31 oktyabr 2011 - 20:30

Böyük övliyalardan biri həcc zamanı İblisi Ərafatda gördü.

Böyük övliyalardan biri həcc zamanı İblisi Ərafatda gördü - zəifləmiş, bənizi solmuşdu, gözü yaşlı və pərişan bir halda idi. Övliya İblisi tanıyıb dedi:

-Nə üçün gözün yaşlıdır? Kim ağlatdı səni?

-Ticarət fikri olmadan, sırf Allah rizası üçün həccə gələnlərin arzularının Allah tərəfindən qəbul edilməsindən qorxuram.

-Yaxşı, səni zəiflədən nədir?

-Hacıları gətirən atların inləmədən, kişnəyərək gəlmələrindən kədərləndim. Mənim yolumla gedənləri belə aparsaydılar, sevincimin həddi-hüdudu olmazdı.

 -Çox yaxşı, bəs bənizini solduran nədir?

-Müsəlmanların ibadətlərinə davam etmələri və bir-birlərinə əl tutmaları. Əgər Allaha qarşı üsyanda köməkləşsəydilər, sevincim çoxalardı.

-Səni çökdürüb, belini bükən nədir?

-Bəndələrin “ya Rəbbi, Səndən son nəfəsdə kamil imanla ölməmi istəyirəm” deyə yalvarmasıdır. Halbuki mən onların dünyadan imansız getmələri üçün çalışmaqdayam. Allaha belə yalvaranların mənim nə üçün çalışdığımı anlamalarından qorxuram. /mumsema/