5 iyun 2013 - 19:30
İmam Kazımın (əleyhis səlam) həyatı

İmamın cismi cəhətdən arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daim piyada gedər, həmişə xalqa salama verər, ailəcanlı və hörmətcil idi. Həzrət həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr gizlicə ərzağı yoxsul ailələrin evinə aparar və onlardan bəzisinə aylıq maaş verərdi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhis səlam) olmuşdur. İmam Kazim (əleyhis səlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində Abbasi Xəlifəsi Harun ər-Rəşidin (əleyhi lənə) əli ilə şəhid olmuşdur.Müqəddəs qəbri İraqın Kazimeyn şəhərindədir.

İmamın həyatı iki mərhələyə bölünür :

1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il)

2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il).

O həzrətin İmamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun ər-Rəşidin (əleyhimul lənə) hakimiyyətinə təsadüf etmişdir. Onun İmamlıq dövrünün çoxu isə (23 il, 2 ay, 17 gün) Harunun (əleyhi lənə) xilafəti dövrünə təsadüf edib.

Harun bilirdi ki, İmam Kazim (ə) və onun şiələri onu xilafət kürsüsünü qəsb etmiş və müsəlmanların müqəddəratını zor gücü ilə ələ keçirmiş bir şəxs kimi tanıyırlar. Əgər onlar Haruna qarşı mübarizə etmək şəraiti əldə etsələr, bir an da oslun belə, onu hakimiyyətdən salmaqda yubanmazlar. İmam Kazim (ə) ilə Harun ər-Rəşid arasında getmiş və aşağıda qeyd etdiyimiz söhbət o Həzrətin İslam hökuməti təşkil vermək sahəsində olan ali məqsədlərindən, həm də Harunun çirkin məqsədlərindən xəbər verir:

"Bir gün Harun (bəlkə də, İmam Kazimin (ə) arzu və məqsədlərindən xəbər tutmaq məqsədilə) Fədəyi o Həzrətə qaytarmaq istədiyini bildirir. İmam Kazim (ə) buyurur: "Bir şərtlə Fədəyi qəbul edərəm ki, onun bütün ərazisini (bütün sərhədləri ilə birlikdə) geri qaytarasan." Harun soruşdu: "Onun (əhatə etdiyi) sahə və sərhədləri nə qədərdir?" İmam Kazim (ə) buyurdu: "Əgər onun əhatə etdiyi sahə və sərhədlərini desəm, əsla onu qaytarmazsan." Harun təkid edib and içdi ki, mütləq onu qaytaracaq. İmam Kazim (ə) Fədəyin əhatə etdiyi sahə və sərhədlərini bu cür təyin etdi: "Onun sahəsi Ədəndən tutmuş Səmərqəndə qədər, digər tərəfdən də, Afrikadan tutmuş Ərməniyyə və Xəzər dənizinə kimi uzanır." Bu sahələrin bir-bir adını eşitdikcə rəng verib rəng alan və həddən artıq qəzəblənən Harun bu dörd cəhəti eşidəndə, özünü saxlaya bilməyib qəzəblə dedi: "Belə olan halda bizə bir şey qalmır ki!" İmam Kazim (ə) buyurdu: "Bilirdim ki, qəbul etməyəcəksən və elə buna görə də, demək istəmirdim." İmam Kazim (ə) bu cavabı ilə Haruna bildirmək istəyirdi ki, Fədək İslam dövlətinin bütün sahəsini əhatə edən simvolik bir ifadədir. Səqifə əhli (Əbu Bəkr, Ömər və s.) Fədəyi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qızının və kürəkəninin əlindən almaqla həqiqətdə hakimiyyəti Əhli-beytdən (əleyhimussəlam) aldılar. İndi əgər bizim haqqımızı qaytarmalı olsan, onda bütün xilafət ərazisini bizim ixtiyarımıza verməlisən

Bu söhbət İmam Kazimin (ə) ali məqsədlərindən xəbər verir.

İmamın cismi cəhətdən arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daim piyada gedər, həmişə xalqa salama verər, ailəcanlı və hörmətcil idi. Həzrət həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr gizlicə ərzağı yoxsul ailələrin evinə aparar və onlardan bəzisinə aylıq maaş verərdi

İmam Museyi Kazim əleyhissalam əliaçıqlıq və səxavət baxımından xalq arasında məşhur idi. Belə ki, bir dəfəyə min nəfər qulu azad etdirmiş və dar gündə onlara əl tutaraq onların borcunu ödəyirdi. İbni Şəhraşub belə nəql edir: Bir gün Mənsur İmam Museyi Kazim əleyhissalamı saraya çağırtdırıb əmr etdi ki, Novruz günü orada oturub gətirilən hədiyyələri təhvil alsın. İmam bu işə həvəsi olmasa da çarəsiz qalıb qəbul etdi. Rəsmi salam mərasimində iştirak edən böyüklər və zadəganlar Mənsurun əmri ilə hədiyyələri o həzrətə təhvil verirdilər.

Bir nəfər də Mənsurun tərəfindən orada durub gətirilən hədiyyələri siyahıya alırdı. Axırda bir qoca kişi gəlib dedi: Ey Peyğəmbər övladı! Mənim dünya malından hədiyyə etmək üçün heç bir şeyim yoxdur. Amma baban Hüseyn əleyhissalamın müsibətinə dair bir şer yazıb sənə hədiyyə gətirmişəm. Qoca kişi yazdığı şeri oxudu, onun bu şeri İmama çox təsir etdi. Həzrət (ə) Mənsurun məmuruna əmr etdi ki, get Mənsurdan soruş gör bu hədiyyələrlə nə edəcək? Məmur gedib qayıtdıqda İmama dedi: Әmir deyir ki, hədiyyələrin hamısını sizə bağışladım, istədiyiniz adama verə bilərsiniz. Həzrət (ə) yoxsul qoca kişiyə tərəf dönüb buyurdu: «Babam Hüseynin müsibətlərinə dair yazdığın şerə görə bu hədiyyələrin hamısını sənə bağışlayıram ki, yoxsulluqdan qurtarasan».

Uca Allah hamımızı o Həzrətin həqiqi davamçılarından qərar versin .Amin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır