Əvvəl qulağıma bir qədər qəribə gəldi. Necə yəni şeytanın? Amma artıq son dövrün hadisələrinə nəzər salanda bu dahi insanın uzaqgörənliyinin şahidi oldum. Dünyanı idarə etmək niyyətlərini açıq aşkar ortaya qoyan imperialist qüvvələr (bunlara daha çox şeytanın dəstəsi desək daha düzgün olar) hər bir addımında “demokratiyanı” gözə soxub bununla hərəkət edirlər. Əslində demokratiya puç bir ideyadır. Xalqın hakimiyyəti heç bir zaman olmayıb, indi də yoxdur və bundan sonra da olmayacaq. Çünki mənim düşüncəmə görə xalqa hakimiyyət vermək olmaz. Hakimiyyəti xalqın ixtiyarında qoysan o dövlətdən dövlət olmayacaq. Dövləti tarixən həmişə fərdlər idarə edib. Bu gün də belədir və sabah da əgər olacaqsa belə olacaq. Heç bir dövlətdə mütləq demokratiya yoxdur.
Bu yaxınlarda ABŞ və Avropanın neftə görə başını yediyi Liviyanın diktatoru Qəddafinin də demokratiya haqqında bir sözü var idi. Qəddafi deyirdi ki, Demokratiya əbədi hakimiyyət deməkdir. Digər bir mütəffəkir isə (təəssüf ki, adını unutmuşam) belə bir fikir söyləmişdi: "Demokratiya xalqın ağzına bir parka çörək atıb başını qatmaq və zəli kimi qanını sormaqdır".“Ərəb baharı” adı verilən bir proses bu gün dünyanın diqqət mərkəzindədir. Əslində nisbətən kasıblamış qərbin öz cibini doldurmaq üçün “maya” qoyaraq gəlir əldə etmək üçün “inqilablar” yaradıb “demokratiya” adı altında zəngin ərəblərin neftini sormaq üçün qurulan bu tələyə düşənlər hələ uzun müddət bunun acısını yaşayacaqlar. Məsələn elə götürək Misiri. Misir xalqı “ayağa qalxıb” Hüsnü mübarəki “yıxdı.” İndi də girinc qalıb özlərinə rəhbər seçə bilmirlər. yenə də tökülüblər meydanlara. Bax bayaq dediyim fikrə bir də qayıdıram. Hakimiyyəti xalqın əlinə verəndə bu cür avara qalır. Misirin bu qarışıqlığından istifadə edən qərb isə onun zəngin təbii sərvətlərini daşıyır. Misir xalqı bir də onda ayılacaq ki, heç bir şeyi yoxdur. Fəqət qazancları “demokratiya” olacaq.Liviyada Qəddafini devirəndən sonra onun banklardakı pullarını bölüşdürən şeytanın dəstəsi hələ hazır qızılı nefti bölür. Liviyanın başına da bir “akademiki” qoydu bu gün. İndi o “akademikin” başı öz “elmi işinə qarışacaq” və qərb də öz işində olacaq.
Bu da öz yerində. İndi gələk öz ölkəmizə bir az da öz dərdlərimizdən danışaq. Biz demokratik, hüquqi dövlətdə yaşayırıq. Müstəqilik, insanlar hüquq və azadlıqlara malikdir. Amma bütün bu dediklərim Konstitusiyadadır ki, onu da vecinə alan yoxdur. Çünki Konstitusiyanın hər bir maddəsinin altında belə bir ibarə var ki, “qanunda nəzərdə tutulmuş istisnadır, və s.” Bax bu istisnalardır ki, kimin hansı qanunla hərəkət etməsinə icazə verir. Yaxud da bizdə yeni qanun yaratmaq asan bir məsələdir. Xalqın “demokratik” yolla seçdiyi vəkillər millətin adından qanunlar icad edir. Amma bu qanunlarda o qədər boşluqlar olur ki, dünyanın ən yaxşı mala ustası da bunu malalaya bilmir. Məhz bu “demokratik” qanunlara söykənən “azad” məhkəmələr də Hacı Mövsüm, Hacı Abgül kimi ruhaniləri, Ramin Bayramov, Əvəz Zeynallı, Eynulla Fətullayev kimi jurnalistləri, Tale Bağırov, Bəxtiyar Hacıyev kimi savadlı gəncləri rahatca damlaya bilir və heç kim də onlara gözün üstündə qaşın var demir.P.S. Demokratiya şeytanın son oyunudur! Bu sözü bir dəfə də yazıram ki, bir qədər də düşünək. Ən əsası isə bu cümlədə bir ibarə var “son oyun”. Şeytanın oyunları artıq bitib ey şeytanın dəstəsi. Artıq şeytanın sonu çatdığı kimi sizin də sonunuz çatmaq üzrədir. Ən azı bunu görəcəyimə yəqinim var…
Əli Cəfəri
Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır