16 avqust 2012 - 19:30

SSR-i vaxtı mübariz, mücahid, fədai olan Molla Bəylərin tələbəsi olmaq hər adamın işi deyildi. Müvəffəq tələbələrindən biri hazırda bir anti-yevrovijn çıxışına görə şərlənib həbsə alınan Hacı İlqardır. Biridə Hacı Əhliman Rüstəmovdur...

Ortada ki qərəz, təəssüb, suizən oldu, həqiqəti sübuta yetirmək dönür “Lazımın Qarabağı alması” kimi mahal bir işə. Dildə birinci olan mənim kimi bir qrup müsəlman elə mənəm-mənəm üzündən el demişkən bildiyini dədəsinə də verməz. Bir adamın haqqında deyilsə ki, bildiyini dədəsinə də verməz, demək, bu adam müsəlman deyil, yəni Allah qarşısında təslim olanlara heç bir aidiyyatı yoxdur. Onun İslamı heç Amerika İslamı da deyil, öz İslamıdır, özü üçün din yaradıb. Kənd dilində danışıram ki, şəhər uşaqları çox da narahat olmasın.

Dəqiq yadımda deyil, 20-25 il qabaq Cəlilabadın Göytəpə (Prişib) qəsəbəsində Molla Bəylər adlı arif bir ruhani vardı. O zaman Quran dərsi evlərdə keçilərdi. Molla, mərhum Molla Bəylər kimi mübariz, mücahid, fədai olanda hökumətin həssaslığı artardı. Molla Bəylər o ruhanilərdən idi ki, özü və evi daim nəzarət altında saxlanılardı. Çünki bu adamın gözünə güllə sıxılsaydı da haqqı nahaqqa verməzdi. Onun şücaəti sayəsində Sovet dövründə, 80-ci illərin axırlarında Masallının Xocavar kənd məscidində Cümə namazı qılanardı. Əlbəttə ki, bu namaz fiqhi baxımdan cəmiyyət namazı idi, amma ətraf rayonların dindarları məhz cümə günləri bu məscidə yığışdığından biz Cümə namazı deyərdik.

Molla Bəylərin tələbəsi olmaq hər adamın işi deyildi. Müvəffəq tələbələrindən biri hazırda bir anti-yevrovijn çıxışına görə şərlənib həbsə alınan Hacı İlqardır. Mərhum Molla Bəylərin hüzurunda İslam elmlərinə sahib olanlardan biri də bu gün sözbazların “məşhurlaşdırmaqda” olduğu Hacı Əhliman (Rüstəmov) idi. Hacı Əhliman Cəlilabadın ucqar kəndlərindən birindən bir gün maşınla, bir gün piyada Molla Bəylərin evinə dərsə gələrdi. Şəhər uşaqları, gecə evdə tək yatmaqdan üşənənlər, soyuq su ilə dəstəmaz alanda sətəlcəm olanlar Hacı Əhliman və onun kimi onlarla, bəlkə də yüzlərlə ruhaninin bu günə qədər ötüb-keçdiyi qaranlıq, itli-qurdlu yolları aşkarda görməyib, arzulamıram da. Amma heç olmaya yuxuda görsəydilər bəlkə insafa gələrdilər. Hələ Sovet hökumətinin axtarışa verdiyi mərhum Molla Hüseynin meşədə ağac altında dərs keçməsini, meşəyə dərsə gedənləri qoyaq bir yana.

Keçək mətləbə. Dini saytları nəzərdən keçirəndə bir saytda başlıq gördüm: “Hacı Əhlimandan bəyənilməyən tövsiyə”. Allahu Əkbər! Bəndə o adamlardan deyiləm ki, bir sayt, qəzet, ya telekanalın sözü ilə Allah verən ağlımı kənara qoyub lafa inanım. Müsəlman müsəlman haqqında hər nə pis söz eşitsə, dərhal dönməməli, hətta bəzi eybləri gözü ilə gördükdə gözünün ziddinə şəhadət verməlidir. Bunu mən demirəm, məsumlarımızın sözüdür. Nə isə, yazını oxudum. Hacı Əhliman bir nəsihətamiz sözünə görə ittiham olunurdu. Tapıb, Hacının sözlərini də oxudum. Aydın oldu ki, dini cameəmizdəki qarşıdurmaları, parçalanmaları, didişmələri nəzərdə tutan Hacı Əhliman bu ibadət ayında (ramazanda) məsləhət görüb ki, başınızı aşağı salın, ibadətinizlə məşğul olun. Hacı Əhlimanı tanıyanın ağlına da gəlməz ki, o dindarları köləliyə çağırsın. Hacının bu sözünə ilmə atan birinci adam mənim oğlum olub. Əgər bu kampaniyaya start verən mənim oğlum olmasaydı mövzudan yan keçərdim. Onsuz da indi söyhasöydü, bilinmir kim hansı məzhəbə qulluq edir. İstəyirsən yaxşı bir iş görəsən, özünə düşmən qazanırsan. Deyirsən qələt eləmişəm, əl çəkin. Amma it motaldan əl çəkir, motal itdən əl çəkmir.

Oğlumun Hacının ünvanına atmacasına dərhal şərh yazdım. Yazdım ki...

Salam, Hacı Əhliman! Sənə qarşı başlanmış uşaq oyunu bu qürbətdə məni yaman qəribsətdi. Gözümdən gildir-gildir yaş tökülür. Bu nə zəmanədir gəlib çıxdıq! Hardasan, ay Bəylər əmi, Allahdan bizə görüş istə. Yığışaq başına, lap qədimdəki kimi, can deyib, can eşidək. Sənin İlqarına narkoman damğası vurublar, Əmi! Mən günahkarın səsi bir yerə çatmır, Sən ki Allahla həmsöhbətsən, nə olar dərdimizə çarə istəsən! Nəsihət verməyi səndən öyrənmiş Əhlimanına söz atanlar məni üzdüsə, gör o nə çəkir!

Bağışla məni, Hacı Əhliman, təqiyyəyə səbrim çatmadı. Şeytanın axır fitnələri üzüb içimi, qırıb səbrimi. Özümü bazarda görürəm, nə böyük bilən var, nə kiçik. Ramazanı FB səhifəmi bağladım. Oğlum yerində gənc dindara qurban olum deyirəm, deyir sən ya qafilsən, ya hiyləgər... Nə edək, tərkidünya olaq?! Üz çevirib cəmiyyətdən dağlara çıxaq?! Mən oğluma nə lazımsa dedim. İnşaalah, peşman olar. O birilərini tapşırdım Allaha, beleləri ilə danışmaq faydasızdır. Təkcə Allah! Təkcə Allah qərəzli adama diz çökdürə bilər. Bizi tənha buraxma, ya Rəbb!

 

Arzu Eyvazov

 arzueyvazov@mail.ru

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır