14 oktyabr 2011 - 20:30

Hacı Rizvan: “Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi Məscidlərin, xüsusən də tarixi Məscidlərin qeydiyyatı prosesin davam etdirir. Bu mövzu ilə bağlı bizim buradakı ruhanilər şurasının çox ciddi narazılığı vardır. Biz istəyirik ki, bu proses müsəlmanların, ruhanilərin, din xadimlərinin iştirakı ilə aparılsın”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi azərbaycanlıların kompakt yaşadığı bölgələrdə dini-mədəni abidələrə baxış keçirməyə başlayıb. Gürcüstanda fəaliyyət göstərən Milli Azlıqların Monitorinq Qrupunun (MAMQ) üzvü Zemfira Əzizbəyova APA-ya açıqlamasında bildirib ki, dini-mədəni abidələrə baxışın birinci mərhələsi oktyabrın 12-dən başlayıb.

Aparılan monitorinqlə bağlı Gürcüstan ruhanilərindən “Gürcüstanın “Əhli-beyt (ə)” mədəni-maarif cəmiyyəti”nin sədri, “Əhli-beyt (ə)” jurnalının baş redaktoru Hacı Rizvan İsmayılov Deyerler.org-a münasibətini açıqlamışdır: “Çox təəssüf ki, Gürcüstandakı məscidlərimizin heç bir statusu yoxdur. Bu məscidlərdən bəziləri “Qocalar evi”, “İbadət evi” və sair adlarla qeydiyyatdan keçib, bir çoxlarının isə heç qeydiyyatı yoxdur. Burada azərbaycanlılar yaşayan bölgələrdə təqribən 40-a qədər tarixi məscid var. Bu məscidlərin heç birinin sənədi yox idi. Son zamanlarda Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi məscidlərin, xüsusən də tarixi məscidlərin qeydiyyatı prosesi davam etdirirdi. Açığı biz bu gedişatdan narazıyıq. Bu mövzu ilə bağlı bizim buradakı ruhanilər şurasının çox ciddi narazılığı vardır. Biz istəyirik ki, bu proses müsəlmanların, ruhanilərin, din xadimlərinin iştirakı ilə aparılsın”.

Məsələ ilə bağlı bir neçə dəfə rəsmi dövlət məsulları ilə də danışıqlar apardıqlarını deyən Hacı Rizvan bu narahatlıq və narazılığı rəsmilərin də diqqətinə çatıdırıldığını deyir. Digər tərəfdən Gürcüstandakı tarixi məscidlərlə yanaşı yeni məscidlərin qeydiyyatı məsələsinə də toxunan ilahiyyatçı bu haqda demişdir: “Yeni məscidlərin də sənədləşdirilməsi zamanı onları da GMİ-ə tərəf yönəldirlər. Oradan lisenziya alandan sonra qeydiyyat prosesi davam etdirilə bilər. Doğrusu, bu mövzuda həm dövlət qurumları, həm də bu qurumla çox ciddi problemlərimiz var. Hazırda danışıqlar davam edir. Bu yaxınlarda da məsələ ilə bağlı 10 minə qədər etiraz imzaları topladıq və bu günlərdə Gürcüstan prezidenti Mixail Saakaşviliyə təqdim olunacaq. Təbii ki, biz də istəyirik ki, məscidlərimizin sənədi olsun və onlar dövlət tərəfindən himayə olunsun. Amma bütün bu proseslərin bizdən xəbərsiz aparıldığına görə bu ciddi narazılıq doğurur. Buradakı müsəlmanlarla,  ruhanilərlə razılaşdırmadan bu proseslərin aparılması çox yalnışdır”.

Monitorinq aparanlarla bölgədəki ruhanilərin münasibətlərindən söz açarkən isə H.Rizvan qeyd eləmişdir ki, bu insanların hər biri dəyərli insanlar, qeyrətli və məsuliyyətli, eyni zamanda yaxından tanıdığı insanlardır. “Monitorinq qrupunun rəhbəri Elbrus Məmmədov qeyrətli bir azərbaycanlıdır. Çox yaxşı hüquq müdafiəçisidir, bu məsələlərə çox qayğılı və həssasıdır. O, bir neçə müddət bundan qabaq bu narahatlığın həlli üçün bu haqda beynəlxalq təşkilatlara da yazmışdı. Onları məlumatlandırmışdı ki, Gürcüstanda dini-tarixi abidələr baxımsız şəkildə qalmışdır, onların dövlət qayğısına ehtiyac var. Bütün bunlar onların qeyrət və məsuliyyətlərindən irəli gələn tədbirlər idi. Əlbəttə, biz də eynilə tarixi məscidlərimizin qorunmasını və bu sahədə dövlət tərəfindən digər tədbirlərin də görülməsini istəyirik. Amma çox təəssüflər olsun ki, bütün bu işlər buradakı ruhanilərlə razılaşdırılmadan həyata keçirilir. Bizim narahatlığımız bundan ibarətdir. Yəni bu məscidlərin qeydiyyata alınıb yenu quruma verilməsi gələcəkdə bizə ciddi problemlər yaradacaq. Söhbət həmin məscidlərin bu idarənin balansına  verilməsindən gedir. Buna biz də, camaat da tam narazıdır”, - deyə Gürcüstanda yaşayan ilahiyyatçı bildirmişdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır