Əhlibeyt (ə) Xəbər Agentliyinin azadlıq.info saytına istinadən verdiyi məlumata görə-İlahiyyatçılar Hacı Zülfüqar Mikayılov, Seyyid Elman Ağayev və daha 10 nəfərin işi üzrə “Nardaran işi-3” məhkəməsi də yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, prokuror təqsirləndirilən şəxslərə 14 ildən 16 ilə qədər həbs cəzası istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda bu işdə vəkillərin çıxışları mərhələsidir.
Təqsirləndirilən şəxslərin mütəşəkkil dəstənin üzvləri kimi təqdim olunduğunu deyən vəkil hesab edir ki, bu ittiham absurddur.
Ş.Hümbətovanın sözlərinə görə, cinayətkar qrup kimi Müsəlman Birliyi Hərəkatı göstərilib. Amma müdafiəçi deyir ki, bu təşkilatın yaranması da, fəaliyyəti də qanun çərçivəsində olub: “Müsəlman Birliyi Hərəkatı 2015-ci ildə, qeyri-hökumət təşkilatı kimi yaranıb. Yanvarın 11-də təsis olunub, 13-də təsis konfransı keçirilib, Nizamnamə qəbul olunub, İdarə Heyəti seçilib. Bu təşkilatın Nizamnaməsinə baxmaq kifayətdir ki, onu mütəşəkkil cinayətkar dəstə kimi təqdim etməyin absurd və gülməli olduğunu görəsən. Nizamnamənin elə birinci bəndində yazılıb ki, “bu qurum müstəqil, azad fikirli, Azərbaycanın inkişafını istəyən şəxslərin birliyidir”. Təşkilatın məqsədi kimi, maarifləndirmə işinin aparılması, cəmiyyətdə əxlaq normalarının aşılanması və s. xoş məramlar ifadə olunur. Cəmiyyətin əxlaqlı, ölkənin demokratik olmasını istəmək cinayətdir?”
Məhkəmə oktyabrın 4-də qalan vəkillərin müdafiə çıxışı və təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək. (Azadlig.org)
Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad laızmdır!