Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov türkiyəli dövlət nümayəndələri ilə görüşündə bildirib ki, Azərbaycanda dini etiqad azadlığı pozulmayıb və dindarlara heç bir təzyiq edilmir.
Hidayət Orucov hicabın qadağan olunması məsələsini də təkzib edib: "Azərbaycanda hicabın qadağan olunduğu iddia edilir. Birmənalı şəkildə bildirirəm ki, ölkəmizdə hicab qadağan olunmayıb. Bütün dünyəvi dövlətlərdə, o cümlədən Türkiyədə olduğu kimi Azərbaycanın orta ümumtəhsil məktəblərində də qanunvericiliyə uyğun olaraq vahid məktəbli forması tətbiq edilir. Bunu isə etiqad azadlığının pozulması kimi qələmə vermək absurddur".
Məsələyə münasibət bildirən İslam Araşdırmaları Mərkəzinin rəhbəri, ilahiyyatçı alim İlham Əliyev “Faktxeber.com”a açıqlamasında deyib: "Azərbaycanda dindarlara təzyiq olunur. Bu gün bizim onlarla dindar qardaşımız haqsız olaraq atılan böhtanlarla ittiham olunur. Onlardan bəziləri üçün ağır hökm də oxunub. Məsələn, Hacı Mövsüm Səmədov, Fəramiz Abbasov və digər qardaşlarımız hazırda haqsız yerə zindadırlar. Bəzi dindarlar barədə isə cinayət işi açılıb və istintaqları hələ də davam edir. Əgər həqiqətən də dindarlara təzyiq yoxdursa, onda bu kimi hallar necə qiymətləndirilməlidir? Dövlət buna nə ad qoyur?"
Hacı İlham Azərbaycanda hicab qadağasının müxtəlif bəhanələrlə, o cümlədən vahid məktəbli forması adı ilə həyata keçirildiyini də bildirib: "Əgər Azərbaycanda hicab qadağası yoxdursa, onda niyə bizim qız övladlarımız təhsildən uzaq düşüblər? Məktəblərə uşaqları hicabla buraxmırlar. Bu sadaladıqlarım hamısı Hidayət Orucovun dediklərinin yanlış olduğunu sübut edir. Fakt budur ki, Azərbaycanda müxtəlif adlarla, o cümlədən vahid məktəbli forması adı altında hicab qadağan olunur".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır