Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
11.08.2011 tarixində həbs edilmiş ruhani Abgül Süleymanov və Azərbaycan İslam partiyasının (AİP) təşkilatı işləri üzrə sədr müavini Arif Qəniyevin sabah təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılma ehtimalları var. Bu barədə A.Süleymanovun və A.Qəniyevin vəkili Anar Qasımov məlumat verib.
Anar Qasımov deyib: “A.Süleymanov tutulan zaman hüquqları kobud şəkildə pozulub. 10 nəfərə yaxın mülki geyimli şəxs onun qayınatasının İsmayıllı rayonu Lahıc qəsəbəsindəki evinə özlərini təqdim etmədən daxil olub, Abgülü yerə yıxıb və qollarını qandallayıblar. Sonra onun üzərindən narkotik vasitə olan həşiş "götürülüb". A.Süleymanov özü də deyir ki, hiss etdim cibimə kiminsə əli girdi”.
A.Qasımovun sözlərinə görə, Abgül Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.
“O ki qaldı Qəniyevə, onu da Abgül Süleymanov kimi yerə yıxıb qollarını qandalladıqdan sonra corabından narkotik maddə olan həşiş "çıxarıblar". Avtomobilində isə bir ədəd “Makarov” tipli tapança, beş ədəd 9 mm patron və bir ədəd patron darağı "aşkar edilib". Silah Qəniyevin maşınından MTN əməkadaşları maşını apardıqdan sonra çıxıb”, - deyə, vəkil bildirdi.
Vəkilin sözlərinə görə, Arif Qəniyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi - 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) - ilə şübhəli ittiham irəli sürülüb.
Hüquq müdafiəçisi onu da qeyd etdi ki, bu maddələrlə istintaq aparmaq polisin səlahiyyətindədir: "Bu maddələrlə MTN-nin istintaq aparması qanunvericiliyin tələblərinə ziddir".
Jurnalist Ramin Bayramovun vəkili Elçin Namazov isə bildirdi ki, R.Bayramovun istintaqa cəlb edilib-edilməməsi məsələsi sabah bəlli olacaq
Jurnalist Ramin Bayramov şübhəli şəxs qismində saxlanılıb. Hələlik heç bir istintaq işləri aparılmır. Bayramovun istintaqa cəlb edilib-edilməməsi məsələsi sabah bəlli olacaq. Bu barədə Ramin Bayramovun vəkili Elçin Namazov dedi.
E.Namazov qeyd etdi ki, Ramin Bayramovun vəkil iştirakı olmadan MTN əməkdaşları tərəfindən dindirilərək ifadəsi alınıb: “Mən günorta saatlarından Ramin Bayramovla görüşmək üçün MTN - ə getdim. Məni orada 2 saat ləngitdikdən sonra Raminlə görüşə buraxdılar. Məlum oldu ki, mənim gözlədiyim vaxt ərzində Ramin Bayramovdan vəkil iştirakı olmadan ifadə alıblar. Deyiblər ki, vəkilini tapa bilmirik, ona görədə vəkilin olmadan ifadə yaz”
Vəkil həmçinin bildirdi ki, irəli sürülmüş maddələr üzrə işlər qanunvericiliklə MTN deyil, polis tərəfindən aparılmalıdır. Bunula bağlı sabah vəkil vəsatət qaldıracaq. O qeyd etdi ki, MTN – nin vəzifələri dövlət əleyhinə olan təhlükənin qarşısını almaqdır: “Bu polis bölməsi səviyyəsində olan bir işdir”.
E. Namazov onuda qeyd etdi ki, Bayramov həqiqət nədirsə onu yazıb. Lakin buna baxmayaraq onun vəkilsiz dindirilməsi qanuna ziddir.
Vəkil bildirdi ki, R.Bayramova qarşı psixiki təzyiqlər olub: “Ona davamlı suallar verərək, silah-sursatı haradan aldığını soruşublar. Mən dəfələrlə etiraz etdim ki, bu adam deyir silah sursat ona aid deyil. Evinə polis serjantı və ya başqa bir şəxs tərəfindən qoyulub. Hər halda açar 4 saat sizdə olub, MTN əməkdaşlarında”.
Hüquq müdafiyəçisi, R.Bayramov saxlanılan zaman ona qarşı fiziki təsir göstərilərək narkotik vasitəni cibinə qoyulduğunu qeyd edərək bildirdi ki, iş üzrə protokollar da qanunsuz formada tərtib olunub: “Protokollar ilə bağlı sabah aidiəti ilə şikayət ərizələri verəcəyik”, - deyə E.Namazov bildirdi.
Qeyd edək ki, İslamazəri internet qəzetinin baş redaktoru Ramin Bayramov Azərbaycan Respublikasının Cinayət Məcəlləsi iki maddəsi - 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şübhəli şəxs qismində saxlanılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır