17 iyul 2011 - 19:30

Azərbaycanda hicab qadağası qarşısında, "hicab üçün müqavimət" ilə "zalımlardan azadlıq dilənmək" arasındakı böyük fərq...

Azərbaycanda Təhsil Nazirliyinin məktəblərdə hicabı qadağan etməsi ilə başlayan "Hicaba azadlıq müqaviməti" Azərbaycan tarixinin ən müqəddəs və şərəfli bir mübarizəsi olaraq tarixə keçdi.

"Ölərik, amma Hicabı tərk etmərik!" şüarlarıyla meydanları və küçələri dolduran minlərlə qeyrətli müsəlman, hüseynçi bir fəryadla "zillət bizdən uzaqdır!" deyə hayqırarkən bunu sadəcə bir söz və yazılı reaksiyalarla ortaya qoymadı. Onlar, İslamın müqəddəsatını müdafiə edərkən hər şeylərindən keçməyə hazır olaraq, bir an belə tərəddüd etmədən zindanları, əziyyət və işgəncələri də nəzərə almışlar. Ölümün üzərinə qorxusuzca gedənlərdir o müqavimətçilər. Haqqı və ədaləti yaşatmaq üçün irəli atılan qəhrəman qabaqcıllar, şahidlər oldular o müqavimətçilər.

Müqavimətçilərin İslamın müqəddəsatının qorunması naminə sinələrini sipər edərək zindanlara düşməsi və bütün dünyanın "hicab məhbusları"nın əyilməz qüruruna şahid olması, Azərbaycandakı İslami oyanışı göstərməklə yanaşı, eyni zamanda İslamın müqəddəsatını müdafiə etmənin ən gözəl yolunu azad vicdanlara və pak fitrətlərə göstərmiş, öyrətmişdir.

Azərbaycanlı igid müsəlmanlar hicabın müdafiəsi uğrunda ayağa qalxarkən zindan qorxusuyla geri çəkilməmiş, "məni də tutarlar" narahatlığı ilə müqaviməti tərk etməmiş, bəziləri "müqavimət artıq dağıldı" deyə düşünərkən yenidən meydanlara çıxaraq bu dəfə yeni igidlərini zindanlara yola salmışdır. Bu gün Azərbaycan müsəlmanlarını bu müqəddəs müqavimət və hicab məhbusları istiqamətləndirmişdir. Azərbaycanlı müsəlmanlar, inancının və məktəbinin izzətini bu müqavimətlə və zindanlardakı igidlər ilə qorumaqdadır.

Şübhəsiz ki, müqavimətin məqsədi ölkədəki hicab qadağasının ləğvidir; buna görə də, hicab qadağası ləğv edilənə qədər mübarizə davam edəcək. Onu da qeyd etmək lazımdır ki, həqiqi qalibiyyət hicab qadağası qarşısında zilləti qəbul etməmək qürur və cəsarətinin göstərilməsi ilə başlamışdır. Zülmə qarşı müqavimət göstərmənin özü özlüyündə zəfərdir. Zülmün sütunlarını dağıdan da bu müqavimət iradəsinin gücüdür.

Həzrət Seyyidüşşühədanın "İnsanlar dünya quludur, din isə dillərindədir. Dinin sayəsində dolanışıqları yaxşı olduğu müddətdə onu müdafiə edərlər, çətinliklərlə sınanıldıqlarında isə dindarlar azalar" sözlərindəki hikmət dolu mənaları, Azərbaycandakı "Hicab qadağası" mövzusunda gördük.

Azərbaycanın igidləri İslamın müqəddəsatı və şüarlarını müdafiə etmək üçün hər cür cəfa və əziyyəti sevə-sevə nəzərə alıb müqavimət səhnəsinə çıxdılar.

Bu din və məktəb vasitəsilə özlərinə mənfəət, mövqe, məqam və şöhrət əldə etməyə çalışanlar isə ya susdular, ya qorxub qaçdılar ya da hiyləgər bəhanələrin arxasına gizlənib hicab müqavimətinin təsirini azaltmaq üçün hər yola baş vurdular. Zahirən onlar İslamın müqəddəsatını müdafiə edirdilər, amma zillət və qorxaqlıq hər hallarından hiss edilirdi. İmam Hüseyn Kərbəlaya gedərkən, onun müqavimətinə qatılmaq cəsarət və qürurunu göstərə bilməyənlərin sözdə özlərini zahidlik, elm və dindarlıq libasına büründürmələri kimi, onlar da, müqavimətin guruldayan sədasının qarşısında qapı arxalarında elm, mədəniyyət, barış, dialoq, sülh, uzlaşma şüarlarıyla utanc dəhlizlərində zəlilcəsinə gəzib dayandılar.

Onların əsl hədəfləri, Azərbaycan xalqında formalaşan "müqavimət məktəbi"nin böyüməsinin qarşısını almaq, yalnız muxlis, cəsur və çalışqan insanların gedə biləcəyi müqavimət xəttinin göstərdiyi yolun bağlanmasını təmin etmək idi. Onlar bunu bəzən ofislərdə, bəzən minbərlərdə, bəzən də digər məkanlarda etdilər.

Hakimiyyət Dr. Mövsüm Səmədova "Üzr istə, sözündən dön, səni sərbəst buraxaq" təklifini verdikdə, "Ölərəm, amma sözümdən dönmərəm. Sizin təkliflərinizi qəbul edərək həbsxanadan çıxacağamsa, bir ömür zindanda qalmağı və öldürülməyi seçərəm!" cavabı ilə qarşılaşmış, bu igid lider hicab müqavimətinin parıldayan çöhrəsinə bir ləkə sürtülməsinə fürsət verməmişdi.

Yenə eyni şəkildə, "hicab müqaviməti"nə liderlik edib həbs edilən igid alimlərdən Hacı Tale Bağırov, zindandan yazdığı məktubunda, "Tez ya da gec müsəlman xalq bu xəyanətin qarşısını alacaq. Biz zülm və haqsızlığa əsla göz yuma bilmərik. Çünki bizlər İmam Hüseyn tərbiyəsilə böyüdük. Bizim heç bir gücdən qorxumuz yoxdur. Bizim arxamızda uca Allah var. Bizlər hicabın azadlığı uğruna, öz azadlığımızı fəda etməyə hazırıq. Zillətlə yaşamaqdansa izzətlə ölmək şərəflidir!" ifadələri ilə gerçək mənada Peyğəmbər varisi çalışqan bir alimin necə olacağının ən gözəl nümunəsini sərgiləmişdi.

Digər tərəfdə isə, zalım və zorbalardan mədət umanlar, sözdə hicab qadağanının ləğvi üçün bəzi cəhdlər etdilər və etməkdədirlər. Bu Azərbaycan xalqının İslami müqavimət xəttini qırmağı məqsəd qoyan cəhdlərdən başqa bir məna ifadə etməməkdədir.

İzzət, cəsarət, fədakarlıq xüsusiyyətlərinin ehtiva etdiyi mənaları daşıya bilməyənlərin getdiyi bu yol, müsəlmanlara zahirən bir azadlıq qapısını açacaq olsa da, nəticədə bu hal, zalıma əl uzatmaq, zəlilcə onun qarşısında əyilmək, xəyanət və zorbalığı qanuniləşdirməkdən başqa bir məna daşımayacaq.

Şübhəsiz ki, dünyanın hər bir yerində olduğu kimi, Azərbaycandakı qardaşlarımız da zülm və tüğyanın xof divarlarını yıxıb izzətli bir şəkildə azadlıqlarını əldə edib İslamın müqəddəsatı və şüarlarını yüksəldəcəklər.

Nəticədə, hicab üçün "müqavimət göstərmək" ilə "dilənmək" arasında böyük bir fərq vardır; biri "qürur və cəsarət"in, digəri isə "zillət və qorxaqlıq"ın təzahüdür. Biri "din üçün" yaşamanın, digəri isə "din sayəsində" dolanmanın ifadəsidir. Biri "Allaha təvəkkül və təslimiyyət"in, digəri isə "zalımın qarşısında əyilmə və beyət"in ifadəsidir.

"Hicab" yalnız "Müsəlman qadının örtüsü"nün adı və şəkli deyil. Hicab eyni zamanda "İslami əxlaq və tərbiyə"nin bir təcəllisidir; bu da həm qadın, həm də kişi üçün etibarlıdır.

Görəsən, Məhərrəm ayında müsəlmanların müqəddəsatına zülm hücumları edildikdə, künc- bucağa qaçanlarda hicab var idimi? Müsəlmanların alimləri, liderləri uydurma səbəb və ittihamlarla həbs olunub zindanlara salındıqda, onların ardında dayana bilməyən və bu əzizlərin bayrağını qaldırma iradə və cəsarətini göstərə bilməyənlərdə hicab var idimi? Görəsən, müqavimət bayrağını qaldıran igidləri günahlandırma və onların mübarizəsini qaralama mövzusunda yazıb danışanlarda hicab var idimi? Elə isə özləri hicabsız olanların "hicabı müdafiə etmək" görüntüsü yaratmaları, müsəlmanları zalım və tağutların qapısında "dilənçi" vəziyyətinə salmaları bir hicabsızlıq deyilmi?

Hicab üçün ayağa qalxan qardaşlarımız "Hicaba azadlığın əvəzi zindan ya da şəhidlik olacaqsa, hər ikisi də bizim arzumuzdur!" dedilər və bunu isbat etdilər və "Ya Rəbbi, bu qurbanımızı qəbul buyur" dedilər.

Yaxşı, bəs oturanların, manevr edənlərin və "qorxaqlıq libası"na bürünüb orda-burda gəzənlərin sözü və qurbanı nə idi? Onlar bu uğurda nələrini qurban etdilər?; nələrdən məhrum qaldılar, hansı mövqe və məqamlarını, hansı mənfəət və nemətlərini əldən verdilər?

Görəsən əvvəlcə bunun cavabını vermələri lazım deyilmi?

Müqavimət dalğaları zülm və tüğyanın divarlarına çarpılıb o divarların özülünü dağıtmaqdaykən, ölkə xaricinə çıxıb sözdə azadlıq və ədalət tədbirlərinə qatılanlara, prestij qazanmaq üçün hiyləgər manevrlər edənlərə "hicabı müdafiə etmək" yolunun "hicablı olmaq"dan keçdiyini xatırlatmaq istəyirik. Lütfən müraciətləri bir kənara buraxıb bir azca olsa da hicaba bürünsünlər. Müsəlman bir qadının simvolu olan hicab, eyni zamanda müsəlman bir kişinin əxlaqının, dürüstlük, mərdlik və ixlasının da bir simvoludur...

Son nəticə olaraq, Azərbaycandakı müqəddəs hicab müqavimətini və zindanlardakı hicab məhbuslarını türkiyəli qardaşları olaraq bir daha salamlayır, müqavimət xəttini qırmaq üçün zalımlar qarşısında diz çökənləri və insanları da zillətə beyət etməyə çağıranları da azad və pak vicdanlara həvalə edirəm.

 

"İsra" Mədəniyyət Mərkəzinin direktoru

Nurəddin Şirin