Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, hazırda 12 illik həbs cəzasına məhkum edilən AİP lideri Mövsüm Səmədov ictimai-siyasi xadim olmaqla yanaşı, eyni zamanda ruhani alim və böyük əxlaq ustadıdır.
O, həbs olunduğu müddətə qədər əziz tələbələri ilə birgə mütəmadi şəkildə əxlaq dərsləri təşkil edərdi. Doktor Səmədov həmin dərslərdə ali ilahi maarifin həqiqətlərini insanlara çox gözəl formada izah edərdi. Dərslər hətta o qədər İlahi nur və feyzlə əhatə olunurdu ki, dərs iştirakçıları dərsin saatlarla davam etməsini istəyirdi.
Bu gündən etibarən Mövsüm Səmədovun həbsindən öncə tədris etdiyi əxlaq dərslərindən silsiləvari şəkildə mühüm nöqtələri oxucularına təqdim ediləcək.
I Dərs
Təvəlla və Təbərra
Təvəlla və təbərra cəfəri məzhəbinə görə, fürui-dinin 10 maddəsindən ikisidir. Ərəb dilindən tərcümədə təvəlla – dostluq, təbərra isə üz çevirmək, rədd etmək mənasını verir. Təvəllanın mənası budur ki, müsəlman hər zaman Allahın sevdiyi insanları sevməli, Allahın mömin bəndələri ilə, haqqın tərəfdarları ilə dostluq və həmrəylik halında olmalıdır. Təbərra isə bu deməkdir ki, müsəlman həmişə Allahın düşmənləri ilə düşmənçilik etməli, Allahın sevmədiyi insanlardan üz çevirib uzaqlaşmalıdır.
İnsan gərək həmişə Allah düşmənlərinin əxlaqından uzaq olmaq üçün çalışsın və bununla bağlı ilahi dərgaha çoxlu dualar etsin. Allaha bəndə olmaq istəyən şəxs, onu Rəbbinə tərəf getməkdə maneə olan şeylərdən və fərdlərdən ayrılaraq Allah dostlarına qoşulmasa, həmin bəndənin bəndəçilik yolunda inkişaf etməsi mümkün deyil.
İnsan bütün varlıqların mövcudluğunun və hərəkətlərinin Allahla əlaqəli olduğuna diqqət etməlidir. Əgər bu işdə diqqətli olsa, mütləqdir ki, hər bir varlığın və hərəkətin Allahla rabitədə və əlaqəli olduğunu görəcək. Hər kəs ki, bu əlaqəni inkar etsə, həmçinin özünün də Allahla olan əlaqəsini başqa yerdən bilsə və başqa yerə yönəltsə, bir növ Allaha düşmən sayılır. Bu cür düşmənçiliklərin də özünəməxsus dərəcələri var. İnsan həyatının bütün mərhələlərində və məsələlərində təvəlla və təbərraya əməl etməlidir. Allah övliyalarınında əsl amalı və istəkləri də məhz budur. Əgər haqqı qəbul ediriksə, əqidə cəhətdən bütün cahil qapıları üzümüzə bağlamalıyıq.
Əslində bəndənin etdiyi kiçik qüsurlarının həqiqəti ilahi dərgahda çox böyükdür. İslamı qəbul etməklə Allah insana iman verir və təslimçilik nə qədər artarsa insanın imanı da bir o qədər artır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır