səni vuracaqlar!" O isə məhəl qoymurdu. Altı-yeddi dəfə də qumbaraatanla atəş açdı. Mən də bir dəfə qumbaraatandan atəş açdım, amma narahat olub dedi: "Mərmini hədər eləmə, heyifdir. Gərək elə vuraq ki, nizamları pozulsun”.

Əli ayaq üstə atəş açdığı yerdə düz ürəyindən bir güllə dəydi, onu bir quş kimi yerdən qoparıb göyə qaldırdı, sonra yerə çırpdı. Tez başının üstə getdim. Qolları tam açıq idi. Əlinin işarəsi ilə məndən su istədi, amma bir neçə saniyədən sonra köhnə arzusuna çatıb susuz halda şəhadətə qovuşdu.


Ardı Vardır...




Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!