Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Üç gün öncə Xətai rayonunda Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) şöbə müdiri, Bakı İslam Universitetinin şəriət fakültəsinin dekanı, əslən Gürcüstanın Bolinisi rayonundan olan 1961-ci il təvəllüdlü Firudin Məmmədov dostu Malik Məmmədova məxsus “Nissan X-Trail” markalı avtomobilində damarlarını ülgüclə doğrayıb. Bu barədə vesti.az saytı məlumat yayıb. Sayt yazır ki, F.Məmmədov Neftçilər Xəstəxanasına aparılıb və həkimlərin səylərinə baxmayaraq, orada dünyasını dəyişib.
Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsindən saytın əməkdaşına faktı təsdiq edərək bildiriblər ki, hadisə Xocalı prosrektində olub. F.Məmmədov gecə 23:45 radələrinədək tələbələri ilə şəhərdə olub. Tələbələrini Xocalı prospektində maşından düşürəndən sonra onun qol damarlarını kəsdiyi güman olunur.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova qəzetimizə açıqlamasında F.Məmmədovun QMİ-nin şöbə müdiri olduğunu təsdiqlədi. O bildirdi ki, F.Məmmədov intihar etməyib: “3 əməkdaşımızdan xəbər aldım, dedilər ki, Firudin Məmmədov ürək tutmasından dünyasını dəyişib”.
Mətbuat xidmətinin rəhbəri F.Məmmədovun ailəli olduğunu, əvvəllər onun səhhətində problemlərin olduğu barədə nəsə eşitmədiklərini söylədi.
Baş Prokurorluğun mətbuat xidmətindən isə əməkdaşımıza bildirdilər ki, F.Məmmədovun intihar faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. Bu isə F.Məmmədovun ürək tutmasından dünyasını dəyişməsi barədə məlumatların əsassız olmasını təsdiq edir. İslamda intiharın böyük günah olmasını nəzərə aldıqda F.Məmmədovun özünə qəsdinin arxasında ciddi olayların dayanmasını düşünməyə əsas verir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır