Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Azərbaycandakı səfirliyi rəsmi Bakıya təqdim etdiyi notada iranlı jurnalistlərin saxlanması faktının beynəlxalq normalara zidd olduğu bildirilir, onların dərhal azadlığa buraxılması tələb edilir.
Xatırladaq ki, İran kütləvi informasiya vasitələri “FARS” informasiya agentliyinin və İran televiziyasının “Səhər” kanalının jurnalistlərinin Bakıda həbs olunması barədə məlumat yayıb. Saxlanan şəxslərdən Anar Bayramlının “Səhər” kanalının müxbiri, Ramil Dadaşovun isə “Səhər” kanalının sürücüsü olduğu bildirilir.
Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə İran İslam Respublikası televiziyasının Anar Bayramlı adında əməkdaşının Xarici İşlər Nazirliyində akkreditasiya olunmadığını bildirib.
Qeyd edək ki, A. Bayramlı Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılarkən onun üzərindən narkotik vasitə götürülüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır