10 mart 2013 - 20:30

Binəqədi Rayon Komitəsi 1993-ci ildə təsis olunub... Mən bu gün fəxrlə deyə bilərəm ki, bizim sıralarımızı ziyalılar, gənclər təşkil edir. Komitə yaranan gündən yerli camaata xidmət edib və islami siyasi şüurun oyanmasına yardımçı olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən 1992 ildə rəsmi qeydiyyatdan keçən Azərbaycan İslam Partiyasının rəsmi saytı “islaminsesi.az”, Partiyanın Rayon Komitələri ilə müsahibələr aparmaqda davam edir.  islaminsesi.az xəbər portalının növbəti müsahibi Azərbaycan İslam Partiyasının Binəqədi Rayon Komitəsinin sədri Hacı Rövşən Nuridir.

- Hacı,  Binəqədi Rayon Komitəsi nə vaxt təsis olunub və fəaliyyətiniz nə yerdədir?

 - Binəqədi Rayon Komitəsi 1993-ci ildə təsis olunub. Partiyamız qeydiyyatdan  keçdikdən sonra Binəqədi rayonunda öz komitəmizi təsis etdik. Və şükürlər olsun ki, yerli əhali bizi yüksək səviyyədə qəbil etdi və bizim sıralarımıza qoşuldu. Mən bu gün fəxrlə deyə bilərəm ki, bizim sıralarımızı ziyalılar, gənclər təşkil edir.

Komitə yaranan gündən yerli camaata xidmət edib və islami siyasi şüurun oyanmasına yardımçı olub.

- İcra hakimiyyəti və digər dövlət strukturları tərəfindən sizə təzyiqlər olurmu ?

 - Bəli, təzyiqlər olub. Hacı Mövsüm Səmədovun son çıxışından sonra məni də Daxili İşlər Nazirliyinə çağırıb sorğu-sual edib, sonra sərbəst buraxdılar. Hal-hazırda isə elə böyük bir təzyiq yoxdur.

- Həbslərdən sonra AİP-in getdiyi yolda daha da möhkəm olmasını nə ilə əlaqələndirisiniz?

 - Biz təqib və təzyiqlərdən sonra daha da möhkəm və iradəli olmuşuq. Azərbaycan İslam Partiyası (AİP) bütün işlərini Allaha xatir gördüyünə görə, heç bir təzyiq, təqib və çətinliyə mahal qoymayaraq öz yolunda şücaətlə addımlayır. Bundan sonra da addımlayacaq. Binəqədi Rayon Komitəsi olaraq biz İmam Huseyn(ə) məktəbindən faydalanaraq xalqa xidmət göstərir və xalqa xidmət etməyi Allaha xidmət hesab edirik.

- İslam Partiyası bu il keçiriləcək prezident seçkilərində fəallıq göstərəcəyini bəyan etmişdir. Bunun perspektivliyini nədə görürsünüz?

 - Seçkidə istər partiya üzvü ol, istər olma, ama iştirak etmək hər bir vətəndaşın konstitusion borcudur. Siyasi bir partiya kimi biz də bu seçkilərə qoşulacağıq. Perspektivliyini öz sosial bazamıza güvənməkdə görürük. Ümüd edirəm ki, bu seçkilər Azərbaycan xalqı üçün uğurlu olacaq.

- Ümumiyyətlə seçki demokratiya, xalqın hakimiyyəti deməkdir. Siz Azərbaycanda demokratik seçki keçiriləcəyinə inanırsınız?

- Baş verən siyasi proseslər göstərir ki, Azərbycanda demokratik seçkilər keçirilməyib və bu il də keçirilməyəcək. Buna baxmayaraq, biz seçkilərdə iştirak edəcəyik. Çünki yuxarıda qeyd etdiyim kimi, bu, bizim konstitusion hüququmuz və bir vətəndaş kimi borcumuzdur.

-  Bir azərbaycanlı və dindar kimi əhalisinin 97 faizi müsəlman olan bir məmləkətin prezidentini rəhbər kimi necə görmək istərdiniz?

- Mən Azərbaycan Respublikasının prezidentini İslam dəyərlərinə hörmət edən bir şəxs olmasını istəyirəm. Biz islamçı olaraq Azərbaycanda problemlərin həllini, haqqın və ədalətin bərpa olmasını İslam dinində və İslam dini ilə görürük. Azərbaycan xalqının gələcək səadətini qərb ailəsinə üzv olmaqda deyil, haqqa və mənəviyyat yoluna xidmət etməkdə görürük. AİP-in Binəqədi komitəsi kimi siyasi-ictimai vəzifəmizi dərk edərək İmam Hüseyn məktəbindən faydalanaraq xalqa xidmət göstərir və bununla fəxr edirik.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır