Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İngiltərənin Baş naziri Devid Kemeron İŞİD-ə qarşı təşkil olunan əməliyyalar barədə fikirlərini bölüşüb.
Kemeron yalnız hava hücumları ilə İŞİD-i məhv edə bilməyəcəklərini etiraf edib:
“İŞİD-i yalnız hava hücumları ilə məğlub edə bilmərik. Heç buna çalışmırıq da. Sadəcə olaraq bu, geniş bir strategiyanın tərkib hissəsidir”.
İraqda quru qoşunlarına ciddi ehtiyac olduğunu deyən Baş nazir bu qoşunların koalisiyadan deyil, yerli ordu qüvvələrindən təşkil olunacağını deyib:
“İraqda əsgərlərin olması vacibdir. Bu təbii ki, İraq və kürd qoşunları olacaq. Ancaq İŞİD-in olduğu və ola biləcəyi ölkələr üzərinə düşən vəzifəni yerinə yetirmədikcə terrorçuları məhv etmək asan olmayacaq”.
Suriyadakı hava əməliyyatlarına İngiltərənin də qoşulma ehtimalının olduğunu bildirən Kemeron qərarın parlamentə çıxarılmasını istisna etməyib:
“Yalnız Suriyada, yaxud İraqda deyil, dünyanın hər hansı bir yerində insan fəlakəti olacağını düşünsəm, parlamentə getmədən bunun qarşısının alınması üçün qərar verərəm”.
Kemeron İŞİD-in bu səviyyəyə gəlib çatmasında Suriya Prezidenti Bəşər Əsədi günahlandırıb:
“Suriyada İŞİD-in bu vəziyyətə gəlib çatmasına səbəb olan zalım diktator Əsəd devrilməli, bütün xalqı təmsil edəcək yeni bir hökumət qurulmalıdır. Əsəd həll deyil, problemin bir hissəsidir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır