Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən açıqlamada deyilir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst mayın 29-da keçirdiyi brifinqdə “Ariya” informasiya agentliyinin sualını cavablandırarkən Azərbaycandan danışıb.
“Ariya” əməkdaşı sualı belə qoyub: “Bakı dövləti İran səfirliyinin etiraz bəyanatına baxmayaraq müqəddəslərimizi təhqir edən ünsürləri pisləməkdən çəkindi və mayın 28-də ali rəhbərin nümayəndəsinin bu ölkəyə daxil olmasına icazə vermədi. Xarici İşlər Nazirliyinin buna reaksiyası necədir?”.
Mehmanpərəst deyib: “Bundan öncə də bildirmişik ki, ola bilər, İslam dünyasına qarşı çıxanlar, eləcə də sionist rejimi və fitnə salanlar region dövlətləri arasında xoş münasibətlərin olmasını heç bir vəchlə istəmirlər. Bu səbəbdən baş verən fitnələr qarşısında ayıq olmağa və müdriklik göstərməyə ehtiyac var.
Biz Azərbaycan Respublikası rəsmilərindən tələb etmişik ki, bu təxribatlarla əlaqədar ağıllı mövqe sərgiləsinlər, iki ölkə arasında mövcud atmosferin və xalqların hiss və duyğularının bizi bu qarşılıqlı xoş atmosferdən, tarixi və mədəni bağlılıqdan faydalanmaq imkanından məhrum edə biləcək bir istiqamətə yönəlməsinə icazə verməsinlər.
Bütün region ölkələri bugünkü həssas şəraiti nəzərə almalıdır. Dəyişikliklər dalğası inkişafdadır və müstəqilliyinə qovuşmaq arzusunda olan ölkələr bu prosesləri yaşamaqdadır. Belə bir şəraitdə sionist rejimin və onların Qərbdən olan himayədarlarının yeganə xilas yolu fitnə və təxribatlar törətməklə bu rejimin xilası üçün imkan yaratmaqdan ibarətdir. Bizim tövsiyəmiz budur ki, fərdlərin hüquqları və mehriban qonşuluq əlaqələri çərçivəsində elə hərəkət edək ki, insanların hisslərinə toxunmayaq. Müqəddəslərə hörmətsizlik etməyə kimsəyə əsla icazə verməyəcəyik. Bakı dövləti maksimum səy göstərməli, belə hərəkətlərə kəskin münasibət bəsləməli və onun səbəbkarlarını mühakimə etməlidir.
Azərbaycan Respublikası rəsmilərindən istəyirik ki, bu ölkədə baş vermiş son hadisələri diqqətlə araşdıraraq dini müqəddəslərə hörmətsizlik edənlərə qarşı tədbirlər görsünlər və regionun ictimai rəyində mövcud olan atmosferin bu hərəkətlər nəticəsində mənfiyə doğru dəyişməsinə imkan verməsinlər”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır