24 yanvar 2012 - 20:30

Bir tikə çörək üçün qışın soyuğunda donan, yayın cırhacırında kömür kimi qaralanlar arasında uşaq da var, böyük də. Bu soyuq günlərdə ruzisi küçələrdən çıxan soydaşlarımızla görüşdük, onlarla həmsöhbət olduq, ağır həyat tərzlərini öz gözlərimizlə müşahidə etdik.

Soyuq havada hər tərəfin su olmasına, göydən qarın yağmasına baxmayaraq, onlar iş başındadırlar. Küçələrdə avtomobil şüşəsi silən, xırda alver edən, çirkli əllərini açıb dilənən, yoluxucu xəstəliklərin mənbəyi olan ən ağıla gəlməz daldalanacaqlarda gecələyən, qışın soyuğunda donan, yayın cırhacırında kömür kimi qaralanlar arasında uşaq da var, böyük də.

Bu soyuq günlərdə ruzisi küçələrdən çıxan soydaşlarımızla görüşdük, onlarla həmsöhbət olduq, ağır həyat tərzlərini öz gözlərimizlə müşahidə etdik.

YAP-ın binası qarşısında limon satdığına görə döyülən qadın

Yaylıqla üzünü bağlayıb, başına və ayaqlarına sellofan keçirib metro çıxışında limon satan Hamaya Məmmədovanın 34 yaşı var. Cənub bölgəsindən olan Hamaya 6 ildir Bakı küçələrində limon satdığını deyir: “İşim çox çətindir, qıza. Hər həftə Lənkərana gedib, limon gətirirəm. Öz həyətimizdə becəririk, mən də Bakıda satıram. Uşaqlarımın atası iş tapa bilmir”. Limon satıcısı soyuqdan donan əllərini qolunun altında isidib, vedrəyə yığdığı limondan 5 ədəd əlinə alaraq müştəri səsləyir: “Beşi bir manata limon var”. Üç uşaq anası olduğunu deyən Hamaya xanım uşaqlarını oxuda bilmədiyini dedi. Gün ərzində qazancının 7-8 manatdan artıq olmadığını söyləyən satıcı özünün xəstə olduğunu bildirdi: “Böyük qızımın 15 yaşı var. O birilər isə 9 və 11 yaşlarındadır.

İmkanım olmadığı üçün məktəbə yola sala bilmirəm. Qarınlarını güclə doyuzdururam. Qohum-əqrəbanın cır-cındırını geyinib evdə otururlar. Böyük qızımı istəyən var. Amma cehiz dərdindən verə bilmirəm. Heç olmasa o, ərə getsəydi yüküm yüngülləşərdi”. Səhər saatlarından axşam 22:00-dək küçələrdə limon satdığını deyən Hamaya polislərdən də gileyləndi: “Yol kənarında dayanan maşınların arasında gizlənib satıram. Bir dəfə hökumət partiyasının (Yeni Azərbaycan Partiyasının ”Sahil" metro stansiyası yaxınlığındakı qərargahını nəzərdə tutur. G.M.) qarşısında dayanıb limon dolu vedrəmi yerə qoymuşdum. Heç səsimi də çıxarmırdım. Bir də gördüm oradan iki polis çıxıb vedrəmi təpiklə vurub aşırdı. Limonlarımın çoxunu yerdən yığa bilmədim. Vedrəmi də götürüb qaçdım". Gözləri yaşaran qadın indiyədək dəfələrlə polislərin onu təhqir etdiyini dedi.

Digər limon satan 53 yaşlı Reyhanə Zeynalova da polislərin əlindən dad etdi: “Gəlib bizə deyirlər küçə ticarəti qadağandır. Mən də onlardan soruşuram, ay başınıza dönüm, bəs bu yazıq camaat harada dayanıb balalarına çörəkpulu qazansın? Bütün günü ağır vedrəni ora-bura daşımaqdan qıçımız tutulub”. Məcburi köçkün olduğunu deyən Reyhanə xala kirayədə yaşadığını və övladının iş tapa bilmədiyini vurğuladı: “Oğlumun 27 yaşı var. Hara gedirsə iş tapa bilmir. Bu xaraba ölkədə fəhləlik üçün də rüşvət istəyirlər. Televizordan baxırıq, görürük, hər şey yaxşıdır. Ölkəmiz gözəlləşir. Amma qışın bu çağında yaşlı qadınlar yol kənarında dayanıb limon satır”. Utandıqları üçün üz-gözlərini bağladıqlarını deyən limon satan qadınlar yavan çörək umuduna ayaq üstə durduqlarını dedilər: “Yayda başımıza gün vursa da, birtəhər dayanırıq. Amma soyuq havada asfaltdan gələn soyuq daha betər olur. Heç olmasa bir piştaxtamız olsa, orada alver edərdik”.

Arabaçılar çörəkpullarını düşünürlər

Digər küçə alverçilərini küçədə göy, əllərində corab, köynək və sair satarkən görürük. Onlar göy satıcısı kimi tanınmaqdan heç də utanmırlar. Onların fikrincə, hər bir iş fərəhlidir. Pis olan peşələr deyil, onların daşıyıcılarıdır. Göy satan müsahibimin adı Nadir Quliyevdir. 48 yaşı var: “Səhər 6-da durub, gedib göyləri almalısan, gecə 2-də 3-də yatırıq. Göyləri qaydaya salırıq. Təmizləyirik ki, müştəriyə yeməli görünsünlər. Yorğunluqdan böyük nə çətinlik ola bilər ki? Üstəlik də insanların hərəsi bir cürdür”. Günə təxminən 15-20 manat pul qazandığını deyən Nadir kişi gündə 500-600 dəstə göy satdığını deyir: “Məsrəflərimdən xaric 15-20 manat evə apara bilirəm. Bəzən də az olur”.

Balaca əllərinə sığmayan kartof-soğanı və pomidoru yanından keçənlərə satmağa çalışan 14 yaşlı Qəhrəman isə ailəsinin maddi vəziyyəti pis olduğundan anasına kömək etməyə çalışır. “Dərsdən sonra alver edirəm. Tərəvəzi ucuz qiymətə almaq üçün hər səhər saat 6-da bazara gedirəm. Anam səhər yuxudan məni güclə oyadır. Amma qazandığım pulun hamısını evə aparıram. Atam olmadığı üçün evin ehtiyacını qardaşımla mən ödəməliyik. Satılmayan malları da evə aparıram”-deyə o söylədi.

Göy satandan aralanıb küçə tinində dayanan digər insanlara yaxınlaşıram. Yəqin ki, çoxları ticarət mərkəzlərində, bazarlarda olarkən onların xidmətlərindən istifadə edib. “Yol verin! yol, yol...” sözlərini ucadan deyə-deyə insanların arası ilə arabaları məharətlə sürən arabaçılar ağır yükümüzü avtomobilimizə qədər daşıyırlar. Qışın sərt soyuğuna sinə gərib çörəkpulu qazanan arabaçılar gecə saat 12-dən sübh 5-ə qədər işlədiklərini deyirlər. “Yer haqqı ödəmirik. Sadəcə, gündə 1 manat verib arabanı kirayələyirik. Bazara gələn topdansatış məhsullarını 2-3 manata daşıyırıq”- deyə 29 yaşlı Elvin Xəlilov bildirdi. Soyuqdan donan əllərini nəfəsi ilə isidən 16 yaşlı Rəsul səhərə kimi 5-6 müştərinin yükünü daşıdığını söylədi: “Günorta dönər yeyirəm, axşama kimi mənə bəs edir. Ailəmi dolandırmaq üçün məcburam burada araba dartam. Amma çoxları bizim hərəkətə mane olduğumuzu deyib, işləməyə imkan vermirlər”.

Bu da son 7 ildə 1 milyondan çox iş yeri açıldığı deyilən ölkənin bir qrup zavallı vətəndaşları. Qışın sərt soyuğunda çörəkpulu qazanmaq sözün əsl mənasında məşəqqətli işdir. Bu əzaba qoca da qatlaşır, orta yaşlı da, gənc də, uşaq da. Çünki hər kəsin güzəran problemi var. Ən pisi isə odur ki, insanlar özlərinə bir tikə çörəkpulu qazanmaq istəyəndə də hökumət buna imkan vermir...

Günay MUSAYEVA

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır