22 noyabr 2011 - 20:30

Ərəstun Oruclu: «İsraildə seçkilər keçiriləndən sonra yeni hökumətin İrana və Türkiyəyə qarşı siyasəti dəyişəcək». “İsrail isə illər boyu Azərbaycanda avtoritarizmin möhkəmlənməsinə dəstək verib”

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, poitoloq Ərəstun Oruclu regionda cərəyan edən proseslərlə bağlı «Bizim Yol» qəzetinin suallarını cavablandırıb. Politoloq İrana qarşı mümkün hərbi əməliyyatların perspektivi, bu təklifin gündəmə gəlmə səbəbləri, Azərbaycanın xarici siyasəti, İran-İsrail arasında manevr imkanları barədə fikirlərini açıqlayıb. Müsahibəni təqdim edirik.

- Ərəstun bəy, dünya birliyinin, xüsusən BMT-nin mövqeyi tam məlum olmadan İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması barədə bəyanatları Sizcə hansı proseslərdən xəbər verir?

- Məncə, Problem ilk növbədə İsrailin daxilindəki siyasi durumla əlaqəlidir. Çünki Netanyahu hökuməti artıq başa düşür ki, qarşıdakı parlament seçkilərində məğlub olacaq. Bu situasiyadan onu xilas edəcək yeganə amil ciddi xarici düşmən amilidir ki, İsrail hökuməti də bu səbəbdən Tehranla hərbi münaqişə yaratmağa çalışır. Bu planın reallaşdırılmasında da İranın nüvə proqramının bəhanə kimi istifadəsi görünür. Amma beynəlxalq aləmin bu plana qarşı çıxması da nəzərdən qaçmır.

- ABŞ rəhbərliyinin problemin diplomatik müstəvidə həll olunması ilə bağlı mövqeyini nəzərdə tutrsunuz?

- Pentaqonun açıqlamaları birbaşa İsrailin niyyətinə qarşı idi. Bunun arxasınca təsadüfən jurnalistlərə sızan Sarkozi-Obama dialoqunda Netanyahuya ifadə olunan neqativ münasibətin də bir mesaj olmasını ehtimal etmək olar.

- Bu mesaj məqsədli «təsadüfdürmü»?

- Bilmirəm. Amma təsadüfdən, ya da zərurətdənmi iki güclü ölkə liderinin İsrailin baş nazirinə münasibəti açıqlandı. Siyasətdə adətən bu cür münasibətlər həmin dövrdə olan siyasətin ifadəsi hesab olunur. Hesab edirəm ki, bu, Netanyahunun niyyətlərinə qarşı yönəlmiş bir mesaj ola bilərdi. Nəhayət, bu hadisələrin sonunda sərt olacağı gözlənilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramı ilə bağlı hesabatı gözlənildiyindən xeyli yumşaq oldu. Bundan sonra ABŞ-ın, Fransanın və Almaniyanın mövqeyində də ifadə olundu ki, bu dövlətlər İranla hərbi münaqişəni mümkün saymırlar.

- Azərbaycan cəmiyyətində ABŞ-ın yəhudi lobbisi tərəfindən idarə olunması fikri möhkəmləndiyindən Vaşinqtonun məlum mövqeyi çoxlu suallar yaradır. ABŞ-nın mövqeyinin belə olmasında Çin və Rusiya amili rol oynadımı?

- Xeyr, Amerikanı Amerika maraqları idarə edir və hakimiyyətlərin bütün siyasəti ölkənin inkişafına yönəlib. Hələlik dünyanın vahid gücü olan ABŞ-ın üzərində bütün dünyada təhlükəsizliyə görə bir məsuliyyət də var. Ona görə də ABŞ daxili və bölgəsəl maraqlar səbəbindən İsrailin bu cür davranışına yol verə bilməz. Yəni ABŞ-da yəhudi, yunan lobbisi olsun, fərqi yoxdur, hər kəs ölkənin maraqlarına xidmət etməyə borcludur. Çünki Amerika bir dövlət olaraq gücü olmadan həmin lobbilər nəyə və necə təsir edə bilərlər ki?!

- İsrail Türkiyə ilə son münasibətlərdə olduğu kimi inad göstərə bilərmi?

- Yəni ki, birdən İrana qarşı hərbi əməliyyatlara başlasa?

- Bəli.

- Mən İsrailin mövcud hökumətindən belə bir ssenarini istisna etmirəm. Amma belə bir hadisə baş verərsə, İsrail meydanda tək qala bilər. Ona görə ki, İsrail hökumətinə öncədən verilmiş mesajlar belə düşünməyə əsas yaradır. Sabah İsrail öz istəyi ilə hərbi əməliyyatlara başlayacaqsa, niyə ABŞ hökmən buna qoşulmalıdır?

- Doğrudan da, Qərb İran məsələsində nə üçün gözləmə mövqeyi tutdu? Buna Suriya amilimi təsir etdi?

- Təkcə bu amil deyil. İran 70 milyonluq ölkədir, kifayət qədər intelektual səviyyəsi var, islam dünyasının şiə hissəsində liderdir, həm də dövlətçilik ənənələri var. Ona görə məsələ göründüyü qədər asan həll olunan deyil və Qərbdə bunu gözəl başa düşürlər. Avropa siyasətində sözünün çəkisi olan diplomatlar tanıyıram ki, onlar İran probleminin hərbi müdaxilə ilə həll olunacağına çox skeptik yanaşırlar.

- Neçə illərdir mətbuatımızın “İran vurulacaq” manşetlərini izləyirik, bu xəbərlər yenə də davam edəcəkmi?

- Mümkündür. Çox təəssüf ki, bəzi hallarda bu manşetlər sevindirici tonda olur. İran rejiminə nifrətlə yanaşmaq olar, ancaq iki amil var: humanitar, yəni söhbət 70 milyonluq ölkədən gedir, ikincisi, praqmatik maraqdır. Azərbaycanda bəzi millətçi maraqlardan çıxış edənlər İranın vurulmasını çox israrla arzulayır, amma bu ölkənin əhalisinin yarısının bizim millətdən olmasını unudurlar. Belə olanda, bunun harası millətçilik oldu?!

- Ümumiyyətlə, İsrail-İran məsələsində Azərbaycan hansı mövqe tutmalıdır?

- Hesab edirəm ki, Azərbaycan hələlik kifayət qədər təmkinli mövqe tutub. Baxmayaraq ki, Azərbaycanın xarici siyasət prioritetləri müəyyənləşməyib, ona görə də rəsmi Bakı ayrı-ayrı sferalarda olsa da, İran və İsraillə yaxından tərəfdaşlıq edibdir. Eyni zamanda, İsrail hökumətində müəyyən gözləntilər yaradıb ki, Azərbaycan amilindən İrana qarşı istifadə edə bilər. Bu gözlənti İranda da yaranıb ki, Azərbaycan İsrailin hərbi əməliyyatlarına aktiv və passiv şəkildə dəstək verməz. Məncə, hərbi əməliyyatlar olarsa, Azərbaycan heç bir formada iştirak etməməlidir, bu, yolverilməzdir. Yaxşı olar ki, rəsmi Bakı bu cür mürəkkəb məsələlərdə Türkiyə ilə mövqeyini uzlaşdırsın. Çünki Türkiyə bizim yeganə müttəfiqmizdir, öz dövlətimizdir. Bilirsiniz ki, cənab Abdulla Gül İranla Qərb arasında vasitəçilik təklif etdi. Türkiyənin bu vasitəçiliyi aparacaq gücü də yetərincədir, eyni zamanda bu ölkə NATO-nun üzvüdür və İranla sıx qonşuluq əlaqələri var. Bu baxımdan Azərbaycan İsrail-İran məsələsində Türkiyə ilə siyasətini uzlaşdırsa, daha yaxşı olar.

- Bəs İsrail-Türkiyə münasibətlərinin gərgiliyi zamanında Azərbaycan yəhudi lobbisinin dəstəyini itirməzmi?

- Məncə, biz yəhudi lobbisi məsələsinin əhəmiyyətini bir qədər artırırıq. Söhbət konkret İsraildən getməlidir. Əgər yəhudi lobbisi Azərbaycana dəstək veribsə, 907-ci düzəliş çoxdan ləğv olunmalıydı, amma biz bunu görmürük. İkinci, yəhudi lobbisi dəstək veribsə, ABŞ-Azərbaycan münasibətləri normallaşmalıydı, bu istiqamətdə də normallaşmanı tam həcmdə görmürük. İsrail isə illər boyu Azərbaycanda avtoritarizmin möhkəmlənməsinə dəstək verib və bu istiqamətdəki fəaliyyəti nəticəsində də müəyyən iqtisadi maraqlarını təmin edib. Buna görəİsrailin yedəyində gedib 30 milyon soydaşımızın yaşadığı dövlətə qarşı aktiv və passiv hərbi əməliyyatlarda iştirak etmək çox yanlış olardı. Əminəm ki, Azərbaycan hakimiyyəti buna getməyəcək. Çünki bir müddət sonra İsraildə seçkilər olacaq və hökumət dəyişəcək. Hesab edirəm ki, hakimiyyət dəyişikliyindən sonra İsrail dövlətinin də siyasəti dəyişəcək. Bu siyasət İsrail xalqının və dövlətinin yox, Netanyahu-Liberman cütlüyünün apardığı siyasətdir. Bu siyasətin Qəzza, Türkiyə ilə münasibətlər məsələsində hansı dalan vəziyyətinə gətirib çıxardığını hamı görüb. Mən hələ ABŞ-a olan sayğısızlığı demirəm.

- Netanyahu hökumətinin artıq nüfuzdan düşdüyünü hesab edirsiniz?

- Bəli, daxili sorğular, ona qarşı etirazlar və Netanyahu hökumətinin təkidlə müharibəyə başlamaq istəyi də bu dəyərləndirmənin təsdiqidir.

 

Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır