Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ prezidenti Barak Obamanın verdiyi yeni fərman despotik rejimlərə vurulacaq növbəti zərbə kimi qiymətləndirilir. Xatırladaq ki, fərman insan haqlarını pozan dövlət xadimlərinin ABŞ-a girişini yasaqlamağı nəzərdə tutur. Fərmana əsasən öz ölkələrində insan haqlarını pozan, insanları mənsub olduqları sosial qruplara, dinə, irqə, təşkilata görə təqib edən, hərbi cinayətlərdə əli olan və mülki əhaliyə qarşı kütləvi zorakılıqlara görə məsuliyyət daşıyan rəsmilərin bundan sonra ABŞ-a girişi qadağan edilir. Təcrübə göstərib ki, adətən, ABŞ-ın bu kimi addımlarını sonradan Avropa Ittifaqı da dəstəkləyir. Bu qərarın da istisna olmayacağını indidən demək olar. Belə olan halda insan haqlarının kobud şəkildə pozulduğu Azərbaycana da fərmanın şamil ediləcəyini gözləmək olarmı?
Siyasi ekspert Rahim Hacıyevin fikrincə, Obamanın hakimiyyətdə olduğu illər ABŞ-ın dünya miqyasında demokratik dəyərlərə dəstək göstərməsi ilə əlamətdar olub. Obamanın növbəti fərmanı isə Vaşinqtonun demokratik qüvvələrin dəstəklənməsi istiqamətində daha ciddi addımlar atmaq fikrində olduğunu göstərir.
Ekspert hesab edir ki, dünyada insan haqlarını kobudcasına pozanların ABŞ-a buraxılmaması onlara qarşı ciddi sanksiya kimi qiymətləndirilməlidir. Görünür, ABŞ bu istiqamətdə daha təsirli tədbirlər görmək niyyətindədir. Çünki bir çox ölkələrdə demokratik dəyərləri tapdalayan dövlət başçıları və digər vəzifəli şəxslərlə bağlı ciddi problemlər var. Onlara qarşı bu tipli addımların atılması dünyada demokratik dəyərlərin bərqərar olması istiqamətində görülən çox mühüm bir işdir.
R.Hacıyevin sözlərinə görə, ABŞ-da ən yüksək səviyyələrdə Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının kobudcasına pozulması, mövcud antidemokratik rejimin demokratiyaya qarşı hücumu çox ciddi narahatlıq doğurur. Bu baxımdan Obamanın verdiyi sərəncam müəyyən müddətdən sonra bilavasitə Azərbaycana aid ediləcək. Tam əsasla demək olar ki, müəyyən müddətdən sonra Azərbaycanın yüksək vəzifəli şəxsləri bu qara siyahıda yer alacaqlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır