15 dekabr 2011 - 20:30

“Bakı məktəblərində hicablı şagirdlərin siyahısı hazırlanır”. Bu barədə Xətai, Nərimanov və Səbael rayonlarında yerləşən məktəblərdən məlumat verilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Məlumatı verən müəllimlər adlarının gizli saxlanması şərti ilə bildiriblər ki, rəhbərlik tərəfindən onlara sinifdəki hicablı uşaqların siyahısının hazırlanması tapşırılıb. Müdiriyyət təhsil idarəsindən gələn bu tapşırığın hansı məqsədi daşıdığı haqda açıqlama verməsə də, bu tapşırıq ciddi narahatçılıq yaradıb. Bəzi müəllimlər bunu hicablı valideynlərə qarşı yeni təqiblərin olacağından ehtiyatlanırlar.

Ancaq siyahının konkret hansı idarə tərəfindən və nə məqsəd güddüyü barədə məlumat verilmir. Məlumatı əldə etdikdən sonra ötən gün Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zəminə Əliqızı ilə əlaqə saxladıq. Z.Əliqızı Bakı Təhsil İdarəsi tərəfindən hər hansı siyahıyaalmanın keçirilmədiyini dedi: “Bakı məktəblərində bütün şagirdlər dərsə vahid məktəbli formasında gəlirlər. Məktəblərdə hicablı şagirdlər yoxdur, hamı məktəbli formasına riayət edir. Belə olan halda hicablı şagirdlərin siyahısı necə hazırlana bilər?”

Bir daha qeyd edək ki, bu haqda məlumatları bizə verən mənbə israr edərək Bakının Xətai, Nərimanov və Səbael rayonları ərazisində yerləşən bir çox məktəblərdə (dəqiqləşdirilə bildiyi qədər) hicablı şagirdlərin siyahısının müəllimlərdən istənildiyini iddia edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır