Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Bu gün Nəsimi rayon məhkəməsində Rüfət Hacıbəylinin məhkəməsi keçirilib. Rüfət Hacıbəylinin vəkili Elçin Namazov Nəsimi rayon məhkəməsində icraçı hakim Şahin Abdullayev tərəfindən bu məhkəmədən kənarlaşdırılıb. Bu barədə vəkil Elçin Namazovun özü məlumat verib. Səbəb kimi isə Elçin Namazovun vəkillik etikasını pozması göstərilməsinə baxmayaraq Elçin Namazov bunun tam başqa səbəbdən baş verdiyini söyləyib:
“Məhkəməyə vəsatət və etiraz vermişəm. Əvvəlcə vəsatəti qəbul etmədi. Vəsatətimi qəbul etmədiyinə görə, məhkəməyə etiraz verdim ki, siz düz eləmirsiz. Hakim yenidən etirazımı götürüb heç bir müzakirə etmədən rədd elədi. Bu cür rədd eləmə qanunvericiliyə də ziddir. Qanunda vardır ki, etiraz müşavirədə və proses iştirakçıları ilə müzakirə olunduqdan sonra rədd oluna bilər. Lakin hakim Şahin Abdullayev verdiyimiz etirazı heç bir müzakirə etmədən əlinə alan kimi baxılmamış saxladı. Sonra bununla bağlı bir az mübahisə yarandı. Mən öz etirazımı bildirdim. Hakimlər müşavirəyə yollanıb qayıtdıqdan sonra bildirdilər ki, Elçin Namazov Rüfət Hacıbəylinin işindən uzaqlaşdırılsın və barəsində cinayət işinin başlanılması üçün prokurorluğa və vəkillər kollegiyasından çıxardılması üçün kollegiyaya məlumat verilsin. Qərarı istədim, hakim bildirdi ki, qərarı gedərsən prokurorluqda verəcəklər. Bu əvvəlcədən planlaşdırılmış bir şey idi. Məndə məlumat var idi ki, bu şəkildə vəziyyət yaradıb həmin qərarı verəcəklər. Mən bunu indi yox, düz 3 gün bundan əvvəl bilirdim.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır