27 sentyabr 2011 - 20:30

Beynəlxalq Vəkillik Missiyası Azərbaycan hakimiyyətini təqiblərə son qoymağa çağırdı. Vəkilin özü isə təhlükəsizliyinə təminat üçün İlham Əliyevə müraciət etdi

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Vəkillərin hüquqlarına əməl olunmasına nəzarət edən Beynəlxalq Vəkillik Missiyası Azərbaycan hakimiyyətini vəkil Elçin Namazovun hüquqlarının pozulmasına son qoymağa çağırıb (“Turan”).

E.Namazov 2005-ci ildən Azərbaycan hakimiyyətinə bir sıra siyasi opponentlərin, əsasən fəal Ruhani Höccətul İslam Hacı Fəxri İlyasov və Azər Cəbiyevin, jurnalist və fəal Ramin Bayramovun hüquqlarını müdafiə edib. Ötən il E.Namazov bir neçə dəfə Azərbaycan hakimiyyətinin, həmçinin Vəkillər Kollegiyasının hədələrinə məruz qalıb.

2011-ci ilin fevralında Gəncədə yerli polis rəisi bloger Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə etdiyinə görə onu həbs edəcəyi ilə hədələyib.  Mart, aprel və iyunda Vəkillər Kollegiyası onu çağıraraq xəbərdarlıq edib ki, əgər müxalifətçilərin hüquqlarını müdafiə etməkdə davam edərsə, vəkil adından məhrum olunacaq. Avqustda bu hədələr MTN nümayəndələri tərəfindən də səslənib.

Avqustun  27-də Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Namazovu müxalifətçi Rüfət Hacıbəylinin hüquqlarının müdafiəsindən kənarlaşdırıb. Buna əsas kimi o, Namazovu məhkəməyə hörmətsizlikdə ittiham edib və Vəkillər Kollegiyasını onun barəsində tədbirlər görməyə çağırıb.

Sentyabrın 14-də Vəkillər Kollegiyası “Namazovun peşə etiikasını pozduğunu” təsdiqləyib, sentyabrın 16-da isə Hüquqşünaslar Assosiasiyası onu vəkil statusundan məhrum edib.

“Bu tədbirlər Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan vəkillərə qarşı repressiyaların artması kontekstində baş verir. Ötən il bir neçə vəkil hakimiyyətin təqib və sanksiyalarına məruz qalıb. Belə ki, vəkil Vidadi İsgəndərov həbs olunub, İsaxan Aşurov korrupsiya və insan hüquqlarının pozulmasına dair işlər üzrə proseslərdə iştirakına görə bir neçə dəfə hədələnib.

Bununla əlaqədar Beynəlxalq Vəkillik Missiyası Azərbaycan hakimiyyətini vəkillərin öz səlahiyyətlərini maneəsiz yerinə yetirməsinə zəmanət verən beynəlxalq konvensiyaların əsas prinsiplərinə əməl etməyə çağırır.

Azərbaycan hakimiyyəti cənab Namazova qarşı bütün cinayət və inzibati prosedurları dərhal dayandırmalı,  digər hüquqşünasların təqib olunmasına son qoymalıdır.

Hakimiyyət vəkillərin və onların birliklərinin müstəqilliyinə zəmanət verməlidir.

Vəkillər Kollegiyası vəkillərə qarşı inzibati tədbirlərin özbaşına həyata keçirilməsinə son qoymalıdır və öz birbaşa missiyasını yerinə yetirməlidir – hüquq peşəsinin müstəqilliyini təmin etməlidir”, - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, Beynəlxalq Vəkillik Missiyası Fransada yerləşən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilat Fransa, İspaniya və digər ölkələrin hüquq strukturları tərəfindən yaradılıb.-02D-

***

Bu arada Elçin Sadıqov da dövlət başçısı İlham Əliyevə, Prezident Admistrasiyasının rəhbəri Ramiz Mehdiyevə,  hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib.

Vəkil müraciətində yazır ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür,  fərdi qaydada fəaliyyət göstərir, heç bir siyasi partiyanın üzvü deyiləm və siyasi fəaliyyətlə məşğul olmur. Azərbaycanda və dünyada ölkə mediasını, jurnalistləri müdafiə edən müstəqil, prinsipial vəkil kimi tanınır. Mülki, inzibati və cinayət mühakimə icraatlarında mətbuat qurumlarını və jurnalistləri müdafiə edir. Məqsədi ölkədə söz və mətbuat azadlığının inkişaf etdirilməsidir.

“Demokratik dövlət geniş söz azadlığı olmadan yaşaya və inkişaf edə bilməz. Hər kəsin ifadə azadlığı olmayan yerdə xalqın iradəsi hökmran ola, cəmiyyət və dövlət səmərəli idarə, insan haqları təmin oluna, ədalətli, hüququn alililiyinə söykənən cəmiyyət var ola bilməz.

Lakin mətbuatı və jurnalistlərin hüquqlarını müdafiə etdiyimə görə əsassız təqiblərə məruz qalıram. Belə təqiblərdən biri də tanımadığım Bayram Əliyev adlı şəxsin mənim  barəmdə sizə, milli təhlükəsizlik naziri Eldar Mahmudova və Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə  şikayət etməsidir”, - deyə qeyd edən Sadıqov daha sonra öz haqda şikayətin mətnini yazır və davam edir: “Bu, mənə qarşı həyata keçirilən çirkin və böhtan xarakterli təxribatdır. Barəmdə belə ərizələr tərtib edilərək təqib olunmağım yolverilməzdir. Bu təxribatı təşkil edənlərin düşüncəsi 37-ci ildən bu tərəfə adlamayıb. Elə bilirlər ki, məni bu saxta üsulla yolumdan döndərəcəklər”.

Vəkil müraciətində ona qarşı həyata keçirilən bu təxribatın qarşısının alınmasına, təxribatçıların cəzalandırılmasına, Vəkillər Kollegiyası tərəfindən əsassız təqib olunmasının qadağan edilməsinə və təhlükəsizliyinin təmin olunmasına göstəriş verilməsini xahiş edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır