11 mart 2013 - 20:30

Siyasilər 2013-cü ilin mənəviyyat adamını azadlıqda görmək istəyir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Yazıçı-kinorejissor Eldəniz Quliyevin rəhbərlik etdiyi Azərbaycan Ziyalılar Birliyi İslam partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədovu cari ilin yanvar ayında “Ilin mənəviyyat adamı” ödülü ilə təltif edib. Hər il analoji meyarlar əsasında ictimai-siyasi xadimlərdən birini fəxri adla təltif edən qurum bu il Hacı Mövsüm Səmədovu mənəvi dəyərlər uğrunda mübarizə aparan şəxs kimi qiymətləndirib.

Ziyalılar Birliyinin məlum addımına münasibət bildirən müxalif siyasi partiya liderləri də hesab edir ki, siyasi məhbus olduğu heç kimdə şübhə doğrumayan Hacı Mövsüm Səmədovun həbsdən azad edilməsi vacibdir. Siyasilər Eldəniz Quliyevin Hacı Mövsüm Səmədovu mükafatlandırmasını da doğru addım kimi qiymətləndirib.

Müsavat başqanı İsa Qəmbərin bildirdiyinə görə, Hacı Mövsüm Səmədovun ədalət uğrunda mübarizə apardığı hər kəsə məlumdur: “Biz hər bir təşkilat və hərəkatın qərarlarına hörmətlə yanaşırıq. Bu baxımdan Ziyalılar Birliyinin qərarına da hörmətlə yanaşırıq. Allah onun da qapısını açsın. 2011-ci ilin sonunda çox cəsarətli çıxışı ilə cəmiyyətin diqqətini cəlb etmişdi. Xalqı haqq-ədalət uğrunda mübarizəyə səsləmişdi. Bu baxımdan onun qiymətləndirilməsi məntiqli bir qərardır. Biz bu qərara hörmətlə yanaşırıq və digər haqsız həbs olunan vicdan məhbuslarının hamısının azadlığa çıxmasını arzulayırıq”.

AXCP sədri Əli Kərimli də Hacı Mövsüm Səmədovun siyasi məhbus olduğunu vurğulayıb: “Biz həm Xalq Cəbhəsi, həm də Ictimai Palata olaraq, onun məhz hökumət əleyhinə olan çıxışlarına görə həbs olunduğunu düşünürük və onu siyasi məhbus hesab edirik. Təşkilatların kimləri hansısa meyarlar üzrə mükafatlandırması isə bu təşkilatların öz işidir. Bu baxımdan Azərbaycan Ziyalılar Birliyinin məlum addımına hörmətlə yanaşmaq lazımdır. Yəqin ki, bu təşkilatlar araşdırma aparıb öz mülahizələrini əsaslandırıblar”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da Hacı Mövsüm Səmədovun haqq-ədalət uğrunda mübarizəsinə diqqət çəkib: “Hacı Mövsüm Səmədovla bağlı baş verənlərə siyasi rəng vermədən Ziyalılar Birliyinin addımını doğru hesab edirəm. Düşünürəm ki, mənəviyyat siyasi kateqoriyalardan üstün olmalıdır. Əgər bir insan baş verən haqsızlıqlara görə mübarizə aparıbsa və buna görə onun özünə qarşı haqsız münasibət olubsa, o zaman onu mənəviyyat uğrunda mübarizə aparan bir şəxs kimi qiymətləndirmək olar. Həm də indi elə bir zamandır ki, biz inanclılar və dünyəvilərə, sağçılar və solçulara bölünməməliyik”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır