Onunla ilk dəfə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin zirzəmisində təxminən 15-20 dəqiqə görüş imkanım oldu. Təxminən 2 həftə də orda qalmasına baxmayaraq, sonralar bizim görüşməyimizə imkan vermədilər. Növbəti dəfə Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında görüşdük. Vəkil otağında idik. Xahiş etdim bizə çay gətirdilər. Etiraz etmədi. Yağışlı hava idi.
İkimizə də çay süzüb, özüm dərhal birini içdim. Üçüncü stəkanı da içib qurtarandan sonra fərq etdim ki, o çayı içmir. Niyə içədiyini soruşdum. Çayı sevmədiyini və çox soyuq halda içdiyini bildirdi. Əlavə etdi ki, soyusun stəkandakını içərəm, siz narahat olmayın için. Beləcə, söhbətimiz bitənədək ikinci çayniki boşaltdım. O isə, hələ də çayını soyudurdu, bir qurtum da içməmişdi.
Hələ də heç nə anlamır və təkid edirdim ki, yenidən çay gətirsinlər ki, o da bir stəkan içsin. Çox israr etdiyimi görüb oruc olduğunu dedi. Əlbəttə, mən çox utandım. Amma onun oruc ola biləcəyini düşünmək mümkünsüz idi. Həm orucluq dövrü deyildi, həm də o vaxtadək mən bu qədər saf dini əqidəsi olan insan görməmişdim. Rahat çayımı içim deyə oruc olduğunu məndən gizlətmişdi.
O zamana qədər tanıdığım dindar insanlar isə, adətən dindar və namazqılan olmalarını dərhal reklam edirdilər. Hələ orucluq vaxtı oldumu, gündə 50 dəfə orucam deyirdilər. Onu tanıyanadək insanların oruc olmalarını onların öz dilindən eşitmişdim, heç kimin əməlində orucluq görməmişdim. O, məni heyrətləndirmişdi: fərqli olması ilə, saf əqidəsi ilə. Bəlkə də inanmazsınız, Kürdəxanıda olduğu təxminən 1 il 6 ay ərzində o hər gün oruc tutdu.
Söhbət Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədovdan gedir. Onun həbsindən 2 il ötdü. (yazını vəkil Anar Qasımlı öz "facebook" səhifəsində yerləşdirib).
Hər şey AİP-in toplantısındakı çıxışdan sonra başladı. Yanvar ayının 2-də ölkədə hicab qadağasına etiraz olaraq Hacı Möhsün Səmədov öz etirazını bildirdi.
Çıxışdan sonra isə...
AİP sədri, müavini Hacı Vaqif (zindanda dünyasını dəyişən), maşında olan digər ruhani və sürücüsü həbs edildi...
Xəbərlər belə yayıldı - əvvəl AİP sədri Hacı Möhsün Səmədov maşınla getdiyi zaman yol polisi tərəfindən saxlanılmış və naməlum istiqamətə aparılmışdı. İlk olaraq polisə müqavimət ittihamı ilə 13 sutkalıq həbs cəzasına məruz qalan partiya sədrinə qarşı daha sonra ağır ittihamlar irəli sürüldü.
Mütəşəkkil dəstə ittihamı ilə Hacı Möhsünün əmisi oğlu Dəyanət və qaynı Firdovsi həbs edildi. Onların evində axtarış oldu.
Nəticə - birinin işlədiyi dükanın soyuducusunun altından qumbara, digərinin evinin yorğan döşəyinin içində silah.
Qarşı tərəf ittihamları rədd edərək silahların qoyulduğunu bildirdilər.
Seyyid Fəramiz və Ruhulla Axundzadənin də evində bu cür...
Sonra...
Ruhanilər toplandı və toplananlar içində Hacı Mövsümün tələsdiyini deyənlər də oldu.
Lakin Quranın hafizi olan Hacı Zülfüqar Mikayılzadə istər bu ittiham və qeybətə, istərsə də həbslərə etiraz etdi. Etirazını hətta mediada da bildirdi.
Nəticə - nəticəni deyə bilmərik o digər həbsdəki ruhanilər kimi vəzifələrinə əməl etdiklərini bildirdi. Amma onu da həbs etdilər. Həbslər davam etdi.
2011-ci ilin oktyabrında Ağır Cinayətlərə dair Məhkəmədə hakim Eldar İsmayılov məhkəmə heyəti AİP sədri Möhsün Səmədova 12 il, Firdovsi Məmmədrzayevə 10 il, əmisi oğlu Dəyanət Səmədova 10 il, partiyanın sədr müavini Vaqif Abdullayevə 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, Masallı ruhanisi Fəramiz Abbasova 11 il həbs cəzası verib. Əslən Lənkərandan olan müstəqil ruhani Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 11 il şərti hökm oxundu.
2012-ci ilin mayın 17-də Bakı Apellyasiya Məhkəməsi islamçılarla bağlı Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qanuni prosedurlara əsasən, Ali Məhkəmənin qərarından asılı olaraq Möhsün Səmədov və onunla həbs olunanların işi Avropa Məhkəməsinə göndəriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır