Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalının baş redaktoru İqor Korotçenko Moskvada mətbuat konfransında çıxışı zamanı bildirib: “İranın iblis simasında təqdimatı təcrübəsindən uzaqlaşmaq lazımdır, çünki İslam Respublikası region ölkələri arasında normal demokratik dövlətdir”.
Onun fikrincə, Vladimir Putinin hakimiyyətə gəlməsi ilə Rusiya dünya siyasətində öz geosiyasi mövqeyini və milli maraqlarını dəqiq müəyyən edib. Baş redaktor hesab edir ki, İran İslam Respublikasına qarşı iqtisadi təzyiq siyasəti perspektivsizdir, çünki bu ölkədə hakimiyyət şəffafdır və xalq onu tamamilə dəstəkləyir.
“İraqdakı hadisələri hər kəs xatırlayır, İranda da eyni ssenarini tətbiq etmək istəyirlər. İslam Respublikası nüvəni dinc məqsədlə istifadə edir və Avropa üçün heç bir raket təhlükəsi yaratmır. Bundan da nəticəyə gəlmək olar ki, AvroRƏM-in bütün ideyaları tamamilə əsassızdır. İran İslam Respublikasnın bunun üçün nə istəyi, nə də imkanları yoxdur”, - İqor Korotçenko deyib.
Onun fikrincə, İranla hesablaşmaq lazımdır, heç kim onun atom mülki sahələrinin inkişafına olan suveren hüquqlarını əlindən ala bilməz.
“Rusiya Qərbin anti-İran təxribatlarında iştirak etməyəcək. Qərbin geosiyasi məqsədi - Suriya-İran-Belarus-Rusiya-Çindir. Beləliklə, İranın nüvə problemi əsas məqsəd deyil. Əgər bu məsələ olmasa, Qərb mütləq hansısa digər problem tapacaq. İrana qarşı hərbi ssenari yürüdülərsə, Rusiya bu ölkəni təcavüzdən qorumaq məqsədi ilə oraya hava hücumundan müdafiə sistemləri yerləşdirmək hüququna malikdir”, - İ.Korotçenko fikrini tamamlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır