3 oktyabr 2017 - 13:21
“Nardaran işi-3”: “Əxlaqlı cəmiyyət, demokratik ölkə istəmək cinayətdir?”

Hakimiyyətin əvvəlcədən planlaşdırdığı Nardaran hadisəsinə görə şərlənərək həbs olunanların məhkəməsi başa çatır

Əhlibeyt (ə) Xəbər Agentliyinin azadlıq.info saytına istinadən verdiyi məlumata görə-İlahiyyatçılar Hacı Zülfüqar Mikayılov, Seyyid Elman Ağayev və daha 10 nəfərin işi üzrə “Nardaran işi-3” məhkəməsi də yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, prokuror təqsirləndirilən şəxslərə 14 ildən 16 ilə qədər həbs cəzası istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda bu işdə vəkillərin çıxışları mərhələsidir.

Oktyabrın 2-də keçirilən məhkəmədə təqsirləndirilən şəxslərdən Faiq Allahverdiyev, Ruzi İsmayılov və Ramil Seyfullayevin vəkilləri çıxış ediblər. Müdafiəçilər ittihamların saxta olduğunu, heç bir sübut ortaya qoyulmadığı halda, günahsız adamlara 16 ilə qədər həbs cəzası istənildiyini bildiriblər.
“Bu proses başlayandan səbirsizliklə dövlət ittihamçısının çıxışını gözləyirdim. Çünki ittiham aktı hərəsi bir səhifə olan anlaşılmaz, şablon cümlələrdən ibarət idi. Bilinmir ki, bu adamlar hansı cinayəti törədiblər.
Amma doqquz aylıq məhkəmənin nəticəsi olaraq, prokuror elə ittiham aktındakı cümlələri təkrarlayıb adamlara 16 ilə qədər həbs cəzası istədi. Şəxsən mənim özümə də, təqsirləndirilən şəxslərə də aydın deyil ki, bu adamlar niyə iki ildir həbsdədir. Dövlət ittihamçısı istəyir ki, onlar bundan sonra 15-16 il də həbs qalsınlar”.

Təqsirləndirilən şəxslərin mütəşəkkil dəstənin üzvləri kimi təqdim olunduğunu deyən vəkil hesab edir ki, bu ittiham absurddur.

Ş.Hümbətovanın sözlərinə görə, cinayətkar qrup kimi Müsəlman Birliyi Hərəkatı göstərilib. Amma müdafiəçi deyir ki, bu təşkilatın yaranması da, fəaliyyəti də qanun çərçivəsində olub: “Müsəlman Birliyi Hərəkatı 2015-ci ildə, qeyri-hökumət təşkilatı kimi yaranıb. Yanvarın 11-də təsis olunub, 13-də təsis konfransı keçirilib, Nizamnamə qəbul olunub, İdarə Heyəti seçilib. Bu təşkilatın Nizamnaməsinə baxmaq kifayətdir ki, onu mütəşəkkil cinayətkar dəstə kimi təqdim etməyin absurd və gülməli olduğunu görəsən. Nizamnamənin elə birinci bəndində yazılıb ki, “bu qurum müstəqil, azad fikirli, Azərbaycanın inkişafını istəyən şəxslərin birliyidir”. Təşkilatın məqsədi kimi, maarifləndirmə işinin aparılması, cəmiyyətdə əxlaq normalarının aşılanması və s. xoş məramlar ifadə olunur. Cəmiyyətin əxlaqlı, ölkənin demokratik olmasını istəmək cinayətdir?”

Məhkəmə oktyabrın 4-də qalan vəkillərin müdafiə çıxışı və təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək. (Azadlig.org)

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad laızmdır!

Tags