13 yanvar 2013 - 20:30

Keçən yazılarımın birində texniki bir səhv edib, onun adını dualarımda yazmamışdım. Kimlərsə bunu “qəsdlə edildiyini” zənn etmişdi. Üstü-örtülü yumşaq mesajlar da almışdım. Ancaq yəqin belə məsləhətmiş ki, bu şəxs barəsində ayrıca bir yazı yazım.

Mən bu şəxs haqqında eşitmişdim. Əlbəttə ki, hər kəs kimi mən də onunla görüşmək istəyirdim. Bir gün möminlərlə birlikdə Qubaya yola düşdük. Onun evində qonaq olduq. Həqiqətən onunla ilk tanışlığımda eşitdiyim şəxsin mənəvi bir adam olmasına şübhəm qalmamışdı…

İlahi, insan qonaq gəlməsinə, özüdə ilk dəfə gördüyü bir qonağın gəlməsinə belə sevinərmi? Danışığındakı səmimi təvazö, baxışındakı saxtalıqdan uzaq ehtiram, rəftarındakı həqiqi qardaşlıq…

Çox irfandan dəm vuranlar görmüşük. Sonradan onların “kəramət”lərinin şahidi də olmuşuq. “Az yeməklə bağlı hədis”lərdən danışanların yemək süfrəsindən durmaq istəmədiyini, təkəbbürdən az qala ölmək təhlükəsilə olanların “yalançı təvazö” etməsini, ölmüş qardaşının ətini yeməyin pisliyini danışanların qeybətlə bərabər böhtandan qorxmadığını az görməmişik.

Ancaq bu şəxs həqiqətən heç danışmadan əməli ilə özünün kimliyini möminlər arasında sübut etmişdi.

Azərbaycanda elə bir ruhani yoxdur ki, onun “səhvi”ni tutmasınlar. Ancaq bu şəxsin mənəvi bir şəxs olmasına bu günə qədər, kiminsə (ağıllı bir iraddan söhbət gedir, təkkəbbürlü və riyakarları nəzərdə tutmuram) irad tutmasını görməmişəm.

Ölkədə mənəvi yolu tutan adlarını qeyd etmək istəmədiyim ruhanilər belə, onun ziyarətinə gedər, ondan məsləhətlər alardılar. Süfrədə az yediyini, qeybətə zəmin yaradan söhbətlərdən qaçdığını, dualardakı şövqünü, kasıblara əl tutmasını və digər bilmədiyim fəzilətlərini görməmək olarmı? Bir şəxsi Allah əziz etmək istəsə, kim bu istəyin qarşısını ala bilər?

Keçən yazılarımın birində texniki bir səhv edib, onun adını dualarımda yazmamışdım. Kimlərsə bunu “qəsdlə edildiyini” zənn etmişdi. Üstü-örtülü yumşaq mesajlar da almışdım. Ancaq yəqin belə məsləhətmiş ki, bu şəxs barəsində ayrıca bir yazı yazım. Məhz kimlərisə razı salmaq üçün deyil, aşağıdakı hədisə görə mən bu şəxs haqda qısa bir yazı yazmaq qərarına gəldim.

İmam Baqir (ə) buyurur ki, bir şəxsin fəzilətlərini deməsən paxılsan, əgər bir kəsi həddindən artıq tərif etsən, yaltaq.

Barəsində bəhs etdiyim şəxs sözü və əməli bir olan ruhani Hacı Mövsüm Səmədovdur. Yuxarıda qeyd etdiyim şəxsdə məhz odur. Əlbəttə ki, Hacı Mövsüm Səmədov, Hacı Vaqif Abdullayev, Hacı Abgül Suleymanov, Hacı İlqar Əliyev, Hacı İlham Əliyev, Seyyid Fəramiz Abbasov kimi ruhanilərin, alimlərin barəsində nəinki bir yazı, hətta onlarla, yüzlərlə kitab yazmaq lazımdır. Çünki, bu şəxslər bizə başa saldılar ki, “hüseynçi” kimə deyirlər? Çünki bu şəxslər vasitəsilə İslam Dünyasında “azərbaycanlı dindar”ları tanımağa başladılar. Ola bilsin kimlərsə, bu fikirlə razı olmasın, ancaq maraqlansalar onda bu fikirin düz olmasını özləri görərlər. Qəbul etməsələr yeməklərinə (haram tikə) fikir verməklə yanaşı kimin və ya nəyin qarşısında əl açdıqlarını yada salsınlar...

Bir müddət əvvəl Azərbaycan Ziyalılar Birliyi Hacı Mövsüm Səmədovu “İlin mənəviyyat adamı” seçib. Əlbəttə bu təşkilata üzv olan ziyalılara böyük hörmətim var. Və düşünürəm ki, seçimlərində zərrə qədər yanılmayıblar. Belə bir qərar verdiklərinə görə onlara təşəkkür edirəm. Ümidvaram ki, bütün mömin və möminələr, həmçinin bu yola qədəm qoyan müsəlmanlar da bu fikirlə razıdırlar.

 

Ramin Bayramov

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır