17 iyul 2012 - 19:30

“Qəssab” ləqəbi ilə tanınan sionist 6 ildir nə ölə bilir, nə də sağalır

Əhli Beyt -ABNA- xəbər agentliyini- O, 2006-cı ilə qədər İsrail rejiminin baş naziri idi. Elə həmin il də beyin qanaması keçirdikdən sonra yatağa düşüb. “Qəssab” ləqəbi ilə tanınan sionist 6 ildir nə ölə bilir, nə də sağalır. Sakit, səssiz bir xəstəxana otağında tibbi cihazlara bağlı “yaşayır”. Əgər buna yaşamaq demək olarsa...

Xəstəxanadan qovulan nazir 6 ildir ölümü gözləyən eks-baş nazir xəstəxanaya gətiriləndə 77 yaşında idi, indi 83 yaşı var. Əvvəl Təl-Əvivdəki “Şeba” Tibb Mərkəzində müalicə alan Şaron bu xəstəxananın rəhbərliyinin tələbindən sonra oradan çıxmalı oldu. Onun tibbi cihazlara bağlı bədənini başqa tibbi ocağına apardılar.

Hazırda “Ein Kərəm” xəstəxanasında saxlanılan Şaron, 6 ildir tibbi cihazlara bağlı yaşayır. Ariel Şaronun bu vəziyyətinə ailəsi də çox dözmədi, təxminən 4 il əvvəl doğmaları ondan üz döndərdi. Xəstəxana səlahiyyətlilərinin, “artıq burada əlimizdən heç nə gəlmir, o sağalmır, evə aparın”, - deyə xəbərdarlığını belə ailəsi soyuq qarşıladı.

Ən bahalı xəstə Şaronun 6 ildir xəstəxanada olması onu həm də “ən bahalı xəstə” kimi məşhurlaşdırdı. Belə ki, “Şeba” və “Ein Kərəm” xəstəxanalarının idarəçilərinin apardığı hesablamaya görə, Şaron İsraildə “1948-ci ildən bu yana ən çox xərc çəkilən xəstə” dir. Belə ki, onun illik xəstəxana xərci 440 min dolları keçir. Ailəsinin Şaronu evə qəbul etməməsi səbəbi ilə xəstəxanada təkrarlanan məcburi xərclər getdikcə daha da artır. Ariel Şaronun siyasi şəxsiyyət olması, xəstəxana rəhbərliyini xüsusi təhlükəsizlik tədbirləri görməyə məcbur edir ki, bu da əlavə xərc deməkdir.

Dəfələrlə başını qırdılar

Sionist Ariel Şaron bədənində meydana gələn müxtəlif problemlər səbəbi ilə tez-tez əməliyyatlara məruz qalıb. Bu 6 il müddətində, xüsusilə beynində problemlər yaranıb. Vəziyyətinin daha da pisləşməməsi üçün aparılan beyin əməliyyatları səbəbi ilə kəllə sümüyü qırıldığından beyninə müdaxilə edilib.

Müəyyən fasilələrlə başından əməliyyatlar keçirən Şaron sonradan da kəllə sümüyünün qırılmasına görə ortaya çıxan dəliyin bağlanması üçün yenidən əməliyyata məruz qalır. Beləcə Ariel Şaron üçün “sonsuz əməliyyatlar dövrü” yaranır. Şaron ayrıca nəfəs borusuna yerləşdirilən xüsusi bir borunun köməyi ilə nəfəs ala bilir. Keçmiş baş nazir bu borunun dəyişdirilməsi üçün də müəyyən fasilələrlə tez-tez əməliyyata məruz qalır.

Siyasətçi deyil, terrorçu!

Hələ 13 yaşında olanda atasının hədiyyə etdiyi bir xəncər-qılınc ilə fələstinlilərə hücum etməyə başlayan sionist Ariel Şaron, həyatının sonrakı illərində də həmişə bu təcavüzkar, sadist xüsusiyyəti ilə tanındı. Çavuş olaraq xidməti vəzifəsini yerinə yetirdiyi vaxtlar, verdikləri itkilərə görə komandirlərini məsul tutan Şaron, sonrakı dövrlərdə bu hadisənin təsiri ilə həmişə öz bildiyini tətbiq edərək “yuxarılar”ın tapşırığını diqqətə almayıb.

Ariel Şaron Tarix və Şərqşünaslıq fakültəsini bitirib. Amma hərbi xidmətdə zalımlığı ilə ad qazanıb. İlk qətliamını qadın və uşaqların da olduğu bir kəndə hücum edərək, 69 adamın ölümü ilə nəticələnən hadisə ilə reallaşdırıb. Söz dinləməzliyi, özbaşınalığı nəticəsində ordudan qovulub, amma o boş durmayıb, siyasətə atılıb. Müdafiə naziri olub, amma köhnə vərdişlərini tərgitməyib. Baş naziri məlumatlandırmadan əsgərləri qonşu ölkələrə basqın etməyə məcbur edib. Sabra və Şatila düşərgələrində sərgilədiyi vəhşilik nəticəsində 2 mindən çox mühacir həyatını itirib. Təhrikedici davranışı ilə 10 il minlərlə fələstinli müsəlmanın qətl edilməsinə səbəb olub.

Həyatı boyu etdiyi vəhşiliklər, axıtdığı qanlar onu şəxsi hayatında da izləyib. Həyat yoldaşı xərçəngdən dünyasını dəyişib, 14 yaşlı oğlu atasının silahı ilə oynayarkən özünə atəş açaraq ölüb. Bütün etdikləri Ariel Şarona 6 ildir həyatla ölüm arasındakı səddi keçməyə imkan vermir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır