6 noyabr 2013 - 20:30
AİP-in Astara rayon üzrə sədri məhbus Rufulla Axundzadə yenə xəstəxanaya yerləşdirilib

Anar Qasımlı: “Sonuncu əfv sərəncamından qabaq Rufulla Axundzadəyə də təkidlə təklif olunub ki, əfv ərizəsi yazsın, o isə buna razılaşmayıb”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslamçı məhbus Rufulla Axundzadə yenidən Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə yerləşdirib.

Bu haqqda açıqlama verən Anar Qasımlı bildirib: “Həkimlərdən narazılığı yoxdur, amma onun müalicəsi üçün lazım olan dərmanları ailə üzvləri gətirir. Bunlar isə bahalı dərmanlardır. Ailəsinə əziyyət verməmək üçün tapşırıb ki, daha ona dərman gətirməsinlər. Yəni dərmanlardan imtina edib. Bu isə onun həyatı üçün təhlükəlidir”.

Vəkil deyib ki, sonuncu əfv sərəncamından qabaq Rufulla Axundzadəyə də təkidlə təklif olunub ki, əfv ərizəsi yazsın, o isə buna razılaşmayıb: “Özünün dediyinə görə, artıq 8-ci dəfədir ki, əfv ərizəsi yazmaqdan imtina edir”.

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. İslamçı bu ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb. Nizami Rayon Məhkəməsi islamçı məhbusun səhhətinə görə azad olunmaqla bağlı vəsatətini iki dəfə geri qaytarıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır